Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:47

Əli Həsənovun siyasiləşmiş biznes şəbəkəsi


Əli Həsənov
Əli Həsənov

Azərbaycan prezidenti ailəsinə məxsus gizli şirkətləri aşkarladıqca Xədicə İsmayılovaya qarşı təzqyilər də artırdı. Araşdırmaçı jurnalist isə bütün hücumlara öz işi ilə cavab verir, yeni-yeni korrupsiya halları üzər çıxarırdı. 2014-cü ilin yayında AzadlıqRadiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Təhqiqatları layihəsinin (Organized Crime and Corruption Reporting Project - OCCRP) birgə işi olan bu yazı onun onlarla araşdırmalarından biridir. Hakimiyyət iddia edir ki, Xədicə İsmayılın həbsi ilə bu araşdırmalar arasında heç bir əlaqə yoxdur. Lakin bu araşdırmaların əsas nəticəsi də məhz ondadır ki, hakimiyyət mənsublarının siyasi bəyənatları təmənnasız sayıla bilməz, onların siyasi iddiaları arxasında öz ailə üzvlərinin itqisadi maraqları durur.


ƏLİ HƏSƏNOVUN NƏZARƏT ETDİYİ SAHƏDƏ XANIMI VƏ OĞLU ÇALIŞIR

Sona Vəliyeva çox məşğuldur. "Kaspi" qəzetinin təsisçisi, Milli Teleradio Şurasının üzvü, təhsil, universitetə hazırlıq kursları, liseyləri idarə edir və... şeir yazır.

Sona xanım həm də Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun həyat yoldaşıdır. Əli Həsənov vəzifə etibarilə, Sona Vəliyevanın fəaliyyət göstərdiyi sahələrdə - media və söz azadlığına dair hökumətin siyasətini müəyyənləşdirən şəxslərdən biridir.

Sona Vəliyeva
Sona Vəliyeva



Həsənovlar ailəsinin daha bir məşğul təmsilçisi Şamxal Həsənlidir.

Başqa biznes sahələri ilə yanaşı Şamxal Həsənli Araz Radiosuna nəzarət edir, teleseriallar çəkir.

Onun rəhbərlik etdiyi Kaspi Global Azərbaycan telekanallarında xarici teleseriallara qoyulan qadağadan yararlanan prodakşn şirkətlərindən biridir.

Teleseriallara qadağanı Şamxal Həsənlinin anası Sona Vəliyevanın da üzv olduğu Milli Teleradio Şurası qoyub. Atası Əli Həsənov isə hökumətin bu addımını yerli teleserial istehsalçılarına dəstək məqsədi daşıdığını izah etmişdi.

PREZİDENTİN SERİALLARA AYIRDIĞI PULA ƏLİ HƏSƏNOVUN OĞLU DA SERİAL ÇƏKİR

Elə həmin məqsədlə Azərbaycan prezidenti də milli teleserialların çəkilişinə dövlət büdcəsindən vəsait ayrılması barədə bir neçə sərəncam imzalayıb.

2012-ci il aprelin 30-da Həsənov yerli mediaya açıqlamasında seriallara qadağanı belə izah edib: (Mətn infoqrafikadan sonra davam edir)

“Mən təsəvvürümə gətirmirəm ki, ən azı yaxın 5 ildə bizim çəkdiyimiz teleseriallar xarici ölkələrin efir məkanına çıxsın. Bu efir məkanlarına bir qayda olaraq dünyada artıq müəyyən mərhələni keçmiş və ciddi şəkildə imic qazanmış ekranlarda məşhurlaşan filmlər tutur. Ona görə də bizim milli seçimimiz yalnız milli ekranlarımızda ola bilər. Bəs, dövlət milli serialların çəkilişinə nəyə görə dəstək verir?

Cənab prezidentin xüsusi sərəncamı ilə bu sahəyə vəsait ona görə ayrılıb ki, biz dünyanın heç bir xalqından, millətindən və televiziyasından geri qalmaq istəmirik. Geri qalmamaq üçün də mütləq şəkildə bizim milli ruhda çəkilmiş seriallarımız və filmlərimiz olmalıdır.

Azərbaycan teleməkanı yeganə yerdir ki, orada biz öz milli mentaletitimizi, milli filmlərimizi, mədəniyyətimizi inkişaf etdirə bilərik və əhalimizin milli ruhda bundan sonra da yaşamasını təmin edə bilərik”.
Şamxal Həsənli teleserialın çəkilişində.
Şamxal Həsənli teleserialın çəkilişində.


Kaspi Global üç teleserial çəkib. Bunlardan ən azı biri – "Çaqqal nəfəsi" teleserialı dövlət sifarişi ilə çəkilib.

Seriallar - Həsənlinin ailə əlaqələri hesabına inkişaf edən yeganə media biznesi deyil.

MTRŞ onun başçılıq etdiyi Araz FM-ə 2011-ci ildə tezlik üçün lisenziya verib. Araz FM-in yayıldığı 103.3 FM tezliyində vaxtilə BBC azərbaycanca yayımlanırdı. 2009-cu ildə BBC-nin yerli tezliklərdə yayımı siyasi qərarla qadağan olunub.

İRANLIYA RADİO LİSENZİYASI NECƏ VERİLİB?

BBC-nin yayımına olan qadağanı Əli Həsənov və MTRŞ onunla izah edirdilər ki, yerli qanunvericilik xaricilərin media təsis etməsinə və yayımına icazə vermir. Amma bu aspect Həsənovun ailəsinə aid radio üçün lisenziya veriləndə nəzərə alınmayıb.

Araz FM-in 103.3 tezliyində yayımı üçün lisenziya Golden Prince MMC-yə verilib. Həmin şirkətin sahibləri İran əsilli Sirus Ghouchkhani və Azərbaycan vətəndaşı Azər Vəliyevdir. Vəliyev Əli Həsənovun xanımı Sona Vəliyevanın qohumu və biznes şərikidir.

2010-cu ildə Araz FM yayım üçün lisenziya istəyəndə onun xarici təsisçisi məsələsi heç müzakirə də olunmayıb. Bunu eyni tezlikdə yayım lisenziyası üçün müraciət etmiş Rəsul Cəfərov deyir.

Onun Alternativ Radio layihəsi də, Emin Hüseynovun başçılıq etdiyi Obyektiv radio da həmin müsabiqədə məğlub olublar.

2011-ci il yanvarın 18-də Araz FM müsabiqənin qalibi elan edilib və 6 illik yayım üçün lisenziya alıb. Rəsul Cəfərov MTRŞ-nın qərarında siyasi ayrıseçkilik və tanışbazlığın rol oynadığını deyərək, Şuranı məhkəməyə verib. İş Avropa İnsan Haqları Məhkəməsinə göndərilib.

Araz Teleradio şirkəti də Həsənovun bütün digər şirkətlərinin qeydiyyatdan keçdiyi ünvanda – Fikrət Əmirov küçəsi 1 ünvanında qeydiyyatdan keçib. Park Bulvarda Araz FM studiyasının açılış mərasimi olanda Şamxal Həsənli baş direktor kimi təqdim olunmuş və lenti kəsmişdi.

Bakıda 30-dan artıq adamı yerləşdirə bilən yeganə press-klub da Həsənovlar ailəsinə bağlıdır.

Beynəlxalq Mətbuat Mərkəzi 2003-cü ildə eyni ünvanda – Fikrət Əmirov küçəsi 1-də fəaliyyətə başlayıb. 2010-cu ildə BMM yeni, daha geniş ünvana köçüb. Bu barədə BMM-in direktoru, Həsənovlar ailəsinin şəriki Azər Vəliyev APA agentliyinə müsahibə də verib.

BMM FƏALİYYƏTƏ BAŞLADI, MÜSTƏQİL QURUMLAR LƏĞV OLUNDU

Şamxal Həsənli Araz radionun açılışı zamanı lenti kəsərkən.
Şamxal Həsənli Araz radionun açılışı zamanı lenti kəsərkən.

BMM fəaliyyətə başlayandan iki müstəqil press-klub fəaliyyətini dayandırıb – maliyyə problemləri ucbatından və yer sahibləri icarəni davam etdirmək istəmədiyi üçün.

2004-cü ilin dekabrında qapanan Bakı Press klubunun icraçı direktoru Çingiz Sultansoy xatırlayır ki, bağlanmalarından bir neçə ay əvvəl Əli Həsənov ona zəng edib, çeçen hüquq-müdafiəçilərinin mətbuat konfransını ləğv etməsini tələb edib.

Onun sözlərinə görə, bu, Russiya ilə münasibətləri korlaya bilərmiş. “Mən bu tələbi yerinə yetirməkdən imtina edəndə, Həsənov hədələməyə başladı. Dedi, istəyirsiz ki, sizin press-klubu bağlayaq? Həmin gün mətbuat konfransının ortasında işıqlar kəsildi. Ümumiyyətlə, arzuolunmaz tədbirlər zamanı işıqların kəsilməsinə artıq alışmışdıq”, Sultansoy deyir.

GÜLƏN MEKTEBLERİ BAĞLANIR, KASPİ TƏHSİL MƏRKƏZİ GENİŞLƏNİR

Bir çox müşahidəçilər Gülən camaatına bağlılığı deyilən məktəblərin bağlanmasından sonra da Həsənovlar ailəsinin təhsil biznesinin çiçəklənəcəyini proqnozlaşdırır. Bu proqnozu, SOCAR-ın məktəbləri bağlamaq qərarından sonra Həsənovlara bağlı Kaspi Təhsil Mərkəzinin saytında üzə çıxan "Kaspi liseyi açıldı" elanı da təsdiqləyir.

Sona Vəliyevanın təsisçisi olduğu Mərkəzin universitetə hazırlıq kurslarının da Araz kurslarının bağlanmasından yarar görəcəyi barədə şərhlər verilir. Bakı və Sumqayıtda bir neçə filialı olan Mərkəzin qəbul imtahanlarında nəticələri Araz kursları ilə müqayisədə çox geridə qalırdı.

ABŞ-da yaşayan türk islamçı alimi Fətullah Gülənə bağlı beynəlxalq dini, təhsil və sosial hərəkatının bütün dünya üzrə, o cümlədən ABŞ-da, Azərbaycanda və başqa ölkələrdə məktəbləri var. Bu camaata bağlı məzunların Türkiyə, Azərbaycan və başqa türkdilli ölkələrin hökumətlərində yüksək səviyyədə təmsil olunduğu deyilir.

Camaatın Türkiyə baş naziri Erdoganla münasibətləri pozulandan sonra onlara bağlı məktəb və hazırlıq kursları Türkiyədə bağlanıb.

İndi münaqişə Türkiyə ilə əhəmiyyətli bağlara malik ölkələrə, o cümlədən, Azərbaycana da keçib.

2013-cü il martın 1-də Gulen camaatına bağlı olduğu bildirilən Çağ öyrətim şirkətinin məktəbləri Dövlət Neft Şirkəti ilə birgə yaranan Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin tərkibinə keçdi.

Kompleksin SOCAR, Çağ Öyrətim və Praktikal Solyuşns MMC-nin təsisçiliyi ilə fəaliyyət göstərdiyi elan olunsa da, Gulençilərlə Türkiyə hökumətinin münasibətlərinin daha da korlanması ilə məktəblərin taleyi şübhə altına düşdü.

Türkiyə mətbuatı aprel ayında Erdoganın Bakıya səfəri zamanı Gulen şəbəkəsinə məxsus məktəbləri bağlamağı xahiş etməsini yazmışdı. İyunun 18-də SOCAR məktəblərin bağlanması barədə qərarını elan etdi.

Erdoğan-Gulen münasibətlərinin pozulmasının ardınca Azərbaycan hökumətinin bəzi nümayəndələri də özlərinin bu şəbəkəyə aid olmadığına dair bəyanatlar verməyə başladı.

Həsənov da Erdoganın səfərindən öncə Gulen şəbəkəsinin tənqidinə həsr olunmuş konfransda “bəzi missioner təşkilatların şəbəkə yaratmaq” səylərinə qarşı çıxış etmişdi.
Amma yenə də Əli Həsənovun şəbəkə ilə əlaqəsi barədə söhbətlər səngimir.

FƏRHAD MƏMMƏDOVDA AİLƏ SÖHBƏTİ...


Bu konfransın ardınca keçirilən başqa bir tədbirdə Əli Həsənovun keçmiş həmkarı Fərhad Məmmədov nurçuları harda axtarmaq barədə məsləhətlərini jurnalistlərdən əsirgəmədi.

Fərhad Məmmədov Prezident Administrasiyasının keçmiş sektor müdiri və hazırda prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəridir. Onun sözlərinə görə, Azərbaycan hökumətində nurçuları axtaran jurnalistlər məmurların biznes sahələrinə diqqət yetirməlidirlər:

“Və sonuncu məqam bu nurçu cərəyanı ilə bağlıdır. Azərbaycanda kim onların izinə düşüb axtarmaq istəyirsə ki, kim onlarla əlaqədədir, ilk növbədə onların Türkiyədə hansı sahədə çalışdığına diqqət yetirmək lazımdır.

Bura ilk növbədə təhsil, hazırlıq kurslarını aid etmək olar, daha sonra tibb ocaqlarını və kütləvi informasiya vasitələrini. Onu da qeyd edim ki, nə mənim, nə mənim həyat yoldaşımın, nə övladımın adına hər hansı hazırlıq kursları, təhsil müəssisəsi yoxdur. Nə mənim, nə həyat yoldaşımın, nə övladımın adına radio və prodakşnlar yoxdur. Nə mənim, nə həyat yoldaşımın, nə övladımın adına hər hansı bir klinika, ya tibb müəssisəsi də yoxdur.

Potensial olaraq, bu cərəyanın nümayəndələri əgər Türkiyədə bu sahələrdə fəaliyyət göstərirsə, Azərbaycanda da eyni sahələrdə fəaliyyət göstərməlidir. Və kim onların izinə düşmək istəyirsə, ilk növbədə, hazırlıq kurslarına, radio, qəzet və digər sahələrə xüsusi olaraq, fikir verməlidir”


Fərhad Məmmədovun söz açdığı biznes sahələri Həsənovun ailəsinə məxsus biznes sahələri ilə demək olar ki, eynidir.

BİZNES QURUMLARININ SİYAHISI

Əli Həsənovun ailə üzvlərinin nəzarətində olan biznes qurumlarının siyahısı:

Araz Teleradio MMC – Faktiki rəhbərliyi Şamxal Həsənli həyata keçirir. Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır, 17 fevral, 2011-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Kərimov Etiram Kərim oğlu, təsisçilər: "GOLDEN PRİNCE" MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİ, KƏRİMOV ETİRAM KƏRİM OĞ LU

Golden Prince MMC - Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır; 4 Sentyabr, 2008-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçilər: GHOUCHKHANİ SİROUSE XXX , VƏLİYEV AZƏR KALAM OĞLU

Kaspi Education MMC - Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır; 18 may, 2012-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Vəliyeva Sona Məhəmməd qızı. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı.

Kaspi Global MMC - Fikrət Əmirov küç. 1 ünvanında qeydiyyatdadır; 27 iyul 2011-ci ildə qeydiyyata alınıb. Hüquqi təmsilçi: Həsənli Şamxal Əli oğlu. Təsisçi: Həsənli Şamxal Əli oğlu

Kaspi Tibb Mərkəzi (Xətai estetik klinikası və aptek daxildir) - Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 28.09.2007 Qanuni təmsilçi: Kərimov Etiram Kərim oğlu. Təsisçilərin adı bəlli deyil.

“Mətbuat Evi” MMC - Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 1.09.2010. Qanuni təmsilçi: Həsənli Şamxal Əli oğlu. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı.

Kaspi – EC - Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 12.01.2009. Qanuni təmsilçi: Vəliyeva Sona Məhəmməd qızı. Təsisçi: Vəliyeva Sona Məhəmməd qızı.

Kaspi Co mənzil tikinti kooperativi - Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 17.12.2008. Qanuni təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçilər: Vəliyeva Sona Məhəmməd qızı, Vəliyeva Maisə Polad qızı, Həsənova Səfiyə Qafar qızı, Vəliyev Azər Kalam oğlu, Həsənli Şamxal Əli oğlu.

Kaspi-Az - Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 04.12.2008. Qanuni təmsilçi: Vəliyev Azər Kalam oğlu. Təsisçi: Vəliyev Azər Kalam oğlu.

Beynəlxalq Mətbuat Mərkəzi – 2003-2010-cu illərdə Fikrət Əmirov küç, 1 ünvanında fəaliyyət göstərib. Direktoru Vəliyev Azər Kalam oğludur.

“Kaspi Mətbuat Yayımı” MMC - Fikrət Əmirov küç, 1 ünvanında qeydiyyatdadır. Qeydiyyat tarixi: 01.03.2004. Qanuni təmsilçi: Salmanov Süleyman Əli oğlu. Təsisçi: Bəlli deyil.

"Kaspi" qəzeti – təsisçisi Sona Vəliyevadır.


Bundan əlavə, Həsənovlar ailəsinin Türkiyədə də biznesi var. Əli Həsənovun oğlu
KASPİ GLOBAL TURİZM İNŞAAT TAŞIMACILIK İTHALAT İHRACAT LİMİTED ŞİRKƏTİ şirkətinin 99%-lik sahibidir. Şirkət Türkiyədə göydələnlər də daxil olmaqla yaşayış binaları tikmək üçün lisenziya sahibidir.

Bu araşdırma hazırlanarkən müəlliflər Şamxal Həsənliyə də məktub göndərərək onun bu şirkətlərə dair fikrini öyrənməyə çalışşıblar. Amma Şamxal Həsənli məktuba cavab verməyib.

-

Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov ailəsinə məxsus biznes qurumlarının olması iddialarını təsdiqləyib.

«BBC Azərbaycanca»ya danışan cənab Həsənov deyib ki, şirkətlər ailəsinin alın təri, zəhməti ilə yaradılmış qurumlardır:

«Onların bəzisinin fəaliyyəti var, bəzisinin fəaliyyəti yoxdur. Sadəcə, firma olaraq mövcuddur. Mənim oğlum da, xanımım da o firmaları yaradıb və onların da fəaliyyəti ilə məşğuldurlar».

Bu baxımdan cənab Həsənov «utanmağa, çəkinməyə heç bir əsası» olmadığını vurğulayıb.

XS
SM
MD
LG