Azər Qasımlının xanımının xaricə çıxışına 'stop' götürülüb

Samirə Qasımlı

Noyabrın 29-u günün ikinci yarısı Samirə Qasımlı bildirib ki, onun ölkədən çıxışına qoyulmuş qadağa götürülüb. Onun sözlərinə görə, bir müddət əvvəl Daxili İşlər Nazirliyindən vəkili Aqil Layıca zəng vuraraq anlaşılmazlıq olduğu və məhdudiyyətin götürüldüyü bildirilib: "Mən təkrar hava limanına getdim, pasport nəzarətindən keçdim, "stop" həqiqətən də götürülmüşdü. Lakin qeydiyyat bitdiyinə görə təyyarəyə minə bilmədim".

+++

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının ardınca onun həyat yoldaşı, siyasi psixoloq Samirə Qasımlının da ölkədən çıxışına məhdudiyyət qoyulduğu bildirilir.

S.Qasımlı deyir ki, bu gün, noyabrın 29-da səfərə getməli idi, amma pasport nəzarətində ona ölkədən çıxışına "stop" qoyulduğu deyilib: "Əvvəl pasportuma möhür vuruldu, sonra isə "Bir dəqiqə gözləyin" deyib "stop" olduğumu dedilər".

Onun sözlərinə görə, ölkədən çıxışına qadağanı Daxili İşlər Nazirliyi (DİN) qoyub: "Səbəb isə bizim ailəyə olan qisasçılıqdır, Azər Qasımlıya olan təzyiqdir".

Onun dediklərinə, hələlik, DİN-dən münasibət öyrənmək mümkün olmayıb.

25 noyabr

Azər Qasımlı Bakı şəhər Baş Polis İdarəsində dindirilib

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı bu gün, noyabrın 25-i günün ikinci yarısında Bakı şəhər Baş Polis İdarəsində saatlarla dindirildiyini deyir.

Onun sözlərinə görə, dindirilmə zamanı rəhbərlik etdiyi Siyasi Menecment İnstitutu ilə bağlı suallar verilib.

Vurğulamasına görə, hazırda mövcud olan cinayət işləri ilə bağlı da suallar alıb. O, istintaq sirri olduğunu vurğulayaraq təfərrüatları açıqlaya bilmədiyini söyləyib.

Lakin A.Qasımlının sözlərinə görə, Siyasi Menecment İnstitutu ilə bağlı hər hansı cinayət işi yoxdur.

A.Qasımlının deməsinə görə, ölkədən çıxışına qadağanın qoyulması məsələsi ilə bağlı ona bildirilib ki, ifadələri araşdırılacaq və ona əlavə məlumat veriləcək.

Onun dediklərinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

22 noyabr

Azər Qasımlı ölkədən çıxışına 'stop' qoyulduğunu deyir

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlı Azərbaycandan çıxışına qadağa qoyulduğunu bildirir.

O, AzadlıqRadiosuna deyib ki, bu gün, noyabrın 22-də Çexiyanın paytaxtı Praqaya, oradan da Berlinə səfər edəcəkdi: "Aeroportda məni sərhəd nəzarətindən buraxmadılar, bildirdilər ki, Daxili İşlər Nazirliyi çıxışıma "stop" qoyub".

A.Qasımlı, hələlik, bunun səbəbini bilmədiyini qeyd edib: "İndi Bakı şəhər Baş Polis İdarəsinə gedirəm ki, görüm nə məsələdir? Aydın məsələdir ki, hansısa qondarma cinayət işi fikirləşirlər. Bu arada, onu da deyim ki, o cinayət işləri ki var, heç birində mənin adım keçmirdi. Heç birində şahid da olmamışam ki, buna görə mənə "stop" qoysunlar. Ehtimalım odur ki, cinayət işi açıb həbs etmək istəyirlər".

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Ötən ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 20 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onların heç biri ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında təqribən 300 siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir.