İran nüvə silahına sahib ola biləcəyinə dair xəbərdarlıq edib

Abbas Əraqçı

İranın xarici işlər naziri Abbas Əraqçı deyib ki, BMT-nin Tehrana sanksiyaları yenidən tətbiq olunarsa, ölkəsi nüvə doktrinasını dəyişə və nüvə bombası hazırlaya bilər.

Əraqçı noyabrın 28-də Lissabonda bildirib ki, İranın uzun müddətdir bomba hazırlamaq üçün texniki bilgiləri var. Ancaq bu, "Tehranın güvənlik strategiyasının tərkib hissəsi deyil".

Əraqçının bəyanatı İranın nüvə proqramını və Yaxın Şərqdəki münaqişələr də daxil, bir sıra məsələni E3 ölkələri (Böyük Britaniya, Fransa və Almaniya) ilə müzakirə edəcəyi Cenevrə görüşü ilə bir vaxta təsadüf edir.

Əraqçi noyabrın 29-da keçiriləcək görüşü indiki nüvə dalanından çıxış yolunun gerçəkdən olub-olmadığını öyrənməkdən ötrü "beyin fırtınası" sayıb.

İştirakçılar Cenevrə görüşünü nüvə danışıqları kimi qiymətləndirilməsələr də, İranın nüvə proqramının başlıca mövzu olacağı gözlənilir. İranla dünya dövlətləri arasında 2015-ci il nüvə sazişinin bərpası ilə bağlı müzakirələr 2022-ci ilin sentyabrından dayandırılıb.

Ötən həftə Atom Enerjisi Üzrə Beynəlxalq Agentliyin 35 nəfərdən ibarət İdarə Heyəti İranı qınayan qətnamə qəbul edib. Bu qətnamə keçmiş və indiki dövrdə nüvə bombası hazırlamaq cəhdləri daxil, İranın genişlənən nüvə proqramı durumunun hərtərəfli və yenilənmiş qiymətləndirilməsini nəzərdə tutur.

Elə hesabat İranla bağlı BMT Təhlükəsizlik Şurasına sorğu göndərilməsinə yol aça bilər. Ardınca İrana qarşı 2015-ci il sazişi əsasında ləğv edilmiş BMT sanksiyaları yenidən tətbiq edilə bilər.

Qətnaməyə cavab olaraq, İran uranın zənginləşdirilməsi üçün bir neçə "yeni və mürəkkəb" sentrifuqanı işə salıb.

Əraqçi Tehranın "düzgün" tərəflərlə danışdığına əmin olmadığından, Cenevrə danışıqlarına nikbin yanaşmadığını deyib.

2018-ci ildə Donald Tramp ABŞ-ı sazişdən çıxarandan və İrana qarşı sanksiyalar yenidən tətbiq ediləndən sonra sözügedən razılaşma öz qüvvəsini itirib. Rəsmi Tehran buna nüvə proqramını genişləndirmək, nüvə obyektlərində yoxlamaları məhdudlaşdırmaq və uranı 60 faizə qədər zənginləşdirməklə cavab verib.