Suriyada cihadçı silahlılar Hələb civarlarına yaxınlaşıblar

Hələb vilayətində döyüşlər

Bir neçə gün öncə Suriyanın şimal-qərbində genişmiqyaslı hücuma başlayan Suriya antihökumət qüvvələri noyabrın 29-da Hələbin ətraflarına yaxınlaşıb. Yerli qaynaqlara dayanaraq bu xəbəri çatdıran "Anadolu" agentliyi döyüşçülərin şəhər mərkəzinə doğru irəlilədiyinə diqqət çəkib.

50-dən çox yaşayış məntəqəsini nəzarətə götürən cihadçı qruplaşmalar Hələb və İdlib əyalətlərində təxminən 400 kvadratkilometr ərazini ələ keçirib. Onların səhər saatlarında "Əl-Nəyrab" hərbi hava limanına hücum etdiyi də bildirilir. Bir hərbi helikopteri məhv edən cihadçılar Suriya hökumət ordusunun ağır silah, avtomobil və hərbi anbarlarını ələ keçirməyi bacarıb.

Yerli qaynaqlar cihadçıların hökumət qüvvələrinin onlarla əsgərini əsir götürdüyünü də bildirilir.

Noyabrın 28-də Rusiyanın düşmən tərəfləri barışdırmaq üzrə mərkəzinin rəhbər müavini Oleq İqnasyuk hökumət qüvvələrinin Rusiya aviasiyasının dəstəyi ilə "Cəbhat ən-Nusra" terror qruplaşmasının mövqelərinə hücuma keçdiyini və 400 cihadçının öldürüldüyünü iddia edib.

Daha öncə yayılan xəbərlərə görə, Hələb və İdlibə hücuma Türkiyənin dəstəklədiyi "Heyət Tahrir əş-Şam" cihadçı qruplaşması da qatılıb. Nəticədə strateji önəmli Ürm əs-Suğra və Əncərə də daxil, 10-dan çox yaşayış məntəqəsi, o sıradan Suriya hökumət ordusunun Hələbin qərbindəki ən iri "46-cı bazası" ələ keçirilib. Bununla da silahlılar Hələbi Dəməşqlə birləşdirən çox önəmli beynəlxalq yolu bağlayıblar.

İran XİN bildirib ki, "Heyət Tahrir əş-Şam"ın Hələbə qəfil hücumunu ABŞ və İsrail planlayıb. XİN təmsilçisi Esmail Bəqayi deyib ki, 2017-ci ildə Astanada keçirilən danışıqlarda İran, Türkiyə və Rusiya arasında əldə olunan razılaşmaya görə, Hələb deeskalasiya (gərginlikdə arınma -red.) zonasına daxil edilib. Onun fikrincə, cihadçıların qəfil hücumu Astana sülh prosesinin bütün prinsiplərini kobud şəkildə pozmaq anlamına gəlir.

İslamçıların Suriyadakı hücumu fonunda ölkə prezidenti Bəşər Əsəd Vladimir Putinlə görüşmək üçün Moskvaya səfərə gedib. Hələlik, Əsədin səfəri barədə rəsmi bilgi yoxdur.

Onun rejimini Rusiya ilə yanaşı, ABŞ-da terrorçu təşkilat kimi tanınan "Hizbullah" qruplaşması və İran dəstəkləyir.