Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:53

İsa Hüseynov. CƏHƏNNƏM (4)


Əvvəli

Səməd dedi:

- Yağış yağanda Babanı oğlunun körpüsünü tez-tez sel apardığına görə Muğanlılar lapatka saxlayırlar orda. Qamışlıqdadı. Körpünün o yanında. "Qoca"nı tı sam porodil, sam ubil, sam i poxoroni”, bəxtəvəri dəfn elə.

Bünyad bəy meyidi körpünün sağ tərəfinə tullayıb, sudan çıxıb çinarın altına boylananda gözü ocağın qızartısına dirənib qaldı.

- ayda huriləriniz toy-düyündən uzaqlaşdırdılar məni, bilərəm, sən də nə isə elə bir şey eləyəcəksən. İnanmıram sənə. İzn ver gəlim bir az qızınım, çox islanmışam.

Səməd, baxışından başlamış, bütün gövdəsindən hiss olunan zəhm içində, elə gülürdü.

- Gəlməyinə gələcəksən. Əmma sən bilirsənmi ki, bizim Ağ Məmmə adında möcüzəmiz var, sənin paltarını da qurudar bircə saniyədə, canını da qızdırar... Hə, qızdımı canın, cənab bəy?.. Mən burdan ora sənin beyninə bir kəlmə göndərirəm: "Molla". Xatırladınmı nə vaxt verilib sənə bu "kliçka?" Stalin, Beriya, Mircəfər Mirqəzəb. Bu üç nəfərdən başqa heç kəs bilmirdi bu "kliçka" altında nə iş görürdün sən, o illəri xatırla. Belə lazımdı.

Belinə qaldırammazsan o itin leşini. Sürü, apar. Kor quyu var körpünün solunda dikdirdə. Küllükdü ora. Quyu küllüyün enişindədir. At o quyuya istəkli "Qoca"nı torpaqla, gəl Molla kliçkasını sənə kim, nə vaxt, nə niyyətlə verdiyini də deyəcəm.

Tez elə bəy. Orduqozdu Musanın getməyi, əslində, yaxşı oldu. Heç dözmür Yerdəki işlərinizə. Gah işıqla döyür onu-bunu, əzab verir. Xüsusən son vatxlar "Avropa mədəniyyəti" adlandırdığınız çılpaq qadın, pullu seks, xuliqan bazar "mədəniyyəti"nə görə hətta qadınları da işıqla döyür. Baxtın kəsdi, gəmidən çox təkidlə çağırdılar, getdi. Mən isə, gördüyün kimi, vaxtilə tanıdığın Səməd deyiləm, çox yumşalmışam. Yerdə həyat lap murdarlaşıb, sizin "İNS"ə yazığım gəlir, Bəy. Gəmimizi gündə bir şəhər, kənd kənarına sürdürürəm. Oralarda, əlbəttə, bilən yoxdu ki, Yer Adamı deyiləm. Vəzifəli şəxs kimi təqdim eləyirəm özümü, keçmişimizi öyrənmək yolu ilə özümüzü dərk etməyin, insan xarakterinə qayıtmağın yollarını göstərirəm, kitab paylayıram. İşim çoxdu Yerdə. Amerikaya, İngiltərəyə də gedirəm. Avropadan əlimi üzmüşəm, açığı... Basdır onu, gəl! Çox bilik alacaqsan bu günkü dərsdən...

Bünyad bəy meyidi körpünün sağından soluna keçirənə qədər qan-tərə batdı, necə deyərlər, ölüb ölümdən qayıtdı. "Qoca"sının qolları, qıçları qocalıqdan nazilib çöpə dönsə də ortası - ət torbası azı yüz kilo olardı. Üstəlik, yəqin ki, çoxdan çimmədiyinə görə üfunətli idi.

Bəy "Qoca"nın "hərçi-betər"inə söyə-söyə, qıçının birini sağ, o birini sol boynuna sıxıb, torbanı ardınca sürüyə-süryə dikdirə qalxdı.

Səmədin səsi gəlirdi:

- Küllüyü gördünmü, Bəy? Quşyemişi tağına oxşayan zəhərli bitki tağları var orda. Nə qışda solur o tağlar, nə də külün içində, göm-göy qalıb. Nədi o bitkinin adı, a Bəy?

Bünyad bəy tövsiyə-tövsiyə, burda ilk dəfə səmədə sərt cavab verdi:

- mən bünyad bəyəm, Səməd! Sözdən söz çəkən razvedçikəm! Bu həngamənin arasında istintaq aparırsan ki, çinarın altına gedənə qədər hər şey qurtarsın.

Muğanlı küllüyüdü bu küllük. İyirmi üçüncü ildə Muğannanın babası Omar ağa burda çəpərə ev tikdirmişdi. Quyu qazdırmışdı...

Səməd Bəyin sözünü kəsdi:

- Mən səndən o zəhərli bitkinin adını soruşdum!

Bünyad bəy dedi:

- O Ağ Məmmə niyə elə qımışır asta-asta? Deyəsən axı "dərs" adı verdiyiniz işgəncəni başlayırsan? Bir az möhlət ver dincəlim.

Səməd müəmma ilə:

- Musa gələr, dirçəldər səni, - dedi - Ağ Məmmə, bilirsən, müəllimdi, Cografiyanı, Botanikanı maksimum bilir. "Dərs"in başlandığını başa düşüb, yumşaq-yumşaq gülür.

Planetin heç yerində adını bilən yoxdu bu bitkinin. Təkcə Muğannalar "Bağıyeyən” deyirlər buna.

- Niyə, səncə?

Bünyad bəy hər bir şeyi başa düşürdü:

- Bu külliyə göndərmədin sən məni, Muğana adlanan Bağ nəslinin mənim fəaliyyətimlə bağlı tarixi ətrafında istintaq başlamısan. Zərərlidi bu "Bağı yeyən” adlandırdığınız bitki. Geri sananan tarixin beşinci əsrində bu bitkini "Bağıyeyən" adlandırmısınız.

Ölkənin harasındasa bu bitki kimi kom-kom Qrek legionları görünəndə Muğannalar bunu bir kəlmə ilə ifadə eləyiblər: "Bağıyeyən".

Səməd ucadan:

- Afərin, Bəy! - dedi - İstintaq axıra qədər belə getsə, özünü xilas eləyəcəksən... De görüm, o boyda təpə kimi küllük niyə su quyusunun üstündədi? Nə sirr var burda?

Bünyad bəy dedi:

- Bu sirri açmaq üçün gərək dünyanın tarixini danışasan.

Səmədin səsində hiyləli gülüş hiss olundu.

- Danış da!

Bünyad bəy dedi:

- Bir aman ver, bunu quylayım bu quyuya, nəfəsimi dərim də!

Orduqozdu Musa boynu və yaxası qızılı naxışlı, düymələri gümüşü, uzun yaraşıqlı çəpkəndə, alçaraq kolların arası ilə zümzümə eləyə-eləyə gəlirdi:

A bəy, eşit nə oldu,

Çomağım saza döndü,

Sənə toy tutmaq üçün

Göylərdən Yerə gəldi.

Yaxınlaşıb, əlindəki iki uzun, qalın, qara çaxır şüşəsinin birini Səmədə, birini Məmməyə Verdi, üçüncüsünü Bünyad bəyə tulazladı: - a bədbəxt! Al iç, cana gəl.

Səməd şüşəsindən bir az içib:

- A bəy, bir müəmma aç - dedi. - Ağ məmmə danışan adam deyil. Əmma danışmağa başlasa, işin yaxşı olmaz, sən hələ mənim müəmmamı aç. Sənə dedim lapatkanı götür o qamışlıqdan, basdır o iti, sonra dedim apar at o kor quyuya. Niyə belə iki söz dedim, a Bəy?

Bünyad bəy çətinlik çəkmədi:

- Demək istyəirsən ki, bu kor quyunun ağzına qədər torpaqla doldurmalıyam?!

Səməd:

- Afərin! - dedi. - Sözünü tamamla.

Bünyad bəy dedi:

- Bu quyu azı dörd-beş ton torpaq aparır! O hesabla neçə gün işləməliyəm mən burda?!

Səməd çaxır içib güldü:

- Suallarım var, sirri açmalısan, o boyda küllük niyə su quyusunun üstündədi?

Bu birinci sual.

Çinar gölünün gündoğanındakı dikdirin daşlığından əla su sızır. Qazanda bulaq olur. Bəs Omar Ağa o su quyusunu niyə qazdırıb?

Bu ikinci sual.

Bayaqkı sualı təkrar edirəm: Bağıyeyən bitki ilə Muğannaların tarixi arasında başqa nə əlaqələr var?

Bu üçüncü sual.

Bütün Qazaxda "Omar Koxa" adı ilə tanınan, Borçalı, Göyçə, Gəncəbasar cəmaatından on nəfər kişinin adlarının siyahısı çıxıb cibindən. Kimlərmiş o kişilər və siyahı niyə Omar Ağanın cibində olub, sonra necə keçib sənin əlinə, sən kimə vermisən siyahını və bnun nəticəsində nələr olub?

Bu da beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu suallar.

İndi quyunu doldurmaq əzabından qurtar. Cavab verməsən, sən orda gecəli-gündüzlü, azı bir həftə torpaq tökəcəksən quyuya, biz də burda acıtərə, kabab yeyəcəyik. Bir həftə yatmaq yoxdu, cənab razvedçik. Danış, qurtar canını. Yoxsa, aydın məsələdi ki, hökumətə məlumat göndəriləcək, həbs olunacaqsan. Ömürlük həbs cəzası!

Bünyad bəyin əli silaha uzanırdı:

- Sənin dəhşətli adam olduğunu çoxdan bilirdim mən. Bu dərəcədə dəhşətli sadistliyini bilmirdim.

Səməd o əli də görürdü, qısa avtomatı da.

- Ay bədbəxt!.. Öz əlinlə yaratdığın tarixi danış də. Özgə bir şey tələb eləmirəm ki, səndən. Danış, qurtar canını!.. Əlini çək ordan!

Bünyad bəy diksindi, sualları xatırlamağa başladı.

- Birinci sual: "küllük niyə su quyusunun üstəndədi?"

Mən cavab verdim bu suala. Dedim ki, "Muğanlı küllüyüdü bu küllük".

Kifayətlənmirsən bu cavabla.

Təfərrüatını danışım.

Muğanna nəslinin qədim adəti var. Bağdaddan, Bəsrədən Ərdəbilə sürülüb, ordakı ƏrOdBil - "Səfəvi"şeyxləriylə bir yerdə təbrizə qaçışdılar. Orda ocaq qırağında oturarmışlar. Payız, qış aylarında təbrizdə, Əmir almalığı deyilən bağın ortasında, dörd dövrəsi qırmüzü kərpiclə hörüklü, geniş təndirxanədə bütün qışı təndirin kənarlarında kətillərdə oturarmışlar. Təndirdən, təndir soyuyana yaxın qoru uzun dəmirlərlə çəkib hasarın dibinə yığarmışlar. Hasar da qızıb isti qalarmış. Həm də kül, deyirlər, dərdi-bəladan qovarmış. qəribə sirrdi.

Kim diqqətlə oxusa, Şah İsmayılın Divanındakı bəzi şeirlərdə açıq-aydın ziddiyyətlər görər: gah Qızılbaş - şiədi, gah "Səfa", "Səfi", SafAğ. Deyirlər təhlükə hiss eləyəndə Göyçədə dostu - müəllimi Aşıq Abdalın evinə qaçıb onunla məsləhətləşdiyinə görə səlamət qalıb. Əmma bilirmiş ki, öldürücəklər. Bu barədə işarələr çoxdu "Divan"ında, kədər dərd-ələm var. Bilirmiş ki, Sultan Səlim təbrizdə qalan düşmənləri rahat buraxmayacaq, onun, şahın özü də, şübhəsiz, bu zibilliyə bulanacaq. Buna görə də "Yəhudi"liyini - tərikliyini - Türklüyünü, dilini işlətmirmiş. Azərbaycanın Sovet alimləri deyirlər: "İsmayıl Türk dilini dövlət dilinə çevribmiş". Əslində bu da yalandı. Öz dilində yazırmış Sultan Səlimə məktublarını, Sultan da əlbəttə dərk eləyirmiş ki, OdƏrlik mədəniyyətindən gələn bu dildə belə gözəl, aydın yazan İsmayıl onun doğması, əzizidir, tora düşüb. Odur ki, xaricdən tüfəng alırmış, müharibəyə hazırlaşırmış ki, Təbriz təxtini azad eləsin. İsmayıl isə qəsdən tüfəng almırmış ki, mənim qılıncım Peygəmbərdən qalıb. İstəyirmiş ki, məğlub olsun, ölkəni yabançı ordudan xilas eləsin. Ulu Bağ Əsl Mən "Musa" adı altında gizlənirmiş. Comərd (yəni sərkər) rütbəsini isə qəsdən Şah İsmayıla veribmiş ki, guya o - şah da elə gəlmə ordudandı.

Səməd sakitcə:

- Keç indi Omar ağanın adına.

Bəy bir az yüngüllük hiss etdi.

- Omar ağa əhali arasında gəzərgi imiş. Başında coban papağı, əlində çomaq, enişlərdə atı yedəkləyə - yedəkləyə, yoxuşlarda minə-minə eldən-elə gəzirmiş. "Ay oğlum, EvƏr nədi, mənim adım Xəlifənin adıdı. Vəzifəm də sudyanın köməkçisidi. Çalışıram oğrunuzu, əyrinizi kişi eləyim, getsinlər qaçaqlara qoşulsunlar, ƏsƏlMəndən dərs alsınlar, Cömərddən igidlik. "Omar" deyin mənə. Omar Koxa! Kim EvƏr desə, bax bu çomağın dəmirli tərəfiynən sirtini sındıraram, Qorxurmuşlar Omar koxadan.

Bu belə...

- Sonrasını danış.

- Sən həddən ziyadə incə qatilsən. Necə başa düşdün sözümü, a kişi? Mən axı həqiqi mənada deyirəm ki, "tarixi yaradan"lar özləri deməlidilər mənim şəhərimin adını !.. Yəni "qəbirdən çıxartmalısan o adamları". Ötən gecə mən sənin agentlərini, arvadını qəbirdən necə çıxartdımsa, bunu da bildin, sən də elə çıxartmalısan tarixi yaradanları.

Bəyin ağzı açıq qaldı. "Beynin"də hər şey bərpa olundu.: Ay, hurilər, sərvinaz, şəhvət dərsi, İblis, hər şey.

Səməd şüşəni kənara qoydu: boşalmışdı şüşə.

Musa hardasa asta-asta saz çalırdı, Ağ məmmə nazik kövrək səslə zümzümə eləyirdi:

Qaranlıq dünyadı bu Yerin Adı

Xilaskar Simurgum, harda qalmısan,

Məzlum bəndələrə qılasan çarə...

Səməd bir az da Sakit, qəmli-qəmli:

- Mənim bilmədiyim şeylər də var, a bəy, musiqidən zövq almaq qabiliyyəti necə qalıb səndə? İzah eləyə bilərsən?

Bəy köksünü ötürdü.

- Niyazidən soruş. Ölür sazdan ötrü.

Səməd eyni qüssə ilə:

- Niyazi öləli hər yerdə elə onu xəbər alıram. Mərhum oğlu Xəlil gözəl qarmon çalardı, oxuyardı. Niyazi hardadı? Mənə niyə deyilmir? Ölüb deyəsən.

Ağ Məmmə:

- Xəlil köyrək oğlandı. mənə də deyilmir. - dedi. - Başlayırdı çalmağa, oxumağa. Özü də çox pis sözlər oxuyurdu:

Cənnət olardı Qarayazı,

Olmayaydı Niyazi.

Bunun dalınca Ağ Məmmə oxudu:

Kişiləri söyürdü

Arvadları döyürdü

Bağdadda kor Xəlifə,

Burda mənəm deyirdi.

Musanın sazı gəraylının zilinə qalxdı. Ağ Məmmə susdu. Çünki zildən oxuya bilmirdi.

Hər yerə sükut çökdü. Elə sükut ki, Çinar gölündən tək-tək ördək səsləri də eşidilmədi; Musanın, Ağ Məmmənin kədərini elə bil quşlar da duyurdular.

Səmədin gözü bəydə idi. Soruşdu ki,

- Niyə susdun, a Bəy?

Bəy yenə köksünü ötürdü:

- Axşamlar Niyazi sovxozunda, palıdın kölgəsində dayanıb Kamandara qulaq asardım. Hərdən Niyazi duyurdu, çıxırdı evdən, gəlib yanımda dayınırdı. Xəbər alırdım ki, məni niyə evə dəvət eləmirsən, a Niyazi? Deyirdi: "məndə bir az Bünyadlıq var, səndə də Niyazlıq. Biz bir stolun dalında oturammarıq, a bəy. Mən axı qohumam muğannalara. Omar ağanın bacısı nəvəsiyəm, bilirsən. Sənin gizlin işlərinə az-çox bələdəm, - deyirdi. - Hərdən fikirləşirəm ki, belə savadlı Bəydə, qocaldıqca nuraniləşən Bünyadda bu Niyazilik hardandı?

Bir dəfə xəbər aldım ki, "sən kommunizmə nifrət eləyirdin, partiyaya niyə girmisən?" Güldü, dedi: "Stalin öləndən sonra başa düşdüm ki, Xruşşov da kommunizmə nifrət eləyirmiş. Dərhal ərizə yazdım girdim Xruşşovun partiyasına.

Bir ara sükut oldu.

Sonra bəy dilləndi:

- Musiqini hiss eləməyim də yəqin sizdəndi.

Səməd:

- Afərin! - dedi, - Bağışla, bir az danışdıracam səni.

"İncə" Bəy bu dəfə sadəlövh göründü:

- Sən hardan bildin mənim Aya aparıldığımı?! Bunu, ola bilər görmüsən. Bəs agentlərimlə, arvadımla görüşdüyümü necə bildin?! Mən çox oxumuşam, OdƏr dili - Təfəkkür dili deyilənimiz barədə.

Dünən də hiss elədim orda - ayda ki, deyəsən doğrudan oxuyurlar fikrimi. Əmma, açığı inana bilmirəm!

Səməd fikirdən ayıldı.

- Sənin, sadəcə, təcrübən - vərdişin yoxdu hələ, Bəy. - Adı Pünhanımızın "İdeal", "GürÜn" əsərlərini, əlyazmalarını oxumusan. Sən o kişinin evində ötən yay öyrəndiyin Kainat həqiqətlərinə elə qovuşmuşdun ki, o evdən çıxanda hətta qapını bağlamağı da unutmuşdun. Pilləkəndə "Qoca"ya deyirdin: "Harda, kimə nə danışıram, hamısını göydən alıb ötürürlər Müğannaya, yazır". Mən yazmıram, əmma gördüyün kimi, fikirlərini eşidirəm. Sənin özündə də bəzi vərdişlər yaranıb. Dünən "Sahib"in iqamətgahında qumral deyəndə ki, "Qumral" deyiləm mən, Furakam - EvƏrAğam, sən hiss eləmədin ki, SafAğ İşıqla hiss olunmadan sifətini dəyişdirdi o!.. Səfəvi adı ilə Təbrizə doluşanların qabaqlarına çoxlu pələng, şir çıxarılırmış. Müaviyələr o dəqiqə başa düşüblər ki, OdAğÜzdən işıqla göndərilir o heyvanlar - şəkillər. Deyiblər: "Əgər Muğları qırmasaq, hamımızı dəli edəcəklər". Nə qədər oxumusan sən bu barədə o evdə - Adı Pünhanın mənzilində?!. Bizik səni idarə eləyən, a Bəy, biz bədbəxtlər gör nə qədər işləyirik sən təki belə murdar qatillərlə! Niyə? Bilirsən?.. "Hurilər"in o məclisində biz sənin SafAğa aid biliyini almışdıq beynindən. Əsil mənada "İNS"ə, vəhşiyə dərs deyirdik orada, niyə bilmədin?..

"Furak" deyəndə ki, "Simurğ quşu əfsanə deyil. Niyə bilmədin SimƏrAğ gəmisində uçacaqsan? Sonra şəhvət ətrafında o adi, aydın oyunları niyə anlamadın? Nəhayət, İblis gələndə niyə bilmədin ki, "İblis" deyil o, EvƏlƏsdi. OdAğÜzdən göndərilən canlı, insan kimi canlı şəkildi, kinodu?!

Bünyad bəy düşünə-düşünə:

- Məəttəl qalmışam... heç baş açammıram, - dedi.

Səməd güldü.

- A kişi, yaddaşını almışdım axı!

Səməd elə bil nədənsə ağrı-əzab çəkə-çəkə bir şüşə də aldı.

- Ötən gecə mən göstərirdim o kinonu sənə. "Sahib"iyin gizlin iqamətgahını, köhnə Tehranı, "Ay" adlandarılan Ağ planetinin içini, agentlərini, arvadını, İblisi! Hamısını mən göstərmişəm, bax, o yol ayrıcında.

Bünyad bəy dürüxdü:

- Maşında aparılmağım, o soyuq əl, o leykoplastr - filanı...

Səməd bəyin sözünü kəsdi:

- Zversovxozdan yol ayrıcına piyada gəldin sən. Düzdü?

Bünyad bəy təsdiq etdi:

- Düzdü.

- Pulun yerini dəyişdirəndən sonra "Qoca"nın maşınında hara getməli idiniz?

Bünyad bəy heç nəyi gizlətmədi:

- "Qoca" sərhəddə düşməli idi.

Səməd qəfil soruşdu:

- De görüm, Bəy, selofandakı pulu niyə almışdın "Qoca"dan?

Bünyad bəy dedi:

- Pulu Niyaziyə verəcəydim ki, Omar ağanın kiçiyi Mustafanı öldürtdürsün. Hirslənmişdi Niyazi, dedi: Mən nə qədər əclaf olsam da, Mustafaya əl qaldırmaram.

Səməd yenə dedi:

- Tarixi yaradanları unutdun. Mustafanın ölümü barədə bildiyini saxla hələ. Çox dəhşətli ölümdü. Açığı, Pünhan dözmür bu dərdə.

Belə işləri, adətən, sən özün eləyirdin. Bu dəfə niyə Qumrala tapşırıl¬mışdı?

- Yəqin ki, sən elə bunu da bilirsən. Məni qəsdən sıxma-boğmaya salırsan... Bakıda Dövlət Təhlükəsizliyi nazirliyinə məlumdu ki, İranda nə qədər antitürk işlər görülürsə, hamısı bizim Sentrin təpşırığıdı. Hətta İraqda atom hazırlanması da İrandan göndərilir, Amerika birbaşa İran-Sovet istehsal qurğularını bombalamaqdan çəkinir, perspektivli kəşfiyyatlar aparır İranda, buna görə də bizim Sentr mən təki çoxsahəli işlər aparan kəşfiyyatçıları qabağa vermir, mənim "Yeddi gözəl"imdən, o cümlədən Qumraldan istifadə eləyir.

Səməd əlini alnına qaldırıb, iri, uzun barmaqlarla gicgahlarını, gözlərini sıxdı.

İndi mən Sənə çox əzablı hadisələri xatırlatmalıyam, yəni sənə pis təzyiq eləməliyəm. Odur ki, görürsənmi OdAğÜzdən mənim özümün damarlarını sıxırlar.

Bünyad bəy fikrə getdi.

- Başa düşmürəm, mən təki heyvana əzab verməkdən ötrü Sənə niyə işgəncə verirlər?!

Səməd ağrı içində:

- Onu sonra biləcəksən... İndi Musaya bax, - dedi.

Qəribə idi ki, Musa, əlində bir şiş kabab və bir şüşə çaxır gətirdi, bəyin üzünə tamamilə kinsiz adam kimi baxıb:

- Acsan. Al, ye, iç, - dedi. - Arada da de görüm o bıçaqlama əhvalatı necə oldu və mən onda neylədim sənə?

Bəy doğrudan da ac idi. Şişdən bir qoşa qabırğa çıxarıb, iri balta dişlərinə çəkə-çəkə çoruşdu ki:

- Səndəmi təzyiq göstərəcəksən mənə?

Musa astadan:

- Əlbəttə. - dedi. - sərvinin, Hurilərin dərsi davam eləyir. Danış o zorlama əhvalatını!

Bünyad bəy ümidsiz bir ümidlə:

- Səmədin verdiyi sualları qalıb axı! - dedi. Çaxır şüşəsinin dalını yerə vurub, qapağı açdı.

Musa dedi:

- Biz SafAğların qanına qan qarışanda uşaq hökmən urod doğulur. Sən mənim atamsan, bəy!

- Nə?! - Bəyin dodaqları titrədi.

Musa köksünü ötürdü.

- Sən köpəyoğlu anam Güləsəri ot tayasının içinə basıb zorlamısan, anam da Ordugozdu, qozbel karlik doğub.. Öldürmərəm, qorxma. Biz insanı ancaq Cəhənnəm oduna salırıq... Titrəmə, qunduz köpəyoğlu. Qulaq as!

Qırx səkkizinci il hadisələrini bu günün hadisələri kimi canlı görməmisən! Unutma ki, mən o gülməli karlik Orduqozdu Musa deyiləm. İndi bu Yer planetində bu “Musa” - BağSar AğEy adı daşıyan SafAğ alimi qədər ikinci məlumatlı adam tapılmaz, Bəy!.. Mən də Muğannalardanam axı.

Bünyad bəy hərdən qurtum - qurtum çaxır içə-içə danışmağa başladı.

Danışdıqlarını bütün incəliklərinə qədər görürdü.

Görürdü ki, o ili aprelin əvvəlində Türmən yataqlarında qar əridikcə, sel-su yovşanlıqları, xırda - xırda dərə-təpəli, boz otluqdarı götürdükcə, eyni zamanda lopa-lopa, bol qar yağırdı. "Yeddi gözəl"lərdən ən çox "ipə-sapa yatmayan" nəhəng Klara gecə ikən "İt sovxozu"ndan - "Zversovxozdan qaçıb, qarayazı meşəsinin qurtaracağında, dul, qoca anası ilə qara damda - töylədə olan, onuncu sinif şagirdi Sərvinaza xəbər vermişdi ki, bu gecə Sənin ərin - Zversovxozda itləri yemləyən kişi gəlib damınızın bacasından içəri düşərək, səni məcbur eləcəyək ki, NKVD-yə xidmət göstərəsən, Muğannalardan mustafanı zəhərləyəsən, qaç burdan, uzaq bir yerdə gizlən. O, Zversovxoz iti əvvəlcə məni məcbur eləyəcək ki, səni eşiyə çağırım. Orda gədə-güdə agentlər səni zorlasınlar, işgəncə versinlər. Gəldim sənə deyim bunu, çıxıb İtin gədələrini döyəcəm, özünün əl-ayağını tutacam, sən bacadan çıx qaç.

- Dayan, cənab qatil! - Musanın rəngi ağarmışdı. - Nəyi, necə görmə¬misən, onu mən danışım indi. Sən gör öz əməlini! Sərvi qaçıb türmənə gəlmişdi. Quzuların küzündə döşək saldım ki, heyvanın hənirində qurusun paltarı. Gecənin bir vaxtı yaman səssizlik oldu. Qalxdım, gördüm dörd itimizin dördü də ölüdü. Zəhərləmişdin sən itləri. Sərvini sürüyüb aparmışdın. Lopa yandırdım, qurşağa qədər qarın içində, izinizə düşdüm, getdim gördüm qızı qara basdırmısan, özün də qarı yara-yara qaçıb getmisən. Eşdim qarı, qızı çıxartdım, qolları, qıçları kəmərlə, iplə bağlanmışdı, özü də qan içində, çıl-çılpaq donmuşdu. Qaldırdım apardım kahaya, ocağı bərk çatdım. Niyə? Çünki sən - qatil, qızı qara basdıranda yaddan çıxartmışdın ki, bu heyvanlığı göydən görən var!.. O vaxt heç kəsin xəbəri yoxdu ki, Muğanlıdan o yandakı Sadıxlı kəndindən "Dəli Əhməd", "Molla Əhməd" adında bir ağsaqqal kişi gəlirdi Türmənə, gecələr kahalarda çobanlara "Səfa" - SafAğ dərsi deyirdi, ərəb əlifbasıyla dəftərə yazdırırdı, gedirdi. Hələ o vaxt o bədbəxt, Şikəst Orduqozdu EySarı görürdü, ay heyvan! EySarın Ününü eşidirdim, ey kar, kor "İNS" qatil! O gecə məhz EySar mənə dedi: "Qız diridi. Qaynar süd içində bədənini qoyun mizi ilə ovuşdur., qarın altından yovşan yığ, suda qaynat, o su ilə cimdir qızı. Bax bu idbar Orduqozdu o mələyi soyundurdu, öz bacısı kimi, dizlərinin üstündə uzadıb bədənini ovuşdurdu, çimdirdi, qaynar süd içirdi. Səhər tezdən Sərvinin anasıyla arabaya mindirdik, Klaranın bələdçiliyi ilə getdik tapdıq, sən heyvanı. Çomağı çəkdim, dedim: "Sən bunu zorlayıb guya arvad eləmişdin özünə, murdar ətə döndərmişdin sən bu gözəli! Öl! Qaçdın! Qaçdın bu uzun qıçlarnan, qurtardın. Qorxdun çomağın dəmirli yeriynən başını paralayaram. sərvinin ölümündən sonra OdAğÜzə gedəndə bildim ki, sərviynən hətta kəbin kəsdiribmişsən ki, bilən olsa, özünü təmizə çıxardasan. Halal arvadını döyə-döyə zorlayırmışsan həmişə. Görürsənmi o işləklərini?!

Bəyi Soyuq tər basmışdı. Titrəyə-titrəyə deyirdi:

- Görürəm!.. Necə... aydın görürəm! Möcüzənnən bir yerdə öləsən səni, Musa!

- Həə... budu bax Odda - həqiqətdə yanmaq! Budu bax Cəhhənm! İnsanın ölümündən sonra ƏrAğı ("Ruh"u) uçub fəzada həmin insana çevriləndə Ağ planetində olur bu işgəncə - Odda yanması! Sən niyə Yerdə yanırsan, bunu sonra biləcəksən. Yan, it oğlu it!

Səmədin səsi gəldi:

- Bəsdi, ay Musa, qoy mənim suallarıma cavab verməyə taqəti qalsın.

- De görüm, a Bəy... Mənim şəhərimi kim dağıdıb?

Bəy dedi:

- Aleksandr dağıdıb.

Səməd dedi:

- Bəsit demə!

Bəy təfsilatı xatırladı:

- Əsas dağıntını Birinci Aleksandr eləyib 1797-ci ildə.

Səmədin üzündə narazılıq göründü.

- Birinci Aleksandr hara, ƏrOdBil hara, bəy? Təkrar eləyirəm: bəsit demə, ay "Yevrey" qəbristanı!

Bünyad bəyin də üzündə narazılıq gəzdi.

Səməd dedi:

- Bir də de!

Bəy qəzəbdən ağappaq ağardı.

- Nəyi, əşi?!

- Bir də de: ƏrOdBili kim dağıdıb?!

- demədimmi?!

- De görüm niyə təkrar dedirdirəm, a Bəy?

- Aydın məsələdi: mənə işgəncə verirsən.

- Niyə?! Bax bu suala heç cür cavab verəmməzsən, Bəy. Özüm deyirəm: çalışmısan Muğannaların qəlbinə girəsən. Nədi bu, a Bəy? Ən dəhşətli "ins" hiyləsi deyilmi?! Məhz bu hiylə ilə neçə Muğanna öldürmüsən, onu da danışıcaqsan. Kimi, harda, necə öldürmüsən? Hamısını danışacaqsan, əməllərini göz önündə görə-görə!

İndi de görüm Şəhri-Yarı kim dağıdıb?

- A kişi, demədimmi?! "Özünü Rus qələmə verən fransız yevreyi Birinci Aleksandr Romanov dağıdıb! Razı qaldın?!

Səməd hirsli idi.

- Mən niyə bu qədər "Yevrey", "Yevrey" deyirəm, ay Yevrey qəbiristanı?!Bünyad bəy dedi:

- Muğanna fəlakətinin tarixini yaradanlar tək Yevreylərdi?! Faciənin tarixi daha qədim deyilmi?!

- Danış!Bünyad bəy tir-tir əsdi.

- Axı çox qədimdi! Çox!

Səməd eyni inadla:

- Danış - dedi.

Bəy az qalırdı ağlasın:

- Lap cana doydurdun məni! "Şəhri Yar"da "Mağ" adı altında gizlənən bağların hamısı hər axşam "Musa" adı altında gizlənən Ulu BağƏsƏlMən BağSarın su quyusunun dövrəsinə yığılırmışlar.

Səməd birdən güldü:

- Yaxşı... O gizli köçü danış.

- Niyə?

- Demədimmi niyə?!

Bünyad bəy bar-bar bağırmağa başladı:

- İyirmi üçüncü ilin yazında Məmməd ağa Bakıdan gələndə mən də gəldim. Zaloğlu stansiyasında o düşəndə mən də düşdüm.

- Dayan! - Səməd bu dəfə daha gözlənilməz sual Verdi: - Məmməd ağanı nə vaxt öldürdün?

Bünyad bəy çaşqınlaşdı.

- Sən məndən o gizlin köçü soruşursan, yoxsa cinayətlərimin tarixini?!

Səməd güldü:

- İkisi də eyni tarix deyilmi, ay tarix yaradan?! Ulu Bağın Faciəsini danış indi.

Bünyad bəyi titrətmə tutmuşdu.

- Ədalətsizsən!.. Ulu Bağ ƏsƏlMən SağSan BağSar bir dəfə Antitürk müharibəsinin əvvəlində qaçıb bəlxə, orda da öldürülüb. Bir dəfə də, bayaq dedim, Yezidilər Şah İsmayılın ətrafında "səfəvi" Adı ilə Ərdəbildə SafAğ Şeyxlərini qıranda sürülüb, Mərvdə ikinci dəfə öldürülüb. Sən bu cinayətləri də mənim ayağıma yazırsan?!

Səməd dedi:

- Muğannalar sənin cəmisi üç kilometliyində olurlar, Muğanlıda. Gedirsən, salam verirsən, süfrələrində oturursan. Neçəsini zəhərləmisən, ay "qızıl ilan!" "Qızıl ilan"! Belə bir kliçkası var bir nəfərin. küllüyü danış.

Bəy əlacsız:

- Yaxşı, danışım - dedi. - Direktivləri Stalindən, Beriyadan, Bağırovdan alırdım. Sentrdən... Romanovların qəbri məndən əvvəlkilərin beyinlərində torpağa gedib! Necə danışım onlarınkini?!

Səməd dodaqaltı nə isə pis söyüş söyüb, o dəqiqə alnını tutdu.

- "Dəhşətli dərəcədə təcrübəli çekist"ə etiraz eləmə. Altıncı ildə Petroqraddan kimin direktivi ilə gəlmşdin Bakıya?! Nikolayı çıxart beynindən!

Bünyad bəy, astadan inildədi.

- Yaxşı, Nikolay İkinci də girdi bu beyinə! O birisi Nikolay da, Aleksandrlar da.

Səməd dedi:

- Fikrində sən "Nikolay əvvəl", "Nikolay Dəvvum", "Aleksandr Əvvəl", "Aleksandr Dəvvum" deyirsən. Çünki son vaxtlar çox tez-tez gedirsən o qara çadra ölkəsinə, atom bazarlarında yalnız farsca danışırsan ki, müsahibləriyin russkoyazıçnoye Yevreylikləri bilinməsin.

Bir şey anladınmı mənim bu qeydimdən?

Anlamazsan. Özünü zora salma, Bəy.

Mən demək istəyirəm ki, hətta muğanlıda həftələrlə Muğannaların arasında olub kamilləşmək eşqilə SafAğ təfərrüatları öyrənəndə də sən ruhən "Fars Yevrey"i qalırsan. Yəni EvƏrEy ola bilmirsən.

Ən qədim Bağdayda EvƏrEy OdƏrləri ilə EvƏrƏs ("Pars", "Fars") OdƏrləri nə qədər vəhdətdə idilərsə. İndiki "Fars" OdƏrləri ilə "Fars" Yevreyləri iki o qədər vəhdətdədilər, EvƏrEy OdƏrlərinə isə düşməndilər. Sənin beynin xalis Fars beynidi. Fransız yevreyləri olduqları halda özlərini Rus qələmə verən Romanovların Muğlar barədə direktivləri Fars Yevrey agentlərinin əli ilə icra olunub.

Anladınmı, ay Yevrey?!

Bünyad bəy bir an zorla rişxəndli oldu:

- Demək, Birinci Aleksandrdan başlamış, hamının qəbri bu beyindədi. Olsun.

Səməd dedi:

- Çıxart o qəbristandakı Yevreylərini, bəşərimin əsil adını desinlər!

Bünyad bəy hələ ruhani məktəbində ikən birildi ki, Ulu Bağ ƏsƏlMən BağSar SağSanın ən məşhur Elm mərkəzlərindən biri ƏrOdBildır. "Səfəvilər" adı altına dolan Yezid "ayrıları" - "Şiə"ləri Ərdəbili dağıdıb, Ulu Bağ ƏsƏlmənin o vaxtkı, iki yüz illik müharibə dövründə, yəni 687-ci ildə rütbəsi çox böyük idi. SarOdƏs idi. Farslar "Zərdüst", hərdən SarOdƏc, deyirdilər. Bilirdilər ki, Ulu Bağ Yerdə səlamət qalsa, millətləri vahid kökə - OdƏrliyə qaytaracaq. Müharibə baş tutmayacaq. Elə ona görə də əvvəlcə Mərvə - Ərəb içinə sürgün elədilər, ordakı elmdən uzaq, nadan bir Türkanı ("tərik"i - "Türk"ü) yoldan çıxartdılar ki, bu adam "Zərdüşt"du, o da qılıncını vurdu Ulu Bağın başını paraladı. Ulu Bağ sağalıb Yerə qayıdanda Farslar hələ bilmirdilər bunu. Bağınız ƏrOdBili tikdirdi, mərkəz elədi oranı yenə özünə.

Sonralar Birinci Şah Abbas İsmayılın əzablarını göstərən "Xətai" təxəllüsünü "Xitai" yazdırmağa, hadisələri malalamağa çalışıb. Əmma Bağlardan, əlbəttə, heç nəyi gizlətmək mümkün deyil. OdAğÜzdən EySar özü danışır indi bunları Pünhan Muğannasına. Bakıda o yazıq Pünhana əzab-işgəncə verənlər var, onlar o bədbəxti vadar eləyirlər yazdığını öz əlilə pozub, imkan olduqca yeni varinat çap elətdirsin. Bu sahədə mən bir növ köməkçiyəm ona. Dəli Əhmədə, Mustafaya dönə-dönə danışmışam İsmayılın faciəsini.

UluBağ bir də yeddinci əsrin axırında daha ƏrOdBilə yox, Muğanda tikdirdiyi gizlin Elm Mərkəzi Şəhri-Yara qayıdıb.

Bəy, bu təfərrüata varmadan, qısaca dedi ki:

- "Şəhri Yar"ın əsil Adı ƏrOdBildi. "Səfəvi" şiələrinin əlilə ikincisi dağılandan sonra bu taydakı ƏrOdBil unudulub, o taydakı təhrif "Ərdəbil" qalıb.

Səməd dərhal soruşdu ki:

- ƏrOdBili Farslar qəsdən "Ərdəbil"ə çevriliblər, ya yox? Niyə keçirsən bunun üstündən?

Bəy dedi:

- Dəhşətli dərəcədə təcrübəli çekist dərhal soruşa bilərdi ki, bəs ƏrOdBildən əvvəlki gizlin şəhərlərimizin əsil adları necə olub? Bağ nəslinin gizlin Elm mərkəzlərinin hərəsinin bir kitab tarixi var. Qorxdum də! Necə gizlətməyim?!

Səməd soruşdu ki:

- Bəs ƏrOdBili kimlərin dağıtdığını niyə demədin?

Bünyad bəy dedi:

- Mən bunu Muğannalara min dəfə demişəm. Onlar çox yaxşı bilirlər ki, Yezidlər, Səfa - "Səfəvi" şeyxlərini büsbütün qılıcdan keçiriblər, ƏrOdBilin də daşını daş üstə qoymayıblar. Adını da qoyublar ki, OdƏrlikdən uzaqlaşan Tatərlər dağıdıblar. Şah İsmayıldan sonra sağ qalanlar hər şeyi bildiklərinə görə şahın Göyçədəki dostlarına xəbərlər göndərirmişlər. Bu tarixdi! Birinci Şah Abbasın arxivindən öyrənmişəm mən.

Şah İsmayıl Xətainin "Divan"ı başdan-başa SafAğ Elmidi. Bu olub Yezidilərin sui - qəsdinin səbəbi.

Musa çinarın altına qayıtdı.

Səməd uzaqlan - uzağa:

- danış, Bəy, - dedi - Muğanlı küllüyünün tarixini danış!

Bəy hələ də titrəyirdi.

- Bir sualım var... bir sualım...

səməd dedi:

- De.

Bünyad bəy dedi:

- pünhanınız Muğanna tez-tez görükür mənə, özü yox, şəkli. Süal verir, cavab alır. O elə rəhmli, siz belə sadist! Səbəbi nədi?!

Səməd güldü:

- Sadist, bax O Musa idi, çagırdılar getdi. Çünki təzyiq göstərirdi mənə. Mən axı qat-qat mülayiməm, bəy.

Bu dəfə Bünyad da qımışantəhər oldu.

- Hm, iki yüz addımlıqdan bu yüz on üç yaşlı adamı belə qışqırda-qışqırda titrədən adam mülayimdi?

Səməd dedi:

- Mənim o el qızıma o cür işgəncə vermisən, toxunmuram sənə. Mülayim deyiləm, bəs nəyəm?

Bəy dedi:

- Bir sözüm də var.

Səməd dedi:

- De.

Bəy dedi:

- Əgər "Qumral" deyilsə, doğrudan da sərvinazdısa, əlli iki il müddətində Sərvinaz necə xidmət göstərir mənə?! O, necə deyərlər o dünyada, mən Yerdə!

Səməd qəh-qəhə çəkdi.

- Xidmət göstərir?!

Bünyad bəy dedi:

- Zorlamıram axı! Gəlir oturur yanımda, söhbət eləyirik. Özü soyunur, qolunu dolayır boynuma! Baxıram, Qumraldı!.. Arada keçirdirəm Arazın o tayına, işini görür, qayıdır, Qumral! Sən yenə deyirsən yox, Sərvinazdı.

- Pünhan sənə hər şeyi birbaşa deyir. Soruş ondan, izah eləsin.

Bünyad bəy heç nə anlamadı:

- Niyə Pünhandan?

Səməd yenə qəh-qəhə çəkdi:

- Sərvinaz deyil o, ay yazıq, ay bədbəxt. Sənin ən bədbəxt agentlərin "Bakirələr"indi kim gəlsə Sərvinaza oxşadır özünü. Gülür, deyir: "doymadınmı məndən, Bəy?.. Zorlayırsan axı yenə. Sən yalan danışma! Bu heç. Yuxarıdan təzyiq vardı, bir az zarafat elədim ki, bəlkə ağrım getsin. Küllüyün tarixini danış qurtar. Yoxsa, lapatka gətirəcəksən!

Bünyad bəy başını buladı:

- Bayaq dedin: "tarixi yaradanlar deməlidilər mənim şəhərimin əsil adını". Mən də dedim: "Romanovları, Stalini, Beriyanı, Mir Cəfər Bağorovu, Xomeynini necə çıxardım qəbirdən?! Etiraf eləyirəm, bu yaman maraqlandırır məni.

Səməd ciddiləşdi:

- Marağın məlumatsızlıqdandı, Bəy. Tarixi yaradanların qəbirləri sənin beynindədi, Bəy. Sən - onlarsan. Danış.

Bünyad bəy, əlacsız, çaxır içdi.

- Bayaq oraya - yanına çağırırdın məni, olarmı gəlim orda danışım?

Səməd dedi:

- Yuxarıdan izn vermədilər. Deyirlər yoluxucu xəstəlik var səndə. İtlərdən yoluxmusan. Həqiqətən Ağa getmiş olsaydın, sağalardın. Hələ murdarsan, cənab Bəy. Danış!

Bəy istər-istəməz, səmaya baxdı.

- Pis qurulub bu dünya!.. Onlar bizim başımızda saçın sayını bilirlər. Hətta biz onları görmürük!.. Necə yaşayırlar, bilərdik, ibrət götürərdik.

Səməd bu qədər təfsilatla kifayətləndi.

Bəyi qəsdən dolaşdırırdı.

- Küllüklər tarixini bütöv danışmalısan!

Bəy köksünü ötürdü.

- Yaxşı!.. O vaxt, Birinci Aleksandrın dövründə Muğanna icmaları gizlin-gizlin, yavaş-yavaş Ulu bağın həndəvərinə yığışırmışlar. Aleksandr xəbər tutub. Başda Hüseyn ağa, bir icmanı Qazax uyezdinə sürüb. Hüseyn ağa kənd saldırıb, "Rus" EvƏrEy - "Yevreylər"İnin gizlinləri, Aleksandrın hökmü ilə "Sarskoye Selo" - "Padşahlıq" qoyublar o kəndin adını. Çünki Romanın əksinə, Ulu Bağ ƏsƏlMənin əbədi "Solomon" olduğuna inanırmışlar. Bu əslində Ulu Bağın xeyrinə olub. Peterburq nəzarətçilərindən yayınmaqdan ötrü o tez-tez sifətini dəyişdirib "Musa ağa" adı ilə yaşayırmış. İşin üstü açılanda, icmalarda, qayalıqlarda məskən salan, rus dəstələrilə döyüşməyə məcbur olan Muğannaların arasında o qədim "Comərd" rütbəsi ilə yaşayırmış, Ağbizənə, ya da Ağbizəndən o yandakı Qızıl AğÜn kəndinə, SafAğ alimlərinə Ün məlumatı çatdırmağa gedəndə orda "Süleyman" adı ilə yaşayırmış. O yerlərdə, Ulu Bağın qaldığı evlərin hamısında baca var, bacanın altında, iri-iri ocaq daşları arasında küllüklər, deyirlər, indi də elə bu quyunun üstündəki küllük kimicə ağara-ağara durur. Deyirlər, o tərələrə köçürülən Ermənilər arasında elə etiqadlı kəndçilər var ki, uşaqları xəstələnəndə həmin küllüklərin ətrafında yatırdırlar, o ocaq daşlarının arasında "Muğ"lardan öyrəndikləri müalicəvi xörəkləri bişirirlər. "Tər halvası", "bəzirgan hörrəsi" - filan!..

Səmədin dodaqlarında müəmmalı təbəssüm vardı.

- Ətraflı danışmırsan, Bəy! Ətraflı! Ətraflı!

- Off! Bu nə işdi düşdüm mən?! Yaxşı, olsun... Sən bilirsən ki, Qazax - Tiflis şossesinin qırağında qazılmiş quyuların dövrəsində də küllüklər var. İyirmi üçüncü ildə Nəriman nərimanov Moskvaya aparılanda, Zeynalabdin Tağıyev Muğannalardan kompanionu Məmməd xozeyini kabinetinə çağırıb, qapını açarla bağlayıb, deyib: "Nərimanov vəzifəyə yox, ölümə getdi. Əgər Omar ağa həbsə alınsa, çox çətinliklər əmələ gələr, qırılarlar Muğannalar.

Nərimanın, sənin muğannalara mənsub olduğunuz açıla bilər. Nərimanın Leninlə gizlin danışıqları Ulyanovların EvƏrEy OdƏrliyi, tərikliyi də açıla bilər. Ulu Bağın cəmi Yer üzündə vahid Ədalət Səltənətinə dair yazdıqları axtarılar. Hətta, hətta bəlkə hamını qırarlar. Belə bir təhlükə gözləyir Bağ Nəslimizi, Məmməd ağa. Bütün işlərini at. Mədənindən, milyonlarından əl çək. Rus dili müəllimi vəzifəsi hazırlamışam sənə. Adi müəllim kimi, təcili get, ayqaranlıq gecədə, Padşahlıqdakı - Omarağalıdakı muğannaları köçür Kürün o tayına, Qarayazı meşəsinin yoldan-izdən uzaq, ağlagəlməz yerinə. Qohumları Şıxlıya qatışdır".

Səməd dedi:

- Düz danışmırsan.

Bünyad bəy təəccübləndi:

- Niyə?!

Səməd dedi:

- O köçhaköçün, fəlakətin tarixini yaradan adamlardan Bünyad bəyin adını çəkmirsən!

Bəy dedi:

- Tarixi yaradan Aleksandr Romanovdu. Sonra Birinci Nikolay davam etdirib, sonra İkinci Aleksandr, sonra İkinci Nikolay davam etdirib! Sonra Stalin! Sonra Beriya! Mir Cəfər Bağırov! Sonra Xomeyni1 davam etdirib! İndi də gizlin antitürk Sentr davam etdirir. Qorbaçov hələ də heç cür inanmır ki, Muğannalardan adı qalan olar. Bağlara yox, indi o həqiqətən cəmi Yer üzündə vahid Səltənətə qulluq eləyir. Söz qüdrətilə yox, Amerikanın gücü ilə! Rusiya səlamət qalmıyacaq, Vahid Dövlət dağılacaq. Bu da olsun Sizin tarixinzə, tarixə əlavə! Mən bədbəxt adi icraçıyam. Niyə mən olmalıyam axı "o fəlakətli tarixi yaradan?!"

Səməd bir az durub:

- İndi baxarıq - dedi.-Stalinin sözüdü, "Şəxsiyyət tarixi yox, tarix özü şəxsiyyət yaradır". Niyə tərsinə deyib?

Bünyad bəy çətinlik çəkmədən:

- Aydın deyilmi - dedi. - Aleksandr Romanov Azərbaycanın Şimalını fəth etməsəydi, gizlin Bğdayın gizlin bağlarını sürgün eləyib "Şəhri Yar"ı dağıtmasaydı, yaranardımı bu fəlakətli tarix?!

Səmədin sualına bir sual da calandı:

- "Şəhri Yar"ın əsil adı nədi, Bəy?

Bünyad bəy gözlənilməz, qəribə, ani çılğın hərəkətlə əlini başına çırpdı.

- Bu nə bəladı düşdüm, ya rəbbi?! Sən ki, bilirsən öz Şəhərinizin adını, niyə məndən soruşursan, ay sadist?! "Yumşalmışam", "Budurnu yumşaqlığın?! Şüşəni söykəyir dodağına "qurt", "qürt", sual! Özü də necə? "Şəhri Yarın əsil adı nədi?!" A kişi, ay göy adamı, sənin yəni bilmədiyin bir şey varmı bu dünyada? Niyə məndən soruşursan axı?!

Səməd şüşəni bu dəfə dodaqlarında qəsdən çox saxlayıb:

- Tarixi yaradanlar özləri deməlidilər mənim şəhərimin əsil adını, - dedi.

- Nə?! Hamısı deməlidi?! Mən bədbəxt neyləyim indi?! Romanovları, Stalini, Beriyanı, Mir Cəfər Bağırovu, Xomeynini necə çıxardım qəbirdən? "Sahib"lərimin sümükləri də qalmayıb gorxanədə! Bura bax, bəlkə sərxoş oldun nədi?

Səməd bu dəfə lap heyrətli sual verdi:

- Bəy! Sən özünü Yezidi saymırsan?!

- Nə?! - Bünyad bəy lap çaşdı.- A kişi, Yezid nə vaxt alıb hakimiyyəti?! Keçib gedib o tarix!

Xomeyninin fitvası - hökmü əsasında iyirmi nəfər "Bəhayi" - bağEy - Uca bağ dara çəkilib. (Əlavə qeyd: "Bəhayilər deyirdilər "Biz də Lailəhəilləllah de¬yirik; yaşadığınız aləmin Allahı İsayı Məsihdir". ("məryəmin guya İşıqdan ha¬mi¬lə olması barədə "Quran"a məhz Farslar əlavə ediblər, "Məsih sözü bu¬ra¬dan¬dır. Əslində - batində "Bəhayilər" də həqiqətlərlə işləyir - EySarı Aləmimizin "Allah"ı kimi tanıyır və Bağ Atanın oğullarını sərfnəzər etmir, öz adları ilə OdƏrcə adlandırırlar: Bağ Ata. Ulu bağ ƏsƏlMən. EySar ÜnEy - ("Nuh"), EvƏrim (İbrahim) və ƏlAğ("Allah") EySar (Uca hökmdar), "İsa, "İsus").

Cömərd - "Sərkər" - "Başçı" farscadan təhrif olunub, SafƏrOd.

Amad - (Naxçıvanda) ilk gəncliyində Nizaminin, Afaqın, Qızıl Arslanın, Cahan Pəhləvanın, İkinci Toğrulun müəllimi olub, XII əsrdə xilafətlə döyüşüb, sonralar döyüşdən imtina edib. SafAğ Elmini yaymaqla məşğul olub.

3 (Müasir alimlər "Nizaminin mürşidi" adlandırırlar). Atəbəylərin süqutuna yaxın illərdə Naxçıvandan "Gənc" (Gəncə) adlanan Nizami iqamətgahına qaçıb. Bundan sonraı həyatının əlamətləri Ulu Bağ ƏsƏlMənin həyatı ilə uyğun gəlir, yəni yəqin ki, Ulu Bağın hökmranlağını əvəz edib, hər ikisi - İmad (Dayaq) və Ulu Bağ həddindən çox gizlin adlarla və Təbrizdən. Naxçıvandan başlamış Mərvə (Ərəbistan) qədər müxtəlif şəhərlərə sürüldüyünə və bir neçə dəfə yaralanıb. OdAğÜz BağOdƏr planetinə müalicəyə aparılıb, yenidən Yerə qaytarıldığına görə eyni Bağ sayılır (mənə açıq deyilmir. İsa Muğanna). Naxçıvan (ÜnAğ ƏsEvÜn) sarayında, Xilafət və Səlcuqların mühitində yalnız "İmad" rütbəsi ilə tanınıb.

Səməd dedi:

- Zaman, dövr, dövran nisbi məfhumlardı. Bəy!

- Necə, necə?! Zaman - nisbi?!

Səməd daha qəribə sual Verdi:

- De görüm, Müaviyə kimdi milliyyətcə?

Bəy qışqırdı:

- Necə kimdi?! Ərəbdi də!

Səməd elə gülürdü:

- Özünü əbləh yerinə qoyma Bəy. "Ərəb" - Ərəbdi, ya yox?

- Bəli, ƏrEv olub!

- EvƏrƏs - "Pers", "Pars", "Fars", ƏrEv - "Ərəb", EvƏrEy - "Yevrey" və ya EyOd - "Yəhud", ƏrÜz - "Rus", AğÜz - "OğÜz", - Hamısı vahid ölkə Midiya - Bağday tərkibində, müxtəlif vilayətlərdə vahid xalq deyilmi?!

- Olub! Sonra dağılıb!

- Mən özümü EvƏrEy, ƏrÜz, AğÜz, ƏrEv, EvƏrƏs OdƏrlərinə mənsub bir ÜnƏs sayıram, sən isə özünü keçmiş Bağdaya dəxli olmayan "Yevrey" sayırsansa və təhrif babalarının "irs"inə, tam uyğun işlər görürsənsə, aydın deyilmi ki, Ulu Bağ ƏsƏlMən BağSar SağSana qılınc çəkənlərin icra etdikləri hökmü verən müaviyələrin hökmlərinin qəbri də sənin beynindədi?!

Bünyad bəy qəribə üsyankar hayqırtı ilə:

- Vaveyla! - dedi - Mənə həm "Fars Yevreyi" deyirsən, həm də Müaviyələrə bağlayıb "Ərəb Yevrey"i eləyirsən! Niyə?

Səməd dedi:

- İranda və Zversovxozda işləyən rus kəşfiyyatçıları içində ən müdrik adam sayılırsan, yüz on üc yaşında da yaxandan əl çəkmirlər ki, azdan-çoxdan yenə iş görəsən. Bu cür həqiqətən müdrik "ins"in yadından çıxmamalıdı ki, "Ərəb"in özünü "Yəhudi"yə əmioğlu çıxması boş-boşuna deyil. "Ərəb" dili "Fars" dili arasında indiki halında qırx-əlli faiz fərq var. EvƏr-Ey OdƏrlərinin İsrayıl səmtlərindəki indiki "İVR" dili, EyƏr Ey OdƏrlərinin "ƏrimEy"dili (keçmiş EvƏr EyOdƏr dili), "Ərəb", "Fars" dillərindən çoxmu fərqlənir, ey müdrik?! Məni məcbur eləyirsən yenə xatırladım ki, Bağdayın müxtəlif səmtlərində müxtəlif təhriflərə məruz qalanlarımız, bayaq da dedim bunu, vəhdətdə olmadıqlarına görə, təcridlə ayrıldıqlarına görə, sən Bünyad bəy vahid OdƏr xalqına mənsubluğunu qəşəngcə bilsən də, iş sahəndə hakim olan psixoloji etnik təfəkkürə qapılmısan. Odur ki, özünü "Fars Yevrey"i sayıb, həm də "Ərəb Yevrey"i olduğunu, Müaviyələrin hökmü ilə icra edilən cinayətlər zəminində cinayətlər tarixini rədd eləyirsən! Halbuki sənin cinayətlərin o keçmiş cinayətlərlə qırılmaz zəncirlə bağlıdı, Bəy!

Bünyad bəy nəfəs çatmazlığı hiss edib, çaxır içdi.

- Sənin məntiqinə etiraz eləmək əbləhlikdi - dedi - Əmma sünidi məntiqin, əlbəttə! Sofistikadı!

- Nə?! Nə?! - Səməd elə bil əməlli - başlı yanıb-yaxılıdı. - A kişi!.. Diqqətlə dinlə! OdAğÜzdən mənə təsir edən əcdadımın neçə min yaşı var?! Mən niyə belə bağlıyam o bağa?!. Sənin əcdadların OdAğÜzə getməyiblər, qəbirlərdə çürüyüblər. Sən niyə belə bağlısan o çürüntülərə?!. İndi bir də cavab ver: zaman nisbidi, ya yox?! Bu küllüyün qədim tarixi sənin cinayətləiyin qədimliyi deyilsə, bəs nədi, ey əsrlərin cinayət tarixi bünyad bəy! danış!

- Çaşdırdın yenə məni. Nədən, kimdən başlayım?

Səməd acı-acı güldü:

- Yerin yaddaşı yoxdu. Mən nə soruşdum Məmməd ağa - Xozeyin Məmməd barədə?

- Hə, bildim... - Bəyin səsi rəvanlaşdı - Yaxşı... İmkan versən indi xeyli şey deyərəm.

Otuz doqquzuncu ilin yayında Böyükkəsik stansiyası ilə razyezdin arasında paravozun qabağına itələdim məmməd ağanı. Stansiyadan Muğanlıya gedən adamlara dedim üzü küləyə getdiyinə görə paravozun səsini eşitmirdi Məmməd xozeyin. İnandılar.

Mir Cəfər Bağırov Mirqəzəbin vaqonu Ağstafada idi o günü. Haman paravoza mindim getdim Ağstafada düşdüm, keçdim vaqona. Dedim: "On myortv". Mirqəzəb dedi: Za to, çto tı pokonçil -----------------------------------s poslednim millionerom, za eto ya daryu tebe million zolotom. No, za to, çto tı ostavil lişayu tebya qeneralskoqo zvaniya". "Snimok” “porol" indiki Pünhanınızın otuz dördüncü ildə Göy qılınc yaylağında çəkilmiş şəkli idi. Şəkilin biri Pünhanımızın atası Mustfada, biri Sultan Əmirlidə, biri sənin atan Mədəd Əmirlidə, ikisi isə Təbrizdəki Əmirli Muğannalarda, Ağ Əmirlə Boz Əmirdə idi. Təbrizdəki Əmirli - Muğannaları heç kəs tanımırdı bu tayda Stalin Mirqəzəbə yazmışdı ki, iki ildən sonra müharibə genişlənəndə Təbrizdəki Bağlar Xalxalını1 sürgündən qurtarib həmin parolla bu taya keçirəcəklər, Əlincə qalasının yanında, "Şeyx Xorasan" türbəsində görüş olacaq, Cənubi Azərbaycanda Milli hökümətin təşkili üçün iş planı tutulacaq. "Snimok-parol" lazım idi ki, Stalinin direktivası əsasında, Sovet agenti keçə bilsin o görüş yerinə.

Mirqəzəb qızıl kisəsini çıxartdı, göstərdi, dedi: "Ruka Lavrentiya2 koşnulas etoqo meşka. Ne dostaneş parol, ruka Lavrentiya kosnetsya tebya. Beri maşınu sekretarya raykoma Akopova3, poezjay".

Getdim.

Elektrik yox idi o vaxt Muğanlıda. Qaranlıqda Məmməd xozeyinin evinin qabağında camaata qarışdım. Dedim: "Rəhmətliyin dəfnində iştirak eləyəmmədim. Olarmı sovxasının üstündə Quran oxuyum?"

Apardılar, paltarı tökdülər qabağıma. Gördüm pencəyin, köynəyin cibləri boşdu. Dedim: "Kişinin paltarının ciblərindən nə çıxıb, yaylığına qədər, hamısını gətirin qoyun, qırx bağlayacam".

Muğannalardan "Snimok - parol"un sirrini bilənlərin hamısı Göycə mahalında, Göy qılınc yaylağında idi. Dərhal gətirdilər dokumentləri. Pasportu açdım. Şəkil pasportun arasında idi. Ala dovşan dərisindən papaq vardı yeddi yaşlı Adı Pünhanın başında:

Bünyad bəy əvvəlcədən bilirdi ki, ala dovşan dərisi Nəriman Nərimanovun EyAğOd - "Yakut" səfərindən sonra bir "Yakut" türkünün əlilə Məmməd ağaya, Məmməd ağadan Omar ağaya göndərdiyi "hədiyyə rəmz" idi. Otuz dördüncü ilin yazında Omar ağanın bacısı oğlu Mahmud Yolcuyevin çamadanında gedib Göy Qılınc yaylağına çatandan sonra gizlin SafAğ alimi "Hacı" Babanın4 əlində papağa çevrilib, altı yaşlı varisin5 başına qoyulmuşdu. Sonra həmin Mahmud Yolçuyevin göndərdiyi fotoqrafın fotoaparatında altı ədəd şəkilə çenvrilmişdi ki, Türk ərazisində "Dəli"ləri birləşdirə-birləşdirə Naxçıvanda "Şeyx Xorason" türbəsinə gedib Milli hökumət təşkil etsin.

"Snimok-parol"un yeddinci qopyası Bünyad bəyin fotoaparatında Mirqəzəbin vaqonuna getdi. Görüş istirakçılarının hamısı dərk etdi ki, Stalinin pəncəsinin altında gizlin yaşamaq mümkün deyil.

O tayda Milli hökumət SafAğ Elmi əsasında qurulmalı idi. "Şeyx Xorasan" - Nəimi türbəsində, Nəiminin “Cavidannamə"sinin arasında saxlanan proqrama görə, Elm Türkiyədə, İrakda, Ərəb ərazilərində yayılandan sonra İslam dini ifşa edilməli idi və "Əxi" - AğEy bayrağı1 qaldırılmalı, Bağday elan olunmalı idi.

Gəncə qubernatoru, Muğannaların nizami ordu hissələrini - "Qacaqlar"ı qırdıqdan sonra Muğannaların böyük bir qismini öz əmri ilə müxtəlif cəhətlərə sürdüyünə görə onların gizlin dağılışdıqları əraziləri şəxsən bilirdi və hələ 1920-ci ildən (Sovet Hakimiyyəti qurulmasından) bir neçə il əvvəl "Muğ"ları axtaran casuslar seti yetirmişdi və raport almışdı ki,"Muğ"lardan bir qismi "Yevrey" - EvƏrEylər Yakutiyaya qaçıblar və orada Elm yayırlar.

Parolu Mirqəzəbin pasportunun arasında görəndə görüş iştirakçıları dərhal əl çəkdilər o proqramdan. Milli höküməti Nərimanovun 1904-cü ildə yazdığı sosializm proqramı əsasında qurmağı lazım bilib, Stalinə məktub yazdılar.

SafAğ "Dəli"si, EvƏrEy OdƏri Məmməd xozeyininizi belə öldürdü bu Yevrey Bünyad! Arzusu ilə birlikdə!

Səmədin səsində istehza hiss olundu:

- Əminsən ki, Məmməd xozeyini arzusu ilə birlikdə öldürmüsən?

Bünyad bəy "hm" eləyib dedi:

- Əlbəttə!

Səməd dedi:

- İzah elə.

Bəy dedi:

- İzahsız da məlumdu. Otuz dördüncü ildə Omar ağa dünyasını dəyişəndə cibindən çıxan siyahıda on nəfərin adları kimlərin adları idi, bunu hamı bilir.

On nəfər "Comərdin - qaçaq başçısının adlarının mənim əlimə keçməsi demək idi. Göyçə mahalının, dərəlyəzin, Ağbabalı kəndliərində səssiz-səmirsiz, beşbir-üçbir öldürülməsi deməkdisə, bu, gizlin Bağdayın tamam ordusuz qalması deməkdi. Məmməd ağanın cibindən tapılan parolun Mircəfər - Mirqəzəbin əlinə keçməsi isə Cənubi Azərbaycanda, kürdüstanda, döv¬lətlərinizin məhvi deməkdisə, Məmməd ağanın arzusu da özü ilə getmədi?!Səməd qımışırdı:

- Hara getdi? OdAğÜz BağOdƏrə, ya yox?! OdAğÜz sakini, Kainat sakini Səməd Əmirli qarşında əyləşib səni Cəhənnəm Odunda yandırırsa, Kainatın bütün OdƏr bəşəriyyəti Yerdə - EyƏrdə Bağdayın bərpasını gözləyirsə, Məmməd ağanın arzusu harda, nə vaxt ölüb, ay kar, kor "ins"?!". Bu da sofistikadı, yoxsa reallıqdı?! Cavab ver!

Bəy, düşgün, üzgün:

- Yenə üstələdin - dedi - Səhvə yol verdim mən. Nöqsanım var mənim: hissə qapılanda həmişə səhv eləyirəm.

Səməd dedi:

- Məmməd xozeyinin arzusu bütün Kainatda bütün OdƏr bəşəriyyətinin arzusudu, əlbəttə. Əmma o arzu indi həyata keçir, ay ağılsız Yevrey!

Bünyad bəy diksindi:

- Həyata keçir?!

- Bəs necə?!

- Mən niyə görmürəm?!

- Görürsən. Adıpünhan kimdi?

- SafAğ Elmi varisidi. “Yeni GürÜn” yazan Muğanna Adıpünhan, yeni bağHəmOd - "Məhəmməd" deyilmi, ay bədbəxt?!

Bünyad bəy bir xeyli susub, sonra diksindi.

- Məhəmməd?!

- Xeyr. "Məhəmməd" də, "quran" da Ərəbin təhrif sözləridi, ay idraksız! O BağHəmOdumuzun "GurÜn"ünün guya üstünə qan tökülüb, guya oxunmur. Yeni BağHəmOdumuzun "GurÜn”ünü o qanlı əllərinlə vərəqləyə-vərəqləyə, dəhşətə gələ-gələ oxumamısan?!

Bünyad bəy özünə arxalanır, ay bədbəxt! Yalançı lailahəilləllaha ən fanatik İslamçılar da inanmırlar. Hə, yanırmı için?! Düzünü de!

Bəy astadan:

- Yanır, açığı, yanır. - dedi.

Bəy yenə çaşqınlaşdı:

- Bu vaxta qədər yüzlərlə çekist qarşısında oynamışam, sirrimi heç kəs görməyib. Dəhşətli yox, sən möcüzəli çekistsən! Ayıltdın sən məni: Bünyad bəy səni də Məmməd xozeyinin dalınca göndərəsi oldu.

- Afərin, bəy! Kar-kor Yevreylər qalıb gəlsələr, yeni Sovet imperiyasının gələcək mərkəzi Moskvada heykəl ucaldacaqlar sənə.

- Bünyad bəydə qətiyyən şübhə yoxdu!

Səməd dedi:

- Yəni sən görmürsənmi ki, gizlin Sovetlər - İran, İraq, Suriya, Şimali Koreya və sairə - hamısı yanır?!

Bu dəfə Bəy güldü.

Səməd dedi:

- Müharibə dayansa da dağılacaq!

Heyrət bəyi xeyli susmağa məcbur etdi. Sonra ağır - ağır soruşdu ki:

- Kim dayandıra bilər belə qlobal müharibəni?!

Səmədin cavabı öldürücü idi.

- Müharibə özü dayandıracaq müharibəni. Görmürsənmi Yeri su basır, ay kor!

- Hə?! Yəni doğrudan potop?!

Səməd elə bil öz - özünə:

- Potop... potop... potop, - dedi. - Heyif səndən, ey gözəl EyƏr!

Bünyad bəy duruxmuşdu.

- Bura bax,- dedi - Bəs Pünhanınız yazır ki, Bağdayı su basmayacaq?!

Səməd dedi:

- Bunu gələcək göstərər. Keçək başqa suala: Omar ağanın hansı oğlunu harda öldürdün?.. Mustafa əhvalatı yarımçıq qaldı, Omar ağanın böyük oğlu Pir Vəlini, İşıqsaçan deyilən Hüseyni... Sarıyoxuş deyilən yerdə Hüseynin dostu, qardaşlığı Musanı necə öldürdün? Danış!

davamı
XS
SM
MD
LG