Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Musa Yaqub: "Istərdim yeni sədr daha işgüzar olsun"


"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı şair Musa Yaqubdur.


Kaş ki insan ömür yoldaşıyla bir yerdə getsin həyatdan.

Bəlkə ceyranlarımızı da salaq bu borulara getsin?

Qaynayan bir bulağı zəbt edib özününkü edə bilməzsən. Amma oliqarxlar, pullular deyir ki, elə hamısı mənim olsun...

Ədəbiyyat dərslikləri sifarişlə yazılır.

Yoxsa mən də şahzadələrin gözündə şirinləşmək üçün bir-iki xoş söz yazaram, olaram şipşirin.



- Adətən deyirlər ki, insan yalnız gənclik illərində yaxşı şeirilər yaza bilər və şairlər yaşlandiqca nəsrə üz tutsalar, daha məqsədəuyğun olar. Bu fikirlə razısınızmı?

- Qətiyyən. Çünki hər yaşın öz hissi var. Bunu ilk sevgi haqda demək olar. Ilk sevginin səni yandırdığı kimi ömrü boyu yana bilməzsən.

Sevmədən, yanmadan da yazmaq olur. Amma bu da artıq peşəkarlıqdır. O qazanı da yenidən qaynatmaq olar - yaşın müxtəlif çağlarında.

Rəhmətlik Şövkət Ələkbərova deyirdi ki, Rübabə Muradovanın ürəyində boş

qalan yerlər vardı, ona görə belə şirin oxuyurdu.

Yəni o boş qalan yerlərdən qəribə bayatılar, qəribə mahnılar çıxır. Insan o sevgini yaşamayıbsa, kamını almayıbsa, ömrünün hansısa vaxtı o sevgi göyərə bilir.

Bu, ömürlə, vaxtla, kamilliklə bağlıdır. Poeziya məqama bağlıdır.

Düzdü, insan gəncliyində bəzi məsələlərdə daha səbrsiz olur, hisslər tüğyan edir.

Bəlkə də həmin vaxt yazılan yazı daha yaxşı olur. Amma sözün açığı, mən görmüşəm ki, gəncliyində zəif yazan elə kamil dövründə də zəif yazıb.

- Siz öz şeirləriniz barədə nə düşünürsünüz? Onların nəbzi əvvəl necə vururdu, indi necə vurur?

- Bu, kardioqramma ritmi kimidir. Zəif vaxtı da olur, güclü vaxtı da. Mənə elə gəlir ki, ən yaxşı şeirlərimi qırx, əlli yaşlarımda yazmışam.

Hərdən şeirləri çapa verib kitab kimi əlinə alandan sonra yaxşı şeirlərimi görüb sevinmişəm ki, doğrudanmı bu şeirləri mən yazmışam?

Bəlkə də o şeirləri indi həmin hisslərlə yaza bilmərəm. Amma arada kəskin bir sərhəd də yoxdur ki, filna vaxtdan sonra şeir yazmaq olmur.

- Azadlıq haqqında şeirləriniz var. Söz azadlığının vəziyyəti sizi qane etmir, görünür. Nəyi demək istəyrsiz, amma deyə bilmirsiz?

- Sovet dönəmində qadağa yox idi. Heç kimin əlini tutub saxlamırdılar ki, filan mövzunu yazma. Amma əvəzində çap etməyə qoymurdular.

Mənim “Qarağacların ölümü”, “Desəm öldürərlər, deməsəm ölləm” şeirlərimi çap etməyə qoymurdular.

Moskva çap edəndən sonra burda çapa icazə verildi. Nazim Hikmət deyirdi ki, Moskva əmr eləsə ki, əyalətdə filankəsin barmağın kəsin, onlar qolun kəsirdilər.

Çünki bilmirdilər ki, kəsiləsi hansı barmaqdır, deyirdilər cəhənnəm, qoy söz-söhbət olmasın. Insan qadağaya qaçır həmişə. Mənim haqqımda Sudabə xanım bir yazı yazmışdı, “Sərhədpozan” adlı. Insan daim sərhədləri pozmağa can atır. Ədalətsizliyi, haqsızlığı deyirsən, söz qoşurlar ki, guya dövlətçiliyə qarşı çıxırsan.

Şairlər həmişə müxalifətdə olur. Meşələri kəsirlər, yandırırlar, necə dinməyəsən. Meşələr hamısı hasarlanıb indi, onlara baxmaq mümkün deyil.

Bəs gözəlliklə insan arasında belə böyük divar çəkilibsə, mən necə deyə bilərəm ki, sözüm azaddır.

- O divarları, hasarları kim çəkir, Musa müəllim?

- İmkanlılar. Axı mühafizə olunan təbii zonalar var, onlar hamınındır. Qaynayan bir bulağı zəbt edib özününkü edə bilməzsən.

Amma oliqarxlar, pullular deyir ki, elə hamısı mənim olsun. Kim eliyəcək ki? Elə özümüz özümümzə elədiklərimiz bəsdir.

- Bütün bu hallarla sovetlər dönəmində qarşılaşmaq mümkün deyildi. Bu problemlərin fonunda müstəqilliyi, azadlığı qazanmağımıza görə peşmançılıq hissi keçirməyiniz olurmu?

- Azadlığa görə qətiyyən peşman deyiləm. Sovetlər vaxtı yazıçılara çox böyük hörmətlə yanaşırdılar. Indi bu belə deyil. Kim istəsə kitabın çap etdirə bilər, qafiyəli, qafiyəsiz.

Bunlar hamısı azaddır, amma gərək sözə də qiymət qoyasan. Bu cəhətdən adamı yandırır ki, yaxşı pisə qarışıb, pis yaxşıya. Torpaq daha yaxşı qorunurdu və daha yaxşı bölüşdürülürdü.

Indi guya hamıya çek verdilər, əmlak payı. Əmlak da getdi, çek də.



Aldanış yarandı. Amma onda torpaq məsələsində qanun-qayda vardı. Indi kəndliyə torpaq verilib, amma imkan yaradılırmı o torpağı əksin, biçsin?

- İndi qanunlar yoxdurmu?

- Qanunlar var, onları qəbul edirlər, amma dalınca baxmırlar ki, bunun axırı necə oldu?

Mən bir dəfə Milli Məclisdə demişdim ki, adam bir daş atanda baxar ki, görüm bu daş hara düşdü.

Bəs baxmaq lazımdır ki, bu qanun işləyirmi? Qanunlar işləmir çox vaxt, çox şeyi şəxsi münasibətlər həll edir. Bundan başqa mənafe oyunu gedir.

Xəzər dənizinin özündə mənafe oyunu gedir. Torpaq özü mənafe oyununun içindədir.

Nəfslər, tamahlar, paxıllıqlar elə həddə çatıb ki, başqa insanların təmiz hisslərini görmək mümkün deyil. Toz-dumana bürünüb hər yer.

Torpaq da onda bölüşdürülür, hasarlar da onda çəkilir. Insanları birdən açıb buraxdılar azadlığa, onlar da dağıdıb tökürlər azadlığın qol-qıçını.

- Musa müəllim yenidən millət vəkili olmağı özünüz istəmədiniz, yoxsa necə?

- Yox mən gördüm ki, orda mənim yerim yoxdur.

Ürək telim buz bağladı,
Dondurdu sırsıra məni,
Mən hara, bu məclis hara,
Kim gətirdi bura məni?

O zorbala, bu ərköyün,
Üz qırmızı alın düyün,
Açması yox bu örtüyün,
Salacaqlar tora məni.

Bir az susdum, bir az dedim,
Bu oyundan xilas dedim,
Ha üç badam bir qoz dedim,
Qoşdular bu xora məni.


Mən də beş il orda xor oxumuşam istəmədim daha o xoru oxuyum (gülür - F).

- Milli Məclisdə deyə bilmədiyiniz söz çoxmu oldu?

- Sözümü deyirdim. Amma bir də görürdün ki, söz vermirlər, çəkmirlər, göstərmirlər, mikrofonu söndürürlər.

Sən yerində ha danış. Mənə deyirdilər ki, sən niyə çıxış eləmirsən. Deyirdim, edirəm, amma televiziyada göstərmirlər.

- Sizi ən çox narahat edən hansı məqamı çatdırmaq istəyirdiniz, amma maneələrlə qarşılaşırdınız?


Musa Yaqub doğma İsmayıllıda

- Məsələn, sovet dönəmində yığılıb qalmış əmanətlərin qaytarılması haqqında mən nə qədər çıxış elədim.

Onu heç efirdə də vermədilər. Sonra xüsusi qoruq hesab edilən sahələrin qorunması ilə bağlı demişdim.

Bəli, müzakirələr olundu ki, bu tip sahələr özəlləşdirilə, kirayəyə və icarəyə verilə bilməz. Elə həmin məclisdə də neft kontraktı təstiq olunanda Ceyran qoruğundan neçə min hektar “Salyan-Oil” şirkətinə ayırıb verdilər.

Bu tərəfdə bu qanunu qəbul eləyirik, o tərəfdən də bunu eləyirlər.

Dedim ki, bəlkə ceyranlarımızı da salaq bu borulara getsin? Bu söz xoşlarına gəlmədi ki, niyə belə deyirsən?

- Belə çıxır ki, sözün azad olmaması onun eşidilməməyindədir?

- Elədir. Elinin, obanın yaxşılığı üçün dediklərini eşidən yoxdu. Ağsaqqal sözü yoxdu. Deyir icazə verirəm sənə, danış! Bəs yaxşı, boş-boşuna nə qədər danışım? Gərək bir təsiri olsun axı.

- Yazıçılır Birliyinə yeni sədr seçilməsi ilə bağlı nə düşünürsüz?

- Bu seçki məsələsi qurultayda həll olunacaq. Gərək yuxarıdan təsir olmasın, yazıçılar özləri qərar versin buna.

Yazarlar da bu gün bir-birlərini ittiham etməklə məşğuldular.

Əsər müzakirə etmək əvəzinə, bir gözəl şeir yazılanda ona sevinmək, sözü təhlil etmək əvəzinə bir- birlərin ittiham edirlər. Gərək əsərlər müzakirə olunsun, şəxsiyyətlər yox.

Şəxsiyyətlər ucuzlaşdırılanda onun dediyi söz də qiymətdən düşür. Onu oxucu da oxumaq istəmir.

- Yazıçılar Birliyinin sədrliyinə iddianız yoxdur ki?

- Qətiyyən. Rəhbərlik işi ilə aram yoxdur. Istərdim yeni sədr daha işgüzar olsun. Əvvəllər yazıçılara ev verirdillər, istirahətə göndərirdilər.

Digər məsələlərdə də köməklik göstərirdilər. Indi o imkanlar yoxdur.

Mərdəkanda yazarların istirahət yerləri vardı, indi oranı köçkünlərə veriblər.

O küçkünləri başqa yerdə yerləşdirib, oranı yenidən bərpa etmək olar. Bütün bunları yaratmağa imkan var.

- Belə bir fikir var, deyirlər ki Yazıçılar Birliyinə rəhbər daha çox təşkilatçı biri olmalıdır, nəinki yazıçı. Bu fikirlə razısınızmı?

- Elə mən də onu deyirəm ki, elə bir adam olsun ki, yazıçılıqdan daha çox təşkilati işlərlə məşğul olsun. Amma bu, bizim yazarların içində çox çətindir. Şair, yazar olmayan biri qalxıb bir fikir desə, o biriləri də özlərini çəkəcəklər ki, özün nə yazırsan ki, bizə irad tutursan? Amma elə daha yaxşı olardı.

- Bir gənc xanım mənə sizin evi tapmaqda yardımçı oldu. Kollec tələbəsi olan bu qızla yolda bir az söhbətləşdik.

Azərbaycan ədəbiyyatının müasirlərindən birinin adını çəkmədi. Musa Yaqubu da tanımadı. Bunun günahı kimdə, yaxud nədədi?


- Mənə elə gəlir ki, bunun əsas səbəbi təhsil sistemindədir. Ədəbiyyat dərslikləri sifarişlə yazılır.

Min dəfə təbliğ olunan adamları yenə salırlar dərsliklərə.

Qəbul olunan yazarları da xoşlarına gəlmirsə, çıxardırlar dərslikdən. Hakimiyyətlə cəmiyyət arasında bir tarazlıq olmalıdr.


Görəndə ki bu yazarı cəmiyyət qəbul eləyir, gərək onlar da qəbul eləsin, uşaqlar da oxusun. Əvvəllər yazıçılarla universitetdə, məktəblərdə görüşlər var idi. Ədəbiyyatı təbliğ bürosu var idi, mən də orda işləmişdim.

Bütün ölkə yazıçıları gedib çıxış edirdi orda. Kitab mağazaları ləğv olundu.

Dərslik də yox, görüşlər də keçirilmir. O uşaq yazıçıları hardan tanısın bəs?

- Müsahibədən qabaq ayaqüstü söhbət zamanı dediniz ki, xarici ölkəyə səfərə hazırlaşırsınız, orada yaşamaq fikriniz yoxdur ki?

- Mən başqa ölkədə qala bilmərəm.

Qoydu-qaçdı dünyası deyil ki. Mən nəyisə deyirəm, bu o demək deyil ki, mən torpaqdan-yurddan bezmişəm. Nəyisə deyirsənsə, sevdiyindən deyirsən.

Yoxsa mən də şahzadələrin gözündə şirinləşmək üçün bir-iki xoş söz yazaram, olaram şipşirin. Kefim də kef olar.

- Yaxınlarda ömür yoldaşınızı itirdiniz. Uşaqlarınız da böyüyüb, hərəsinin öz ailəsi var.

Bu yaşda insan daha çox kimdən yetim qalır: valideynlərindənmi, övladlarındandmı, yoxsa ömür-gün yoldaşındanmı?


- Bu yaşda insan həyat yoldaşından daha çox yetim qalır. Mehriban həyat yoldaşını heç kim əvəz edə bilməz.

Oğul da sağ olsun, qız da sağ olsun, gəlin də sağ olsun. Kaş ki insan ömür yoldaşıyla bir yerdə getsin həyatdan.

- Ötən həftə rubrikamızın qonağı olmuş Əli Əkbər sizdən soruşub ki, Musa müəllim, siz yenidən dünyaya gəlsəydiniz, yenə şair olardınızmı?

- O, Allahın işidir. Təzədən o ilhamı, o fəhmi versə, indi yaratdığı kimi yaratsa, yəqin ki, şair olacam.

- Növbəti qonağımız Rasim Qaraca olacaq. Ona sualınız olacaqmı?

- Mən Rasim Qaracadı, Murad Köhnəqaladı - indi yadıma düşmür adlarını sadalayım - onların şeirlərini çox istəyirəm, yaxşı yazırlar.

Amma bəzən deyirlər ki, mən şeiri daha fəlsəfi, daha intellektual yazıram ki, oxucu özü tapsın. Adını çəkməyəcəm, mən bir nəfərin şeirlərin üç dəfə oxudum, vallah heç nə başa düşmədim.

- Müsahibədən sonra o şairin kim olduğunu deyərsinizmi qulağıma?

- Deyərəm (gülür - F). Sonra da oxucuya deyirlər ki, səviyyən çatmır bunu başa düşməyə. Şeirin özü fəlsəfədir, yeni doğuluşdur.

Və bu doğuluş oxucuya çatmalıdır. Mən istərdim ki, Azad Yazarlar Ocağı bütün tədbirlərdə iştirak etsinlər, ümumi ahəngə qoşulsunlar.

Bir-birini sancmaqla iş keçməz. Kimsə bir tənqidi söz deyəndə, bunu onların xeyrinə deyilmiş söz kimi qəbul etsinlər.

FEYZİYYƏ

Həmçinin oxu

Əli Əkbər: Azərbaycanda ən çox satılan mənim və Seymur Baycanın kitablarıdır

Əjdər Ol: "Nizamini oxuyanda adamın gülməyi gəlir..."

Vaqif Bayatlı Odər: "Heydər Əliyev tapşırmışdı ki, mənə toxunmasınlar"

İradə Tuncay: "Təhsil sistemindəki qadınlar millətin evini yıxırlar"

Rafiq Tağı: "Mən Allaha bütün ayətullahlardan daha yaxınam"

Şərif Ağayar: "İnsanlar o torpaqlara qayıtmağa mənəvi cəhətdən hazır deyillər"

Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"

XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"

Salam Sarvan: "Şairin oxucu və ya kamera qarşısında artistliyi utanc gətirən şeydi"
XS
SM
MD
LG