Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:51

Qubada narazılıqlar yenidən baş qaldıra bilər


Qubada 1 mart aksiyası
Qubada 1 mart aksiyası
Qubada narazılıqlar yenidən baş qaldıra bilər. Rayon icra başçısının istefasına nail olan rayon sakinləri indi icra hakimiyyəti strukturunun tam yenilənməsini istəyirlər.

Rayon sakini Arif Səmədova görə, icra hakimiyyətinin səlahiyyətlərini icra edən şəxsdən tutmuş bu qurumda çalışan adamların hamısının adına köhnə icra başçısının villaları, torpaq sahələri var və bu səbəbdən də onları yeni adamlar əvəzləməlidir:

«Futbolda bir komanda məğlub olanda ora yeni məşqçi, yeni nəfəs gəlir. Bizim rayona yeni nəfəs lazımdır. Sahib də getməlidir, polis rəisi də getməlidir. Hamı getməlidir ki, rayonda sabitlik olsun. Rayon yaşasın deyə mütləq yeniləşmə olmalıdır. Onu bilin. Çünki keçmiş icra başçısı müavinlərinin adına Qubada torpaq sahələri alıb».

«ÇAYXANALARA ADAM QOYUBLAR»

Arif Səmədov adamların addımbaşı izləndiyini deyir:

«Çayxanalara adamlar qoyublar, adamları müxtəlif yerlərə çağırırlar, qubalıları bir-birinin üzünə durğuzurlar, qorxudurlar. Bilmirik pul alırlar ya yox, xəbərimiz yoxdur. Fakt odur ki, Bakıdan gələn yoxlama zamanı rayon sakinlərini üz-üzə qoymaq istəyirlər. Heç nədən xəbəri olmayan, günahsız adamları istintaqa cəlb edirlər. Mən bunu 100 faiz əminliklə deyirəm».

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (1-ci hissə)

Quba rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Sahib Məmmədovdan deyilənlərə hər hansı münasibət öyrənmək olmadı. İcra hakimiyyətindən digər səlahiyyətlilər isə deyilənlərə münasibət bildirmək istəmədiklərini dedilər. Sahib Məmmədov martın 7-də «Mediaforum» saytına müsahibəsində rayonda tam sakitlik olduğunu bildirib. O deyib ki, rayonda heç bir toplaşmaqdan söhbət gedə bilməz.

BAŞ PROKURORLUQ TƏZYİQLƏRİ TƏKZİB EDİR

1 mart hadisələri ilə bağlı Qubada istintaq aparan Baş Prokurorluq əməkdaşlarının günahsız adamları istintaqa cəlb etməsi və kiməsə hansısa formada təzyiqlər göstərilməsi ilə bağlı deyilənləri Baş Prokurorluq təkzib edir. Baş Prokurorluğun sözçüsü Eldar Sultanova görə, Qubada baş vermiş hadisələrlə bağlı obyektiv və hərtərəfli istintaq aparılmaqla çoxsaylı şahidlər dindirilir. Eldar Sultanova görə, bu zaman hər hansı şəxsin hüquqlarının pozulmasından söhbət gedə bilməz:
«Deyilənlər şayiədir və həqiqəti əks etdirmir».

HÜQUQ MÜDAFİƏÇİLƏRİ QUBAYA SƏFƏRLƏRİNİ TƏXİRƏ SALIBLAR

Arzu Abdullayeva
Arzu Abdullayeva
Bir qrup hüquq müdafiəçisinin Qubaya planlaşdırılan səfəri təxirə salınıb. Hüquq müdafiəçisi Arzu Abdullayeva deyir ki, onlar martın 7-də keçiriləcəyi bildirilən aksiyaya görə rayona getməyi planlaşdırırlarmış. Amma son anda aksiyanın həftənin sonuna qədər təxirə salındığı barədə məlumat gəldiyindən səfəri təxirə salıblar. Arzu Abdullayevanın sözlərinə görə, bu dəfə adamlar icra başçısının səlahiyyətlərini icra edən Sahib Məmmədova qarşı aksiya keçirməyi planlaşdırılarmış:

«Çünki o icra hakimiyyətində sosial-müdafiə məsələlərinə baxan zaman adamların əlilliyə görə aldıqları pullardan və pensiyadan müxtəlif faizlər tutulurmuş. Əhalinin ona da münasibəti pisdir. Bu səbəbdən də adamlar yenidən aksiya keçirməyi planlaşdırırmışlar ki, o, icra başçısı təyin olunmasın. Onun qarşısını almaq üçün belə bir təşəbbüs göstəriblər. Bizdə olan məlumata görə, sakinlər aksiyanı həftənin sonunda keçirməyi planlaşdırırlar».

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (Təkrar - 2)

Arzu Abdullayeva deyir ki, bu səbəbdən də bir qrup hüquq-müdafiəçisi həftəsonu Qubaya səfər etməyi planlaşdırır.

HÖKUMƏTƏ DƏSTƏK AKSİYASININ KEÇİRİLƏCƏYİ BARƏDƏ MƏLUMATLAR VAR

Rayondan aldığımız bəzi məlumatlara görə, həftənin sonuna planlaşdırılan aksiya hökuməti müdafiə aksiyası olacaq. Hələki bu məlumatlar rəsmi təsdiqini tapmır.

Martın 1-də Qubada etiraz aksiyası olub. Adamlar əvvəlcə icra hakimiyyəti binasının qarşısına yığışaraq icra başçısının bir çıxışında onları təhqir etdiyini deyərək onun üzr istəməsini və istefa verməsini tələb ediblər. Bir müddət sonra aksiya genişlənib. İcra hakimiyyətinin yardımçı binası və keçmiş icra başçısı Rauf Həbibova məxsus iki villa yandırılıb.

Baş verən hadisə ilə bağlı cinayət işi açılıb, istintaq aparılır. İndiyə qədər saxlanılan 3 nəfərin adı məlumdur. Rayon sakinləri isə saxlananların daha çox olduğunu iddia edirlər.
XS
SM
MD
LG