Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:47

Əkrəm Əylisli: «Əksər icra başçıları özlərini xan kimi aparırlar»


Əkrəm Əylisli
Əkrəm Əylisli
Martın 1-də Qubada baş verən kütləvi etiraz aksiyasının nəticələri və fəsadları hələ də medianın diqqət mərkəzində qalır. Bəs Azərbaycan ziyalısı bu barədə nə düşünür? Xalq yazıçısı Əkrəm Əylisli ilə bu barədə söhbəti təqdim edirik.

- Əkrəm müəllim, Quba hadisələrinə münasibətinizi bilmək istərdik.

- Mən bir ziyalı və vətəndaş mövqeyim olaraq deyirəm ki, Quba hadisələri çox qəliz məsələdir. Açığını deyim ki, mən bu «ərəb baharı», filana sevinən deyiləm. Çünki gözümün qarşısında ərəb dünyasını darmadağın etdilər. Ərəb dünyası özünə gələnəcən bəlkə əlli il vaxt keçməlidir.

QUBA HADİSƏLƏRİ = ƏRƏB BARAHI?

– Quba hadisələrini «ərəb baharı»na oxşatmaq olar, deyirsiz?

– Yox. Qubada hadisələrinin içini bilmirəm düzü. Amma o mafioz qruplaşmaların bir birinə qarşı qurduğu oyun da ola bilər. Amma fakt budur ki, bu hadisə hakimiyyətə ciddi siqnal olmalıdır. Faktiki olaraq camaat küçələrə tökülüşdü və kortəbii bir vəziyyət yarandı. O kortəbii vəziyyət bir az da güclənəndə qarşısını almaq çox çətin olur.

– Hadisələrin kökündə sosial problemlər də var, ya ancaq dediyiniz mafioz qruplardır?

– Bu yalnız Quba deyil. Mən hamısını ümumiləşdirmək istəmirəm, amma bu faktdır ki, Azərbaycanın əksər rayonlarında icra başçıları özlərini xan kimi aparırlar. Camaata yuxarıdan aşağı baxırlar. Xalqı məcbur edirlər ki, bunların özlərinə və ümumiyyətlə hakimiyyətə nifrət etsin. O yerə gətirib çıxardırlar milləti. O icra başçılarından mən bəzilərini tanıyıram. Necə deyərlər onları «iki eşşəyin arpasını bölməyə» də layiq bilmirəm. Amma gəlib oturublar də orada.

KADR MƏSƏLƏSİNDƏ HƏSSASLIQ OLMALIDIR

– Sizcə, Qubadakı kimi etiraz aksiyalarını da adi siyasi mitinqlər kimi yatırtmaq asandır?

Qubada 1 mart aksiyası
Qubada 1 mart aksiyası
– Deyim ki, indi hakimiyyət güclüdür. Buna söz ola bilməz. Bu hakimiyyətin imkanı var ki, hər cürə üsyanı yatırtsın. Amma bu üsyanın bu gün birini yatırdarsan, sabah başqası ola bilər.

– Onda bəs necə etməli?

– Məsələləri koordinal şəklidə həll etmək lazımdır. Çalışmaq lazımdır ki, sosial ədalətsizlik nisbətən aradan götürülsün. Məsələ ondadır ki, Azərbaycan kapitalizmi çox qudurmuş kapitalizmdir. Men xeyli kapitalist ölkəsində olmuşam. Avropada, götürək elə Norveçi. Orada kapitalistlərin böyük sərvəti var. Amma adi insanların da hər şeyi var. Və heç kim digərinə yuxarıdan aşağı baxmır. Biz çalışmalıyıq ki, ölkəmiz yavaş-yavaş o istiqamətə getsin. Amma quduran qudurmağında, əzilən əzilməyində, bu gedişlə əlbəttə ki, ölkə çox pis vəziyyətə düşə bilər. Ona görə də məncə, dövlətin idarəedici orqanları kadr məsələlərinə həssaslığı artırmalıdır. İndi o həssaslıq yoxdur. Özüm görməmişəm, babalı deyənlərin boynuna. Pul verib gedirlər vəzifəyə, oturub başlayırlar pul yığmağa, bütün zülm də camaatın üzərinə düşür.

«XALQIN QƏZƏBİ VULKAN KİMİDİR»

– Sizcə, Qubadan gələn siqnal Bakıda ciddi qəbul olunacaq?

– Mənə elə gəlir ki, artıq ciddi qəbul olunub. Yəni hakimiyyətdə oturanlar gözlərini yummayıblar. Mən bu işin içini bilmirəm. Yəqin ki, onlar bu işin içini də yaxşı bilirlər. Amma bu üsyana nə bais olsa belə, hər halda bu adamlar yəqin ki, bunu görüblər, hiss ediblər və onlardan tələb edilən budur ki, həssas yanaşsınlar buna. Yəni bunu qulaqardına verməsinlər.

– Əkrəm müəllim, qulaqardına versələr, nə olar sizcə?

– Onda gələcəkdə bu hadisələr bir az da geniş miqyas alar. İnsanda dözümün həddi olur. O hədd qurtaranda ola bilsin ki, daha gözlənilməz, daha qorxulu və acınacaqlı hadisələr baş ver bilər. Xalqın qəzəbi təbii fəlakət kimi olur. Vulkan kimi. İçəridə yığıb püskürəndən sonra qarşısını almaq olmur, yandırır hər yeri.
XS
SM
MD
LG