Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:37

Quba hadisələrinə görə həbs olunan YAP üzvü özünü günahkar saymır


Quba, 1 mart 2012
Quba, 1 mart 2012
«Quba hadisələrinə görə həbs olunan Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, rayon Olimpiya Kompleksinin hakim-inspektoru Akif Əliyev özünü günahkar saymır».

Bunu AzadlıqRadiosuna onun vəkili Əshabəli Mustafayev deyib.

Vəkil Akif Əliyevlə sonuncu dəfə aprelin 13-də Kürdəxanıdakı Bakı İstintaq Təcridxanasında görüşdüyünü deyir:

«Deyir ki, heç bilmirəm məni niyə saxlayıblar. Anlaşılmazlıq içindədir. Bildirir ki, YAP-ın üzvü olduğum üçün martın 1-i aksiya olanda, bizə dedilər ki, icra başçısı çıxış edəcək, icra hakimiyyətinin qabağına gəlin. Mən də rayon rəhbərinin iştirak, çıxış edəcəyi mitinqə qatılmağı özümə borc bildim və getdim. Amma deyir, bir adam deyə bilməz ki, mən orda hansısa qanunsuz hərəkət etmişəm, şüar səsləndirmişəm».

YAP Quba rayon təşkilatının aparat rəhbəri Hüseyn Kərimov Akif Əliyevin 2011-ci ilin oktyabrından YAP-ın üzü olduğunu təsdiqləyir. Amma partiya üzvlərinin martın 1-də icra hakimiyyəti qarşısına çağırılmasını təkzib edir:

«Qanunsuz bir aksiya olub və partiya da heç kimi icra hakimiyyətinin qarşısına çağırmayıb. Akif Əliyev bizim partiyanın üzvüdür və hazırda da həbsdədir. Partiya mənsubiyyətindən asılı olmayaraq, kiminsə günahı varsa, o, qanun qarşısında cavab verməlidir».

Martın 27-də həbs olunan Akif Əliyevə Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və yə bu cür hərəkətlərdə fəal iştirak etmə) və 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə ittiham irəli sürülüb.

Nəsimi rayon Məhkəməsi barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.

Martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Dinc aksiya bir qədər sonra icra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun evinin yandırılması ilə sona çatıb.

Etirazlara səbəb isə Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirlər səbəb olub. Sosial şəbəkələrdə yayılan həmin çıxışı rayon sakinləri özlərinə təhqir kimi qiymətləndiriblər.

Aksiyadan bir gün sonra prezident Rauf Həbibovu vəzifəsindən azad edib.

Qubada baş verənlərin istintaqını Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Baş Prokurorluqla Daxili İşlər Nazirliyinin aprelin 5-də yaydığı məlumata əsasən, Quba hadisələri ilə əlaqədar 30 nəfər təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onlardan 12-si həbs edilib, 18-indən isə başqa yerə getməmək haqqında iltizam alınıb. Həbs olunanların 2-si Qubadakı «Xəyal» televiziyasının əməkdaşlarıdır.

Yerli sakinlər isə aprelin 4-də Qubada səfərdə olan hüquq müdafiəçilərinə bildiriblər ki, həbs olunanların sayı 30-dan çoxdur. Ümumilikdə isə 200-ə yaxın şəxs istintaqa cəlb olunub.
XS
SM
MD
LG