Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:32

Avropa Birliyi Azərbaycana nədə güzəştə getməyəcək? (Petter Stano ilə müsahibə)


Petter Stano
Petter Stano
-

"Bizim güzəştə getməyəcəyimiz sahələr də var. Bu da dəyərlərdir. O cümlədən insan haqları, qanunun aliliyi, azadlıqlar sahəsində".


Avropa Birliyinin Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Fülenin sözçüsü Petter Stanonun Azadlıq Radiosuna müsahibəsi


- Cənab komissarın bildirdiyinə görə, Azərbaycan və Avropa Birliyi arasında assosiativ sazişin layihəsi noyabra, yəni Vilnüs sammitinə qədər hazır olmayacaq. Mümkünsə bunun səbəblərini açıqlayardınız.

- Bildiyiniz kimi, assosiativ saziş Avropa Birliyinin Şərqi Tərəfdaşlıq proqramı çərçivəsində öz tərəfdaşlarına verdiyi çox mühüm bir təklif, effektiv bir alətdir. Assosiativ saziş tərəfdaş ölkə ilə siyasi əməkdaşlıq və iqtisadi inteqrasiyanı nəzərdə tutur. Belə bir sazişin imzalanması üçün tərəflər bəzi məsələlər ətrafında razılıq əldə etməlidirlər. O cümlədən assosiativ üzvlük təklif edilən ölkə müəyyən islahatlar aparmalı, Avropada çox mühüm olan müəyyən dəylər və prinsiplərlə bağlı üzərinə öhdəliklər götürməlidir. Bir sözlə biz bu məsələlərlə bağlı bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla danışıqlar aparırıq. Amma hər bir ölkə ilə danışıqlar müxtəlif mərhələlərdədir. Məsələn, Ukrayna ilə bağlı sazişin mətni hazırdır və biz onu imzalamaq üçün münasib vaxtı gözləyirik. Digər ölkələrlə də danışıqlar davam edir və biz ümid edirik ki, onların çoxuyla saziş mətnini noyabrdakı sammitə qədər tam razılaşdıra biləcəyik. Güman ki, Azərbaycanla bağlı sazişin mətni həmin sammitə qədər hazır olmayacaq, amma bu o demək deyil ki, biz sazişin imzalanmasında maraqlı deyilik. Bu yalnız vaxt məsələsidir. Yubanmanın səbəbi isə odur ki, ötən il Azərbaycanla bağlı sazişə dair danışıqlarda ciddi irəliləyiş olsa da, bir sıra texniki məsələlərdə razılıq əldə edilsə də, ümumilikdə danışıqların sürəti prosesin noyabra qədər yekunlaşdırılması üçün tələb olunan sürətdən aşağıdır.

- Sürətin aşağı olması Azərbaycanın başqa ölkələrlə müqayisədə geri qalması ilə bağlıdır, yoxsa bu yubanma Avropa Birliyinin özü ilə əlaqədardır?

- Biz bu məsələdə ölkələri müqayisə etmək istəməzdik. Çünki hər bir ölkə özünəməxsusdur. Bundan başqa bu ölkələrlə danışıqlara başlayanda onların inkişaf səviyyəsi fərqli olub. Və onlarla danışıqlar müxtəlif vaxtlarda başlanıb. Azərbaycanla bağlı proses davam edir, masa üzərində bəzi məsələlər qalır ki, biz onları həll etməliyik. Avropa Birliyi üçün dəyərlərlə bağlı, o cümlədən qanunun aliliyi, insan haqlarına aid məsələlərin razılaşdırılması vacibdir. Əlbəttə razılaşdırılası məsələlərin
bəziləri digərlərindən daha çətindir və adətən daha çətin məsələlər prosesin son mərhələsinə saxlanır və daha çox vaxt aparır. Azərbaycanla bağlı bəzi məsələlər ola bilər ki, (məsələn, ticarət, Dağlıq Qarabağ, insan haqları) onlar daha dərindən müzakirə tələb edə bilər. Amma biz danışıqları mümkün qədər tez bitirmək istəyirik. Bunda maraqlıyıq. Çünki bu sazişlər həm Avropa Birliyi, həm də tərəfdaş ölkəyə çox xeyir verəcək.

- Azərbaycanla danışıqlarda ən böyük çətinliklər demokratiya, insan haqlarına dair məsələləri razılaşıdıranda üzə çıxır?

- Mən “daha çətin” məsələlərin təfərrüatına getmək istəməzdim. Amma sizin qeyd etdiyiniz məsələlər Avropa Birliyi üçün böyük əhəmiyyətə malikdir. Bütün tərəfdaş ölkələrlə danışıqlarda bizim çantamızda çoxlu kompromis variantlar olur, istər Ermənistan olsun, istərsə də Azərbaycan, Moldova, yaxud da başqa ölkə, biz danışıqlarda çoxlu sayda güzəştlərə getməyə hazır olduğumuzu göstəririk. Amma bizim güzəştə getməyəcəyimiz sahələr də var. Bu da dəyərlərdir. O cümlədən insan haqları, qanunun aliliyi, azadlıqlar sahəsində.

- Bəziləri düşünür ki, Azərbaycan Avropa Birliyi ilə əməkdaşlığın daha çox iqtisadiyyat, enerji sahəsinə əsaslanmasına çalışır...

- Bu da işbirliyinin əhatə etdiyi sahələrdən yalnız biridir. Amma Avropa Birliyi tərəfdaş ölkə ilə siyasi və iqtisadi həyatın az qala bütün sahələrində əməkdaşlıq etmək istəyir. Ən əsası isə tərəfdaş ölkənin nə dərəcədə islahatlara meylli olmasıdır. İstər siyasi, istərsə də iqtisadi sahədə.

- Bu günlərdə Avropa Birliyi Azərbaycandakı son həbslərdən, Tofiq Yaqublu və İlqar Məmmədovun həbsindən narahat olduğunu bəyan etdi. Bunu da Azərbaycana yanaşmanın göstəricisi saymaq olarmı?

- Biz Azərbaycanı özümüzə tərəfdaş sayırıq. Amma eyni zamanda bu tərəfdaşlığın açıq olmasını istəyirik, əgər hansısa məsələ ilə bağlı suallarımız varsa, onu gizlətməyəcəyik, əksinə qaldıracağıq. Bizim öz qonşularımızla münasibətlərimiz dəyərlərə və prinsiplərə əsaslanır.

- Assosiativ sazişlə bağlı danışıqların başa çatdırılması üçün son müddət varmı?

- Əgər biz prosesin ortasındayıqsa, deməli onu başa çatdırmaq istəyirik. Çalışırıq ki, danışıqları yekunlaşdırıb sazişi imzalayaq.

- Bu sazişin həyata keçirilməsi Azərbaycana nə kimi xeyir verə bilər?

- Bunun Azərbaycana bir çox sahələrdə xeyri dəyə bilər: insanların biznes imkanları arta, ölkədə Avropa standartlarının tətbiqi, istehlakçıların təhlükəsizliyi, müştərilərin müdafiəsi və s. sahələrdə geniş imkanlar açıla bilər.
XS
SM
MD
LG