Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:44

«Mən özüm ən böyük qubalıyam» [Video]


Qubanın qəzəbi
Gözlə
Embed

No media source currently available

0:00 0:07:52 0:00

AzadlıqRadiosuTV «Qubanın qəzəbi» adlı sənədli film hazırlayıb. Film Qubada 1 mart 2012-ci il hadisələrinin bir illiyinə həsr olunub.

-
«Qubada başçılıq etdiyim dövrdən hər bir qubalının qabağında baş əyirəm, hər kəsə hörmətlə-izzətlə yanaşıram. Qubada görülən işlərin hər biri sizlərin adına yazılan işlərdir. Mən dediyim sözlərlə o demək deyil ki, qubalıları təhqir edirəm. Xeyr. Mən özüm ən böyük qubalıyam. Heç kimi təhqir etmək niyyətində olmamışam. Ola bilər ki, mənim sözlərini düzgün başa düşməyiblər. Ona görə də hər bir qubalıdan üzr istəməyə hazıram. Söz sizə düzgün çatdırılmayıb».

1 mart 2012-ci il. Sosial şəbəkədə yerləşdirilmiş bir məmur çıxışı Azərbaycanın şimalında yerləşən Qubada qəzəblə qarşılandı. Qubalılar hesab edirdilər ki, rayonun icra başçısı Rauf Həbibov şəhərdəki Heydər Əliyev Mərkəzində keçirdiyi müşavirədə onları təhqir edib.

«QUBALILAR QUBANI SATIB»

Sosial şəbəkəyə yerləşdirilən videogörüntülər 2011-ci ilin noyabr ayının 21-də H.Əliyev Mərkəzində keçirilən toplantıda çəkilmişdi. Rauf Həbibov bunları söyləmişdi:

«Qubalılar Qubanı satıb – 30-40 manat bazarlığa satıblar. Müəyyən nankor qubalılar tərəfindən satılıb. Solunuza, sağınıza baxın, görün hansı insanlarla bir yerdə oturursunuz. Baxın-görün, qubalılar həm öz xalqını satıb, həm öz dövlətini satıb, həm öz ailəsini satıb... Gedib müəyyən qruplara qoşulur, ağzına gələni danışır, nə var-nə var, evinə 30-40 manatlıq bazarlıq gətirirlər...».

Youtube-da bu çıxış yayılandan sonra küçəyə çıxan əhali icra başçısının villasını, icra hakimiyyətinin binasını yandırır. İcra başçısının istefası tələb olunur. Onun üzrxahlıq cəhdi baş tutmur. Günün sonunda prezident Rauf Həbibovu işdən azad edir.

Qarışıqlığa ilk özünü yetirənlərdən biri – deputat, qubalıların yanında az-çox sözü keçən Vahid Əhmədov olur. İcra başçısının, prokurorun, rayon ağsaqqallarının sözünü eşitməyən qubalılar məhz Vahid Əhmədovun göstərişi ilə sakitləşirlər. Qarşılığında deputat da söz verir ki, bu hadisələrə görə heç kim həbsə atılmayacaq.

«22 nəfərin hamısından izahat alıb buraxacaqlar», –Vahid Əhmədov etirazçılar önündə bunu deyirdi.

TUTULANLARIN AXIRI...

Ancaq elə ilk günlərdən Qubada üst-üstə həbslər başlandı. El arasında, adətən, «Bandotdel» kimi tanınan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılan yüzlərlə qubalıdan izahatlar, ifadələr alındı. 30 nəfər də ayrıca cinayət məsuliyyətinə cəlb olundu.

Sonralar Vahid Əhmədov Quba hadisələrində tutulanların taleyindən, ümumiyyətlə, danışmaq istəmədi. Danışanda da belə danışdı:

«Hələ bilinmir tutulanların axırı necə olacaq».

Tutulanların da axırı o oldu ki, 24 nəfər haqqında məhkəmə hökmü çıxarıldı. Onlardan 6 nəfərinə 3 ildən 6 ilədək, 18 nəfərinə şərti həbs cəzası kəsildi. İndi Xaçmaz məhkəməsində sonuncu qrupun məhkəməsi sona çatdırılmaqdadır.

İndi Qubada nisbi sakitlik hökm sürməkdə, keçmiş icra başçısı Rauf Həbibov da Nəqliyyat Nazirliyində vəzifə tutmaqdadır.

Quba hadisələrinə kasıb təbəqənin səbir kasasının aşıb-daşması kimi yanaşanlar da var, onu hakimiyyətdaxili çəkişmə sayanlar da. Bəziləri bunu Azərbaycanda dəbdə olan «qeyrət məsələsi» adlandırır. Gerçək qiyməti tarix verəcək.
XS
SM
MD
LG