Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:41

Keçmiş icra başçısı həbsdə olanlardan 205 min manat tələb edir


Xaçmaz rayon Məhkəməsi
Xaçmaz rayon Məhkəməsi
-
Martın 12-də Xaçmaz rayon Məhkəməsində 1 mart Quba hadisələrinin təşkilatçılığında təqsirləndirilənlərin məhkəməsi vəkillərin çıxışı ilə davam edib.

Vəkillər Qubanın keçmiş bələdiyyə sədri Elxan Əliyev, «Xəyal TV»nin icraçı direktoru Vüqar Qonaqov, baş redaktor Zaur Quliyev, məlum videonu sosial şəbəkədə paylaşmış Muxtar Ələkbərov, sahibkar Gülağa Ağayev və Əmlak Məsələləri Dövlət Komitəsinin rayon şöbəsinin əməkdaşı Zakir Məmmədova bəraət istəyiblər.

Vəkillər 3 aydan artıq davam edən məhkəmə prosesində ittihamların sübuta yetirilmədiyini bildiriblər.

SON SÖZ

Sonra təqsirləndirilən şəxslər son söz deyiblər.

Jurnalist Zaur Quliyev (hakimə):

«9 aydır həbsdəyəm. Məhkəmənin ilk günündən sizə dedim ki, məni ailəmizdən xəbərsiz bir sutka «banditizmdə» girov saxlayandan sonra saxta cinayət işi qaldırıblar və məhkəmə barəmdə həbs qərarı verib. Kürdəxanıdakı təcridxanada saxlandığım müddətdə bir dəfə müstəntiq üzü görməmişəm. Siz də dediniz ki, hələ məhkəmə indi başlayır və məni tələsməməyə dəvət edirdiniz. Deyirdiniz ki, hər şeyə məhkəmə sonda qiymət verəcək. Məhkəmə başladı, 3 ayda burda dindirilən 83 şahiddən biri də mənim adımı çəkmədi. Əleyhimə bir cümlə də eşitmədiniz. İndi xahiş edirəm mənim təqsirsiz olduğumu nəzərə alıb barəmdə bəraət hökmü çıxarasınız».

Qubanın keçmiş bələdiyyə sədri Elxan Əliyev:

«Bura gələn şahidlərin ifadələri də, 400 nəfərin imzası ilə məhkəməyə göndərilmiş məktub da təsdiqlədi ki, Quba hadisələri zamanı fəaliyyətim adamları sakitləşdirməkdən ibarət olub».

Digər təqsirləndirilənlər də bəraət hökmü çıxarılmasını istəyiblər.

205244 MANAT

Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin və Quba rayon İcra Hakimiyyətinin nümayəndələri iş üzrə mülki iddialarının olmadığını bildirdilər.

Qubanın keçmiş icra başçısı Rauf Həbibovun nümayəndəsi isə hadisələr zamanı başçının əmlakına dəymiş 205 min 244 manat iddianın qüvvədə qaldığını xatırladıb və ödənilməsini tələb edib.
Rauf Həbibov
Rauf Həbibov

Keçən ilin noyabr ayında başlanmış məhkəmə istintaqına martın 15-də hökmün oxunuşu ilə yekun vurulacaq.

2012-ci il martın 1-də Qubada icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbilə aksiya keçirilib. Etiraza səbəb sabiq icra başçısının sosial şəbəkələrdə yayılan çıxışı olub. Etirazçılar həmin çıxışda icra başçısının qubalıları təhqir etdiyini bildiriblər.

Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra hakimiyyətinin yardımçı binaları və Rauf Həbibovun şəxsi evi yandırılıb.

Martın 2-də prezident fərmanı ilə Rauf Həbibov vəzifəsindən azad edilib. Rauf Həbibov hazırda Nəqliyyat Nazirliyində vəzifə tutur.

Quba hadisələrinə görə bütövlükdə 30 nəfər məsuliyyətə cəlb olunub. Onlardan 24 nəfərinə hökm oxunub. 6 nəfərə 4 ildən 5 ilədək həbs cəzası verilib. Qalanları 3 il şərti cəzalandırılaraq məhkəmə zalından azad edilib.
XS
SM
MD
LG