Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:49

Ekspertlər: Omikron özünü ‘təbii vaksin’ kimi aparır


Hazırda Cənubi Afrikada heç bir məhdudiyyətlər qoyulmayıb. Restoranlar, mağazalar, kinoteatrlar, ticarət mərkləzləri və idman kompleksləri açıqdır

COVID alimləri getdikcə daha çox əmin olurlar ki, koronavirusun Omikron variantı özünün çox zəif simptomlarına baxmayaraq anticism yaratması ilə on milyonlarla insan üçün “təbii vaksin” rolunu oynamağa başlayır.

City A.M. qəzeti yazır ki, hazırda Britaniya, ABŞ, əksər Avropa və Asiya ölkələrində yoluxmalar rekord həddinə çatıb, amma xəstəxanaya düşənlərin sayı azalır, ya da ciddi şəkildə qalxmır.

Omikron variantının ilk dəfə aşkar edildiyi Cənubi Afrikada yoluxmaların reyti sürətlə düşür və alimlər inanırlar ki, Omikron dalğası keçilib və bu, başqa ölkələrdə də təkrarlanacaq.

Bəzi alimlər hətta belə bir qənaətə gəliblər ki, Omikronun yüksək yoluxuculuğu, amma simptomlarının zəifliyi hətta vaksinasiyaya da ehtiyac qoymur.

Hindistandakı Portea MeMedical mərkəzindən doktor Vişal Seqal deyib ki, Omikron həyat üçün daha az təhlükəlidir və özünü təbii vaksin kimi aparır.

Dünya boyunca bir çox ekspertlər inanırlar ki, dünya pandemiyanın quyruğuna çatmaqdadır.

Onlar bunu deyərkən virus epidemiyalarının tarixinə əsaslanırlar.

Alimlər bildirirlər ki, bütün viruslar daha zəif variantlara mutasiya etməklə “tükənirlər”.

Meşə yanğını kimi

Filippinli-amerikalı molekulyar bioloq Nikanor Austriako inanır ki, COVID Omikronun zəifliyi ilə özünü sıradan çıxarır.

Ekspert deyir ki, Omikrona yoluxanlar onları Delta, Qamma, Beta, Alfa və D614G variantlarından qoruyan təbii immunitet əldə edəcəklər:

“Bu variant qlobal icmanı iki ildir ki, üzən pandemiyanın sonunun başlanğıcıdır. Virus sürətlə yayıldıqca və hamıya yoluxmağa çalışdıqca, axırda yoluxması üçün adam qoymayacaq. Bu o demədkir ki, virus qidasından məhrum olacaq. Bundan sonra onun dağılması baş verəcək. Biz indi Cənubi Afrikada məhz bunu müşahidə edirik”.

Alimin fikrincə, yoluxmaların azalmasına səbəb Omikronun yüksək yoluxuculuğudur:

“Londonda yoluxma göstəriciləri azalır, çünki virus meşə yanğını kimi hər tərəfi bürüyür. Bütün ağaclar yandıqdan sonra onun getməli yeri qalmayacaq”.

Pulmonoloq, professor Punit Xanna da deyir ki, viruslar daha zəif ştamma mutasiya edərək daha yoluxucu, amma daha az öldürücü olur:

“Ümid var ki, gələcəkdə bu ştamm zəifləyəcək və adi soyuqdəymə kimi zəif simptomlara səbəb olacaq. Amma unutmayaq ki, viruslar mutasiya etməkdə davam edir və gələcək mutasiyalar həm çox zəif, həm də çox təhlükəli ola bilər”.

Kilimancaro ilə Everestin fərqi

Cənubi Afrikanın aparıcı infeksionistlərindən Səlim Əbdül Kərim ümid edir ki, bütün ölkələrdə Omikron Cənubi Afrikadakı trayektoriya ilə hərəkət edəcək.

Bu ölkədə son 30 gündə yoluxmalar əhəmiyyətli dərəcədə azalıb.

“Əgər əvvəlki variantların yaratdığı dalğalar Kilimancaro dağına bənzəyirdisə, Omikronun dalğası Everest dağını xatırladır”.

Doktor deyir ki, noyabrın son həftələrində Cənubi Afrikada infeksiyalar az qala şaquli şəkildə qalxırdı.

Cənubi Afrika Tibb Assosiasiyasının sədri doktor Anjelik Kotzi də inanır ki, onun ölkəsində yoluxmaların zirvə nöqtəsi artıq geridə qalıb.

Başqa bir tanınmış Afrika viroloqu Mişel Grum da əmindir ki, Cənubi Afrikada yoluxmaların pik nöqtəsi keçilib.

Hazırda Cənubi Afrikada heç bir məhdudiyyətlər qoyulmayıb. Restoranlar, mağazalar, kinoteatrlar, ticarət mərkləzləri və idman kompleksləri açıqdır.

Unutmayaq ki, Omikron da COVID-dir

Bütün bunlara baxmayaraq doktor Leonid Paskal belə tez arxayınlaşmamağa çağırır. Ekspert deyir ki, Omikronun da COVID olmasını unutmaq olmaz.

Alim deyir ki, bu variantın yoluxması üçün “kiçik bir nəfəs” də kifayətdir.

Britaniyada Yeni və Yaranmaqda olan Tənəffüs Virusu Təhlükələri məşvərətçi qrupunun üzvü, professor Piter Openşou deyir ki, Delta və ya Omikron kimi yeni variantların yaranmasına yol verməmək lazımdır.

Ekspertin fikrincə, bunun üçün virusun daha az yoluxmasına və deməli daha az mutasiya etməsinə səy göstərilməlidir.

Belə olduqda isə maska taxılması və fiziki məsafə saxlanması kimi sadə tədbirlər hələ də mühüm olaraq qalır.

XS
SM
MD
LG