Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:46

12 kateqoriyada 'Oskar'a namizəd oldu


"The Power of the Dog" filminin baş qəhrəmanları
"The Power of the Dog" filminin baş qəhrəmanları

Ceyn Kempionun vestern janrında çəkdiyi "The Power of the Dog" psixoloji dramı düz 12 kateqoriyada "Oskar"a namizəd göstərilərək namizədlər siyahısına liderlik edir. Filmdə hadisələr 1920-ci illərin Montanasında cərəyan edir. Film Benedikt Kamberbetçin canlandırdığı ranço sahibinin öz baldızı, qardaşı və qardaşının həssas ögey oğlu ilə toksik qarşıdurması haqdadır.

"The Guardian" qəzeti yazır ki, Kino Akademiyası filmin onu klassikaya çevirən xüsusiyyətlərini görür. Film ABŞ mədəniyyəti və tarixini çox gözəl təmsil edir. Bu mənada o bir qədər Xloya Çjaonun ötən il böyük uğur qazanan "Nomadland" filmi ilə müqayisə oluna bilər. Rejissorun və baş rolun ifaçısının amerikalı olmaması da işin ən maraqlı tərəflərindən biridir. Kempion avstraliyalı, Kamberbetç isə britaniyalıdır. Beləliklə, amerikalılıq bu dəfə xaricilər tərəfindən interpretasiya olunub və tamaşaçı qarşısına çıxarılıb.

Rejissorun özü namizəd göstərilməyib, filmi isə...

10 kateqoriyada, o cümlədən "ən yaxşı film" kateqoriyasında namizəd olan "Dune" filmi də öz "Amerika klassikası" xüsusiyyətlərini ortaya qoyub. Kanadalı rejissor Deni Vilnövün özü "ən yaxşı rejissor" kateqoriyasında namizəd göstərilməyib. Vilnöv bu filmi Frenk Herbertin mineral sərvətlərlə zəngin uzaq planetin güc yolu ilə ələ keçirilməsindən bəhs edən romanı əsasında çəkib. Rejissorun özü "Oskar"a namizəd göstərilməsə də, filminin 10 kateqoriyada namizəd olmasından məmnun olduğunu deyib. O əlavə edib ki, cəmi bir neçə ay əvvəl ona filminin bu qədər uğurlu olacağı deyilsəydi, inanmazdı.

Kennet Branahın "Belfast" filmi isə Şimali İrlandiyanın münaqişəli vaxtları haqdadır. Rejissor filmi çəkərkən öz uşaqlıq dövründən ilhamlanıb. Yeddi kateqoriyada namizəd olan "Belfast" siyahıda üçüncüdür. Film münaqişəli dövrdən bəhs etsə də, cana yaxın və yumşaq təsir bağışlayır.

"Vestsayd hekayəsi"

Stiven Spilberqin "West Side Story" filmi də yeddi kateqoriyada namizəddir. "Oskar" qazanacağı təqdirdə ona daha çox insanın baxacağı gözlənilir.

Altı kateqoriyada namizəd olan "King Richard" tamaşaçıların sevgisini qazana bilib. Bu, əsasən, Uill Smitin əfsanəvi tennisçilər Uilyams bacılarının atası Riçard Uilyamsı canlandırması ilə bağlıdır. Yeri gəlmişkən, Uill Smit bu roluna görə "ən yaxşı aktyor" kateqoriyasında "Oskar"a namizəddir. Bu kateqoriyada onunla birlikdə yarışan aktyorlar arasında "Being The Ricardos" filmindəki rolu ilə Xavyer Bardem və "The Tragedy of Macbeth" filmindəki işinə görə Denzel Vaşinqton da var.

Gilyermo del Toronun nuar janrında çəkdiyi "Nightmare Alley" melodramı dörd kateqoriyada namizəddir.

"Qaçış"

1989-cu ildə sovet qoşunlarının Əfqanıstandan çıxmasından sonra uşaq ikən ölkəsini tərk edərək Danimarkaya köçən gey əfqan kişinin həyatından bəhs edən "Flee" sənədli filmi üç fərqli kateqoriyada namizəddir.

Kristen Stüart Uels şahzadəsi Diananı canlandırdığı "Spencer" filmindəki roluna görə "Oskar"a namizəd göstərilib. Tamaşaçıların "Netflix"in Britaniya kral ailəsi haqda "The Crown" serialında baş rolun ifaçısı kimi tanıdığı Oliviya Kolman "The Lost Daughter" filmindəki roluna görə ikinci "Oskar"ını qazana bilər.

Rüsuke Hamaqutinin Haruki Murakaminin hekayəsi əsasında çəkdiyi "Drive My Car" adlı filmi dörd kateqoriyada namizəddir. Bu film bu mükafat mövsümünün ən uğurlu işlərindən biri sayılır.

XS
SM
MD
LG