Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:41

Sorğu: Rusiyalıların 60 faizi ‘Kiyevə yenidən hücumu’ dəstəkləyərdi


Moskvada Rusiya Vətənpərvər Gənclər Hərəkatına (Yunarmiya) həsr olunmuş divar rəsmi
Moskvada Rusiya Vətənpərvər Gənclər Hərəkatına (Yunarmiya) həsr olunmuş divar rəsmi

Ümumilikdə isə, Ukraynada müharibənin davam etdirilməsini rəyi soruşulanların yarısı dəstəkləyir

Prezident Vladimir Putinin “Kiyev üzərinə yeni hücum”la bağlı mümkün qərarını rusiyalıların 60 faizi dəstəkləyərdi. Respondentlərin 65 faizi isə prezidentin sülh sazişi imzalayaraq müharibəni dayandırmasına tərəfdardır. “Russian Field” xidmətinin bu sosioloji araşdırmasının nəticələrini “Kommersant” qəzeti dərc edib.

Sorğu müəllifləri qeyd edirlər ki, nəticələr respondentlərin real fikirləriylə üst-üstə düşməyə bilər, çünki “rusiyalılar bu mövzuda danışmağa qorxurlar – imtinalar artıb, səmimilik azalıb”.

Ümumilikdə isə, Ukraynada müharibənin davam etdirilməsini rəyi soruşulanların yarısı dəstəkləyir. Sülh danışıqlarına başlamağa 38 faiz tərəfdardır. Kremlin “xüsusi əməliyyat” adlandırdığı müharibəyə ümumi dəstək 69 faizdir. Cəmi 25 faizə yaxın respondent ona qarşıdır, 8 faiz isə cavab verməyə çətinlik çəkdiyini deyib.

Müharibədə şəxsən iştirak etmək istəyənlər

59 faiz respondent düşünür ki, Ukraynadakı müharibə uzanıb, 28 faiz əks fikirdədir. 30 faiz hesab edir ki, Ukraynada müharibə bir ildən çox çəkəcək. 20 faiz onun yarım ilə bitəcəyinə ümid edir. 13 faiz əməliyyatların bir-iki aya bitməsinə tərəfdardır.

“Xüsusi əməliyyat”ın uğurla, yaxud “yəqin ki, uğurlar” getməsindən rusiyalıların 62 faizi əmindir. 19 faiz əks fikirdədir.

Rəyi soruşulan kişilərin 62 faizi deyib ki, imkan yaranarsa, hərbi əməliyyatlarda şəxsən iştiraka hazır deyillər. Mayda oxşar göstərici 55 faiz idi. 29 faiz respondent isə “xüsusi əməliyyat”da şəxsən iştirak etmək arzusunu bildirib. Onların təxminən 30 faizi 45-59 yaşında olanlardır.

Prezident Putin fevralın 24-də Ukraynaya bir neçə istiqamətdən hücum əmri verib. Müharibə başlayandan bir neçə həftə sonra Müdafiə Nazirliyi “Kiyev və Çerniqov istiqamətində aktivliyin azaldıldığını” bildirib. Bundan sonra Rusiya qoşunları çoxsaylı itkilərlə Ukraynanın şimalından çəkilib.

Fərqli sorğular, azı 72 faiz...

Müstəqil sosioloqların martda apardığı iki sorğunun nəticələrinə görə, Rusiya sakinlərinin 75 faizi Ukraynadakı əməliyyatları dəstəkləyir, bununla bağlı qürur, sevinc, hörmət, inam və ümid hissləri keçirirlər.

İyunun sonunda VTsİOM-un keçirdiyi sorğuda respondentlərin 72 faizi müharibəyə dəstək bildirmişdi. Sorğuda müharibəni bitirməyin gərəkməsi haqda sual verilməmişdi.

Levada mərkəzinin iyunun sonunda açıqladığı sorğuda isə rəyi soruşulanların 73 faizi Rusiya silahlı qüvvələrinin Ukraynadakı əməliyyatlarına bu və ya digər dərəcədə dəstək ifadə edib.

Müharibə başlayandan sonra Rusiyada qəbul edilən qanunları ordunun “diskreditasiyası”nı qadağan edir. Ona görə respondentlərin “qeyri-loyal” cavablara görə repressiya qurbanı olmaq qorxusunun sorğudakı cavablarına təsirini dəyərləndirmək çətindir.

XS
SM
MD
LG