Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:50

Azərbaycanda hər 10 manatın 9-u 'yastıq altında'dır


Ölkədə əhalinin yığımları 100 milyard manatı aşır.
Ölkədə əhalinin yığımları 100 milyard manatı aşır.

Bakıda BMT-nin "DİM Dialoqları” (Dayanıqlı İnkişaf Məqsədləri) təşəbbüsü çərçivəsində "2030-cu ilə doğru: Azərbaycanda sosial-iqtisadi inklüzivlik" mövzusunda konfrans keçirilib. Konfransda Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl Azərbaycan iqtisadiyyatı ilə bağlı bəzi yeni rəqəmləri səsləndirib. O bildirib ki, Azərbaycanda 500 min muzdlu işçinin bank hesabı yoxdur və bölgədə onların sayı paytaxt Bakıdan çoxdur. Üstəlik, belələrinin qadınlar arasında sayı kişilərlə müqayisədə daha yüksəkdir: "Biz bölgələrdə əhali ilə söhbətləşəndə görürük ki, onlar bank hesabı açılmasının xərc tələb etdiyini düşünürlər. Ona görə də təşviqat aparmalı, bölgələrdə maliyyə savadlılığını artırmalıyıq. Digər problem insanların banklara güvəni ilə bağlıdır. İnsanlar banklara inanmır, o üzdən bank hesabı açmır. Biz bu yöndə də əhali ilə işləyirik".

Ölkədə yarım milyon muzdlu işçinin bank hesabının olmaması Azərbaycan əmək bazarında qeyri-rəsmi əmək münasibətlərinin də nə qədər geniş yayıldığını göstərir. Rəsmi rəqəmlərə görə, hazırda ölkədə 1 milyon 734 min muzdlu işçi var. Dünya Bankı nümayəndəsinin açıqlamasından bəlli olur ki, bu saya daxil təxminən 30 faiz işçinin bank hesabı yoxdur. Azərbaycandakı muzdlu işçilərin 901 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 833 min nəfəri qeyri-dövlət sektorunda çalışır.

Ölkədə qeyri-rəsmi əmək münasibətlərinin bu qədər geniş yayılması vergi və pensiya sisteminin də istər sahibkarlar, istərsə işçilər üçün cəlbedici olmadığının göstəricisidir. Bir çox insan rəsmi gəlir əldə etsə belə, gerçək gəlirinin minimum maaşa yaxın bölümünü rəsmi qaydada, yerdə qalanını "ayrıca" alır. Azərbaycanda pensiya yaşının yüksəkliyi, pensiyaya çıxmağı çətinləşdirən digər amillər işçiləri qeyri-rəsmi ödənişlərə meylləndirir. Düşünürlər ki, vergi ödəsələr də, gələcəkdə pensiyaya çıxmaq şansı çox azdır. Bu durum uzun illərdir sürsə də, hökumət səmərəli mexanizmlər təklif etmir. Nəticədə dövlət büdcəsi də hər il yetərincə iri məbləğdə gəlirdən məhrum qalır və, üstəlik, işçilərin sosial haqlarının tapdanmasına münbit ortam yaranır.

Əmanətlərin cəmi 10 faizi banklardadır

Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl əhalinin depozitlərindən də söz açıb. O bildirib ki, Azərbaycanda əmanətlərin yalnız 10 faizi banklarda saxlanılır. Mərkəzi Bankın açıqladığı rəqəmlərə görə, hazırda fiziki şəxslərin Azərbaycan banklarında saxladığı əmanətlərin həcmi 12 milyard manatdır. Bu o deməkdir ki, ölkədə əhalinin yığımları 100 milyard manatı aşır. Bir müddət öncə parlamentdə "Əmanətlərin tam sığortalanması haqqında" Qanunun müzakirəsi zamanı bildirilmişdi ki, Azərbaycan banklarındakı əmanət hesablarının 1 faizi bütün depozitlərin 44 faizinə sahibdir. Müştərilərin 1 faizlik bölümünün bütün depozitlərin 44 faizə yaxınına yiyələnməsi ölkədə gəlir bərabərsizliyinin səviyyəsini də göstərir.

Bu baxımdan, yığımların mütləq əksəriyyətinin banklardan kənarda olması yalnız bank sektoruna güvənin azlığı ilə bağlı deyil, həm də bu vəsaitin leqal qazanılmaması ilə əlaqədardır. Axı indi Azərbaycanda böyük həcmdə sərvətə sahib şəxslər birbaşa siyasi hakimiyyətdə təmsil olunanlar və ya onların yaxınlarıdır. Bu vəsait, əsasən, ya korrupsiya, ya da inzibati resurslar hesabına biznes fəaliyyətindən qazanılır. Beləcə, həmin vəsaitin banklara yerləşdirilməsi də çətinləşir.

Vətəndaş banklara niyə güvənmir?

Dünya Bankı nümayəndəsinin açıqlamasında deyilir ki, vətəndaşların banklarda hesab açmaması da, depozitlərin çox vaxt banklardan kənarda saxlanılması da, əsasən, banklara güvənsizlikdən qaynaqlanır. Azərbaycanda əhali arasında banklara etimad məsələsi həmişə mübahisə doğurur. Ölkədə özəl bankların yeni yarandığı dövrdə - 1990-cı illərdə yaşanan problemlər hələ də bəlli yaş qrupu üçün bankları arzuolunmaz edir. Axı həmin dövrdə minlərlə vətəndaş öz əmanətini banklara etibar etmiş, sonunda aldadılmışdı. Bank sisteminə güvən 2015-ci ildəki devalvasiya dövründə də sarsıldı. Devalvasiyadan bir qədər öncə - 2014-cü ildə Azərbaycanda düz 44 bank fəaliyyət göstərirdi. Milli valyutanın iki dəfə dəyər itirməsindən sonra onların təxminən üçdə biri müflisləşdi. Hazırda Azərbaycanda 24 bank fəaliyyət göstərir. Bu o deməkdir ki, devalvasiyadan sonrakı dövrdə ölkədəki bankların sayı, az qala, yarıbayarı azalıb.

Azərbaycan bank sisteminə xas daha bir risk məmurlarla bağlıdır. Öncəki illərin təcrübəsi göstərir ki, məmurların himayədarlıq və ya qeyri-rəsmi yollarla rəhbərlik etdiyi banklar, nə qədər yaxşı maliyyə göstəricilərinə malik olsa da, həmin məmurun vəzifəsini itirməsi ilə ciddi risklərlə üzləşir. Məsələn, keçmiş vergilər naziri Fazil Məmmədov vəzifəsini itirəndən sonra bir vaxtlar ölkənin ən böyük banklarından sayılan "Atabank"ın göstəriciləri zəifləmiş və sonda bu bank bağlanmışdı. Keçmiş nəqliyyat naziri Ziya Məmmədova yaxınlığı ilə bilinən "Bank of Azerbaijan" da nazirin karyerası enişə keçincə müflisləşməyə başlamış və, nəhayət, batmışdı. Bu üzdən Azərbaycanda bəzi bankların, qeyri-rəsmi də olsa, məmurlara məxsus olması o məmurların vəzifəsini itirməsi halında ciddi risklərə yol açır.

Azərbaycanda bankların, özəlliklə nisbətən kiçik bankların maliyyə göstəricilərinə təsir göstərən bir amil də bazardakı haqsız rəqabətdir. Məsələn, ölkədə sosial ödənişlər və dövlət sektorundakı əməkhaqqı kartları yalnız iki banka məxsusdur - Azərbaycan Beynəlxalq Bankına və prezidentin ailə üzvlərinin səhmdarı olduğu "Kapital Bank"a. Bu iki bank xidməti qarşılığında hər il dövlət qurumlarından milyonlarla manat alır. Ölkə əhalisinin böyük bölümünün maaş və sosial ödənişləri də həmin iki bankda verilir. Deməli, bu banklar xidmətdən faydalanan vətəndaşlara kredit satmaqda da üstün durumda olur. Bu üzdən indi Azərbaycan bank sistemində istər aktivlərin, istər kredit portfelinin, istərsə mənfəətin təxminən 80 faizə yaxını dövlətə və "Paşa Holdinq"ə məxsusdur. Yerdə qalan banklar bazarda daha az paya sahiblənə bilir. Mərkəzi Bankın bugünlərdə yayımladığı "Maliyyə dayanıqlılığı" hesabatında da bildirilir ki, Azərbaycanda mənfəətin həcminə görə ilk üçlükdəki banklar toplam mənfəətin 78 faizinə sahiblənib. Bu üç banksa dövlətə məxsus Azərbaycan Beynəlxalq Bankı, "Paşa Holdinq"ə daxil "Kapital Bank" və "Paşa Bank"dır.

XS
SM
MD
LG