Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:47

'Üç uşağımı evdə doğmuşam' - Lerikdə cəmi 38 həkim var


Doctors in a hospital in Iran operating on a patient
Doctors in a hospital in Iran operating on a patient

“Bacım qadın həkimi olmadığı üçün evdə doğum elədi, onda da qanaxma oldu və dayandıra bilmədilər. Bacım yerindəcə keçindi”

“Qadınlar həkimə ya uşaq doğanda gedir, ya da doğmaq istəməyəndə. Hər ikisini eləmək üçün isə bəzən xəstəxanaya ehtiyac duymurlar, çünki evində bu işləri görən həkimlər var”, – bunu AzadlıqRadiosuna Lerikdə yaşayan, 4 uşaq anası 29-yaşlı qadın danışır.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu il Azərbaycanın bəzi bölgələrində ginekoloq çatışmazlığı olduğunu açıqlayıb. Statistika Komitəsinin hesablamaları da ginekoloq azlığından xəbər verir. Belə ki, 2006-cı ildə Azərbaycanda 1940 ginekoloq var idisə, 2022-ci ildə onların sayı 1768-ə bərabər olub. 2005-ci ildə ölkədə mamalıq işi üzrə 530 mütəxəssis yetişirdisə, indi bu say 491-ə enib

“Abortu da evdə elətdirdiyimiz olur”

Bölgələr üzrə ginekoloq sayları açıqlanmayıb. Amma 2022-ci ilin əvvəlinə bölgələr üzrə ümumi həkimlərin sayı göstərilib. 80 min civarında əhalisi olan Lerikdə bu rəqəm cəmi 38-ə bərabərdir və 2019-cu illə müqayisədə 50 faizə qədər azalıb. Həmçinin, rayonda 1 dövlət xəstəxanası, 26 əhaliyә ambulator poliklinika yardımı göstәrәn müalicә müәssisәsi var.

Orand kənd sakini AzadlıqRadiosuna danışır ki, Lerikdə yalnız bir ginekoloq tanıyır, onun da qəbuluna düşmək üçün pul kisəsi dolu olmalı və maşın tutub rayon mərkəzinə getməlidir.

“3 uşağımı evdə doğmuşam, təhsili olmayan qonşu qadın mamaçalıq edib. 4-cü uşaqda qanaxma oldu, rayondakı həkim məzuniyyətdə idi. Buradan Lənkərana maşın sürmüşük, həkim dedi ki, bir az da geciksəydin, uşaq da ölərdi, sən də. Kənd yerlərində hamiləlik dövründə də ginekoloqa gedənlər olmur. Hətta abortu da qeydiyyata düşməyək deyə, evdə elətdirdiyimiz olur”, – deyən kənd sakini əlavə edir ki, qadınlar üçün tibbi məsləhətxanaları da onlar qane etmir.

Bu arada ölkə üzrə qadın məsləhətxanalarının da sayı azalır. 2022-ci ildə ölkədə onların rəsmi sayı 106 olub. 2021-ci ildə bu rəqəm 118, 2006-cı ildə 300-dən çox idi.

Bölgələr üzrə ana ölümləri ən çox Mərkəzi Aran, Gəncə-Qazax və Lənkəran iqtisadi rayonlarında qeydə alınır. Daha sonra Quba-Xaçmaz, Şəki-Zaqatala, Abşeron, Dağlıq Şirvan iqtisadi rayonları gəlir. Hər il ana ölümlərinin mütəmadi qeydə alındığı ərazilər isə Bakının Sabunçu rayonu, Gəncə, Şirvan şəhərləri, Goranboy, Bərdə, Neftçala rayonlarıdır.

Ginekoloq azlığının fəsadları

Yardımlıda yaşayan Lamiyə 2 il öncə evləndirilərkən nə ginekoloq müayinəsindən keçib, nə qadın məsləhətxanasında olub. Toy gecəsi yaranan vaginizm problemini də bölüşməyə kimsəni tapmayan Lamiyə ancaq Bakıya gələndən sonra müalicə ala bilib. Lamiyənin problemi bununla da bitməyib. O, menstruasiya pozuntusunu aradan qaldırmaq üçün məişət üsullarına üz tutub, bu da sonralar onun orqanizminə fəsadsız ötüşməyib.

“Rayonda ancaq yeniyetməlik dönəmində menstruasiyası gecikənləri həkimə aparırlar, onda da evlənəndə uşağı olmaz deyə. Menstruasiya pozğunluğu, vaginaya infeksiya düşməsi hallarında isə valideynlər həkimə ya kasıblıqdan aparmır, ya da həkim tapmır. Uşaq doğuzdurmaq ilə tanınan, tibb bacısı təhsili olan kənd sakinləri isə bütün xəstəlikləri soyuqdəymə ilə əlaqələndirir”, – Lamiyə söyləyir.

Lerik rayon sakini Aytac Tağızadə isə bacısını və qardaşı qızını həkim savadsızlığından itirdiyini deyir:

“Bacım qadın həkimi olmadığı üçün evdə doğum elədi, onda da qanaxma oldu və dayandıra bilmədilər. Bacım yerindəcə keçindi. Qardaşım qızını isə bədxassəli şişdən itirmişik, onda da ginekoloji problem var idi, amma həkimə aparmamışdıq deyə, ağırlaşandan sonra bildik”.



Qadınlar arasında artan xəstəliklər

Dövlət Statistika Komitəsinin rəqəmlərinə əsasən, 2022-ci ildə ölkə üzrə hamiləlik, doğuş və zahılıq dövründə 18 ana dünyasını dəyişib. Mütəxəssislər isə qeyri-rəsmi rəqəmlərin daha çox olduğunu bildirir. Ana ölümləri kənd yerlərində də 2001-ci ildən bu yana ən yüksək həddə çatıb, 2021-ci ildə hər 100 min diri doğulan körpəyə ana ölümü 27 faizdən artıqdır.

Səhiyyə nazirinin müavini İlqar Qasımov isə bir müddət öncə bir konfransda ana və uşaq ölümlərinin azaldığını demişdi.

Ginekoloq İlknur Nuriyeva deyir ki, 2021-ci ildə hamilәlik, doğuş vә zahılıq dövrü zamanı qadınlarda aşkarlanan ilk xəstəlik diaqnozlarının sayı 44 mini keçib. Mütəxəssis ginekoloq azlığına diqqət çəkərək deyir ki, qadınların məhz həmin dövrlərdə həkimə getməməsi xoş olmayan hallara gətirib çıxarır. O, özəlliklə cənub zonasında tibbi və cinsi bilgiləndirmənin aşağı olduğunu vurğulayır:

“Hələ də evdə doğuş elətdirən mamaçalar, selektiv abortu qeyri-tibb məntəqəsində həyata keçirən həkimlər var. Bəzən hamilə qadının ailəsi hesab edir ki, onu doğuşa qədər həkim müşahidəsinə aparmağa ehtiyac yoxdur. Lakin antenatal (doğuşaqədərki) xidmət, qadının hamiləlik dövründə müayinə olunması, bir çox xoşagəlməz halların qarşısının alınmasına kömək edir”.

Ginekoloqlar kəndə niyə getmir

Lerik rayonunda çalışan ginekoloq AzadlıqRadiosuna danışır ki, bölgələrə təyinat ilə gəlmək maddi durumlarına uyğun gəlmir: “Lerikdənsənsə, gəlib burada işləyə bilərsən, əks halda 500-600 manat pul ilə ev, kommunal, ərzaq və digər şeylərə pul çatdıra bilmirsən. Buna görə də burada ginekoloqlar azdır. Həm də rayonlarda maarifləndirmə aşağıdır, məsələn, yoxlanış edib müalicə yazırsan, baha olur, ya da başqa səbəbdən müalicəni etmirlər. Amma çoxuşaqlılıq, erkən nikah məsələlərini nəzərə alanda, ən çox ginekoloqa belə yerlərdə ehtiyac var ”.

Paytaxtda işsiz qalan ginekoloqlar da bu fikirlə razılaşır. Onlar deyirlər ki, ən azından qalmağa ev verilsə, yaxud da maaşları paytaxt Bakıyla uyğunlaşdırılsa, gedə bilərlər.

Digər tərəfdən, rayonlara işləməyə getməyə cəsarət etməyən kişi ginekoloqlar da var. Onlardan biri – Rəsul Cabbar deyir ki, rayonda qadınlar onların qəbuluna gəlməz, heç həyat yoldaşları da buna razı olmaz: “Fayda verməyəcəyin yerə gedib ştat tutmaq mənasızdır”.

Ginekoloq İlknur Nuriyeva çıxış yolu kimi rayonlarda doğum prosesini gerçəkləşdirən tibb işçilərinə təkmilləşdirmə kursları keçirməyi, onların bilik-bacarıqlarını yoxlamağı tövsiyə edir. Onun fikrincə, bu yolla qadınların ölüm və xəstəliklərinin azalmasında ciddi nəticələr əldə etmək olar.

Orand kənd sakini isə ailəsindəki 4 qızın sağlamlığı üçün rayon rəsmilərindən bu məsələyə diqqət ayırmağı xahiş edir.

XS
SM
MD
LG