Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:40

Elektrik istehsalında alternativ enerjinin payı nə qədərdir?


Qaradağ Günəş Elektrik Stansiyası
Qaradağ Günəş Elektrik Stansiyası

Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının (GES) rəsmi açılış mərasimi olub. GES-in açılışına dair rəsmi məlumatda deyilir ki, stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Qaradağ GES Azərbaycanda xarici investisiya cəlb edilməklə gerçəkləşdirilən sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.

Alternativ enerji qaynaqlarının gəlişməsinə son illər Azərbaycan hökuməti çox diqqət ayırır. Bu sahənin inkişafında hökumətin maraqlı olmasının iki əsas səbəbi var. Bunlardan biri elektrik enerjisi istehsalında tükədilən təbii qaza qənaət edilməsi və həmin qənaət həcminin ixraca yönəldilərək əlavə gəlir qazandırmasıdır. Rəsmi rəqəmlərə görə, Azərbaycanda ilboyu istehsal edilən elektrik enerjisinin 90 faizindən çoxu istilik elektrik stansiyalarında, yəni təbii qaz hesabına təmin edilir. Qaradağ Günəş Elektrik Stansiyasının açılışı ilə bağlı yayılan məlumatda da qeyd edilir ki, bu stansiyanın işə düşməsi illik 110 milyon kubmetr həcmində təbii qaza qənaət imkanı yaradacaq.

Alternativ enerjinin önəmi

Unutmaq olmaz ki, Azərbaycan və Avropa İttifaqı arasında 2027-ci ilədək Azərbaycanın Avropaya ixrac etdiyi qaz həcminin iki dəfə artırılması haqqında anlaşma imzalanıb. Azərbaycan təbii qaz ixracını artırmaqla azalan neft gəlirlərini kompensasiya etmək niyyəti güdür. Ancaq təbii qaz hasilatını artırmaq ciddi yatırım tələb edir. Hələlik, Avropa Azərbaycanın təbii qaz sektoruna əlavə investisiya yatırmaqla bağlı addım atmayıb.

Avropa tərəfi uzun illər Azərbaycandan təbii qaz almağa vəd vermədiyindən Azərbaycanın özü də təbii qaz hasilatının artırılmasına əlavə və böyük yatırım qoymaqda maraqlı deyil. Avropanın bu tip vəd verməməsinin səbəbi bir çox Avropa ölkəsinin özünün alternativ enerji sahəsinə böyük yatırımlar etməsindən qaynaqlanır.

Azərbaycanın alternativ enerji hesabına elektrik istehsalını artırmaqda digər hədəfi Avropa ölkələrinə elektrik enerjisi ixrac etməklə bağlıdır. Buna dair tez-tez açıqlamalar verilsə də, hələ konkret addımlar atılmayıb. Bəzi ekspertlər çox uzaq məsafəyə elektrik enerjisi ixracını perspektivli görməsə də, hökumət elektrik ixracının gələcəkdə Azərbaycana ciddi gəlir gətirəcəyini düşünür.

Bu il Azərbaycanın neftdənkənar məhsul ixracında ilk yeri elektrik enerjisi tutmağa başlayıb. Dövlət Gömrük Komitəsinin açıqladığı göstəricilərə görə, ilk 9 ayda elektrik enerjisi ixracından 330 milyon dollar gəlir əldə edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dörd dəfəyə yaxın artım deməkdir. Hazırda Azərbaycanın qeyri-neft ixracının 13.6 faizi elektrik enerjisinin payına düşür. Ölkənin toplam ixracında elektrik enerjisinin payı 1.25 faizdir. Azərbaycanın elektrik enerjisi ixracında əsas pay Türkiyəyə məxsusdur. Bu ölkənin Azərbaycanın elektrik enerjisi ixracında payı 70 faizi aşır. Elektrik enerjisi ixracında qalan pay isə Gürcüstana məxsusdur.

Hökumətin alternativ enerji vədləri

Son dövrlər alternativ enerji məsələsi Azərbaycanda tez-tez gündəmə gəlsə də, hökumət uzun illərdir bu sahənin inkişafına dair vədlər dilə gətirir. Hələ 2016-cı ildə qəbul edilən "Azərbaycan Respublikasında kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi"ndə alternativ enerji üzrə hədəf göstəriciləri yer almışdı. Həmin sənəddə qeyd edilirdi ki, 2020-ci ildə Azərbaycanda külək enerjisi üzrə istehsal gücü 350 MVt, günəş enerjisi üzrə 50 MVt, bioenerji üzrə 20 MVt olacaq. 2020-ci ilə aid rəsmi göstəricilərə görə, hökumət 2020-ci ildə ölkədə külək enerjisinin istehsal gücünün 350 MVt olacağını vəd etsə də, həmin il cəmi 66 MVt olub - vəd edilən səviyyədən təxminən beş dəfə az. Günəş enerjisi üzrə həmin göstərici 50 MVt vədinə qarşı 35.1 MVt, bioenerji üzrə isə 20 MVt vədinə qarşı cəmi 1 MVt olub. Başqa sözlə, alternativ enerji sahəsində hökumətin hədəflədiyi heç bir göstərici gerçəkləşməyib.

Energetika Nazirliyinin açıqlamasına görə, bu ilin ilk 9 ayında Azərbaycanda 21.5 milyon KVt elektrik enerjisi istehsal edilib. Bunun 92 faizi istilik elektrik stansiyalarında, yəni təbii qaz hesabına əldə edilib. Azərbaycanın elektrik enerjisi istehsalında su elektrik stansiyalarının payı isə 6.5 faizdir. Digər mənbələr (günəş, külək və s.) hesabına əldə edilən elektrik enerjisinin toplam istehsalda payı 1.5 faizdir.

XS
SM
MD
LG