Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:26

Hepatit A niyə yayılır. 'Suyu verəndə içindən çirk və qum çıxır'


Bülbülə və Əmircanın su problemi
Gözlə

No media source currently available

0:00 0:05:47 0:00

Bülbülə və Əmircanın su problemi

Bakının Suraxanı rayonu Əmircan və Bülbülə qəsəbələrinin əhalisi arasında 2023-cü ilin dekabrından başlayaraq yoluxucu Hepatit A virusu xəstəliyinin ("sarılıq") yayıldığı bildirilir. Bu barədə yanvarın 17-də Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) məlumat yayıb.

Ötən ilin noyabrında həmin virus ölkənin bir neçə rayonunda yayılmışdı.

Həkimlər deyir ki, Hepatit A virusunun əsas mənbələri çirkli su, çirkli qidalar və yoluxmuş insanlarla təmasdır.

Əmircan və Bülbülə sakinləri də "Turan"a bildirib ki, içməli su ilə bağlı problemləri var, infrastruktur köhnəlib və bu səbəbdən də kanalizasiya suyu içməli suya qarışır.

"Azərsu" təkzib edir

"Azərsu" ASC-dən "Turan"a Bülbülə və Əmircan qəsəbələrində içməli suda problem olduğu ilə bağlı deyilənləri təkzib edilib. Bildirilib ki, sözügedən qəsəbələrin müxtəlif nöqtələrindən içməli suyun nümunələri götürülüb: "Bəzi yerlərdə həmin nümunələr təkrar götürülüb, yoxlanılıb. Nəticədə məlum olub ki, heç bir halda suyun keyfiyyətində standartlardan kənarlaşdırma müşahidə olunmayıb, heç bir virus, o cümlədən Hepatit A aşkarlanmayıb".

TƏBİB-dən isə qeyd olunub ki, tibb ocaqlarına Hepatit A simptomları ilə ötən ilin noyabrından başlayaraq vətəndaşlar müraciət edir: "Əksər hallarda bu, Suraxanı rayonunun sakinləridir".

E.Hüseynov
E.Hüseynov

"Su infrastrukturu o qədər köhnəlib ki..."

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov deyir ki, Marsel şəhərində Dünya Su Konqresində iştirak edib. Dediyinə görə, ölkəyə qayıdıb "Azərsu"da suyun təmizlənməsi sistemlərini nəzərdən keçirəndə belə nəticəyə gəlib ki, suyun təmizlənməsini qənaətbəxş saymaq olar. Lakin ekspertin sözlərinə görə, su infrastrukturu o qədər köhnəlib və geridə qalıb ki, su kranını açanda palçıqlı su və qum gəlir: "Suyun təmizlənməsi ilə onun əhaliyə ötürülməsi arasında böyük disproporsiya var. Belə vəziyyətdə təmizləmə də öz rolunu itirir və belə bir xəstəliklər yayıla bilər".

E.Hüseynov Azərbaycanda yağış sularının idarəedilməsi üzrə heç bir təşəbbüs və iş görülmədiyini vurğulayır. Belə ki, yağış sularının da içməli suya qarışması ehtimalı az deyil: "Üstəlik də, Azərbaycan istehlakçılarının su axıtma sistemi ilə davranışı həddindən artıq pisdir. Məsələn, istehlakçılar kanalizasiya sisteminə qoyun ayaqlarını, başını atırlar, bu da gigiyena normalarını pozur".

A.Əliyev
A.Əliyev

"İçməli suyun tərkibi ciddi yoxlanmalıdır"

"Bəzən su kəsilir, sonra suyu verəndə içindən çirk və qum çıxır". Bunu isə həkim-radioloq Aydın Əliyev AzadlıqRadiosuna bildirib. O, ölkədə içməli suyun keyfiyyətli olduğunu deməyin çətinliyini qeyd edir. Ekspert hesab edir ki, içməli suyun tərkibi ciddi yoxlanmalı, ona ciddi nəzarət olunmalıdır: "Çünki orada hansısa molekul baxımından yox, həm də hansısa bir mikrob, virus baxımından analiz aparılmalıdır. Bunun üçün respublikanın müxtəlif rayonlarından nümunələr götürülməlidir və vaxtaşırı vətəndaşlara məlumat verilməlidir. Əgər hər hansı təhlükə aşkarlansa, suyun daha yaxşı dezinfeksiya edilməsinə riayət olunmalıdır".

XS
SM
MD
LG