Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:32

İtaliyalı güləşçi: 'Bakıda uduzmağım üçün 300 min dollar təklif etdilər'. Azərbaycandan reaksiya


Frank Çamizo
Frank Çamizo

İtaliyalı sərbəst güləşçi, ikiqat dünya çempionu Frank Çamizo bildirib ki, bu il Parisdə keçiriləcək Olimpiadaya vəsiqə əldə etmək üçün Bakıda təşkil olunan turnirdə onu pul ilə ələ almağa cəhd göstəriblər. O, bundan imtina etdikdə isə qəsdən uduzdurulduğunu vurğulayıb.

F.Çamizo bunları "La Repubblica" qəzetinə müsahibəsində söyləyib.

O, Kubadandır, İtaliya üçün mübarizə aparır, ikiqat dünya və dördqat Avropa çempionudur. Güləşçinin iddiasina görə, Azərbaycan güləşçisi Turan Bayramova uduzmağı üçün ona 300 min dollar təklif olunub: "Mənə yaxınlaşıb uduzmağım üçün 300 min dollar pul təklif etdilər, kim olduğunu söyləmək istəmirəm, amma çəki ölçmə günü idi (oyundan əvvəl güləşçilərin çəkiyə uyğunluğu yoxlanılır –red.). Nə cavab verdim? Onları... göndərdim, çünki mən təkcə özümü yox, İtaliyanı, federasiyamı, ordumuzu da təmsil edirəm. Mənim düzlüyümü sındırmaq asan deyil. Sübut? Mən canlı sübutam...".

Vurğulamasına görə, Bayramovla görüşün son saniyələrində hesab bərabər olanda Çamizo rəqibinin dizini yerə sıxaraq iki xallıq fənd işlədib.

"Beş hakim yekdilliklə rəqibimin dizini döşəyə sıxdığımı qeydə aldı. Münsiflər kollegiyasının sədri təkrara baxdı, ancaq bir kameradan və fəndi yerinə yetirmədiyimə qərar verdi, baxmayaraq ki, digər beş hakim başqa cür qərar vermişdi. Bilirdim ki, Azərbaycanda əlimdən gələnin ən yaxşısını, ikiqat, üçqatını etməliyəm, amma hər şeyi satın aldılar. Turnir boyu Azərbaycandan olan güləşçilərlə görüşlərdə eyni hakim olub", - "La Repubblica" idmançıdan sitat gətirir.

Parisdə keçiriləcək Olimpiadaya Avropa seçimlərinin yarımfinalında 74 kq çəki dərəcəsində İtaliyanı təmsil edən Çamizo Azərbaycandan olan Turan Bayramovla üz-üzə gəlib. Mübarizə 8:8 hesabı ilə "döşək sahibi" təmsilçisinin xeyrinə başa çatıb, o da Olimpiya lisenziyasını qazanıb.

İtaliya tərəfi turnirin yekun nəticələrinə etiraz edib. Dünya Güləş Birliyi (UWW) hadisəni araşdıracağını bəyan edib.

AGF İtaliya güləşçisinin ittihamına cavab verib

Azərbaycan Güləş Federasiyası (AGF) italiyalı sərbəst güləşçi, ikiqat dünya çempionu Frank Çamizonun ittihamına cavab verib.

Federasiyanın saytında yer alan açıqlamada xatırlanır ki, UWW bu görüşün hakim idarəçiliyini araşdırmağa başlayıb və yaxın günlərdə müvafiq qərar veriləcək: "Eyni zamanda, bildiririk ki, Çamizo "Duty to report" qaydalarına əsasən, belə bir rüşvət təklifinin olması ilə əlaqədar dərhal etiraz protokolunda öz qeydlərini etməli idi. İndi ya o öz iddiasını sübuta yetirməli, ya da bu iddianın əsassız olduğunu bildirməlidir".

Vurğulandığına görə, AGF hər zaman "Fair Play" ədalətli oyun prinsiplərinə sadiqdir.

"Biz Çamizonun bu ittihamına qarşı hüquqi addımlar atacaq və Dünya Güləş Birliyinə rəsmi qaydada müraciət edəcəyik", - məlumatda əlavə edilir.

XS
SM
MD
LG