Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:28

Azərbaycanda əhalinin sosial müdafiəsi prioritet deyilmi?


Təqaüdü kəsilənlərə iş də yoxdur?
Gözlə

No media source currently available

0:00 0:06:42 0:00

Təqaüdü kəsilənlərə iş də yoxdur?

Dövlət büdcəsinə yeni dəyişikliklər layihəsində ümumi xərclər 2 milyard 944.3 milyon manat artırılır. Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb. "Yenidən baxılma ilə 2024-cü il dövlət büdcəsində xərclər 39 milyard 707.3 milyon manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2 milyard 944.3 milyon manat və ya 8 faiz çoxdur", - məlumatda bildirilir.

Layihədə neftin bir barelinin orta illik ixrac qiyməti 60 ABŞ dollarından 75 ABŞ dollarına çatdırılır. Hazırda dünya bazarında neftin qiyməti 90 dollar civarında dəyişir.

Elə bütün bunların nəticəsidir ki, layihədə işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası xərcləri yüksəldilir. Habelə hüquq-mühafizə, prokurorluq, müdafiə və milli təhlükəsizlik xərcləri də artırılır.

Sosial müdafiə və sosial təminat xərclərində, əksinə, 150.8 milyon manat (3.3 faiz) azalma var.

Layihə yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılmalıdır.

Rəsmilər Azərbaycan dövlət büdcəsini "sosialyönümlü" büdcə adlandırır. "Sosialyönümlü" büdcədə nədən sosial müdafiə və sosial təminat xərcləri azaldılmalıdır?

Rüfət Quliyev
Rüfət Quliyev

"Əhalinin köçürülməsi prioritet məsələdir"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a deyib ki, Azərbaycan bütün xarici çağırışlara hazır olmalıdır, ona görə də ölkənin təhlükəsizliyi, Qarabağa və Şərqi Zəngəzura əhalinin köçürülməsi prioritet məsələdir: "Əhalinin sosial rifahı da bizdə prioritet məsələlərin içərisindədir. İş orasındadır ki, biz büdcəyə dəyişiklikləri edə bilirik və ehtiyac yaranarsa, onun sosial hissəsinə də dəyişiklik edilə bilər".

Deputatın sözlərinə görə, hökumət inflyasiyanı nəzarətə götürə bilib, ona görə də hazırda sosial məsələlərə diqqət o qədər də böyük deyil: "Amma bu o demək deyil ki, bir neçə aya büdcənin sosial hissəsində dəyişikliklərə ehtiyac olduğunu duysaq, biz bu məsələyə qayıtmayacağıq".

Natiq Cəfərli
Natiq Cəfərli

"Beynəlxalq kvalifikasiyaya uyğun deyil"

İqtisadçı Natiq Cəfərli isə Azadlıq Radiosuna bildirib ki, Azərbaycanda "sosial büdcə" məsələsi beynəlxalq kvalifikasiyaya uyğun deyil: "Bizdə sosial xərclər maaşlara və təqaüdlərə ödənilən vəsaitlər sayılır. Büdcənin təqribən 40 faizə yaxını sosialyönümlü sayılır. Əslində isə maaş və təqaüdlər dövlətin öhdəliyidir, çünki zatən onları ödəməlidir, bu, sosial məsələ deyil".

O qeyd edib ki, dünyada sosial xərclər başqa bir kateqoriya xərclərə aid edilir: "Bunlar sosial infrastrukturun qurulması, insanların mədəni istirahəti, aztəminatlı ailələrin əlçatan xidmətlərdən istifadəsidir. Bizdəki xərclərə baxanda isə büdcəni "sosialyönümlü" adlandırmaq çətindir".

Xərclərin artırılması məsələsinə gəlincə, N.Cəfərlinin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərə ayrılan vəsaitə əlavələr ediləcəyi bəlli idi: "Hələ bununla bağlı kifayət qədər böyük vəsaitə ehtiyac var. Hüquq-mühafizə orqanlarına ayrılan vəsaitin artması isə Nazirlər Kabinetinin rütbələrə görə ödənişlərin yüksəldilməsi ilə bağlı qərarına görədir. Yəqin ki, Qarabağ müharibəsinin iştirakçılarına ödənişlər də yüksəldiləcək. Mənə elə gəlir ki, minimal əməkhaqqının artırılması ilə bağlı da qərar olacaq".

Toğrul Vəliyev
Toğrul Vəliyev

"Problemlidir"

İqtisadçı Toğrul Vəliyev də bildirir ki, layihədə əlavə gəlirlər, əsasən, tikintiyə və müdafiə xərclərinə yönəlir: "Burada problem odur ki, hakimiyyətin prioritetləri başqadır və sosial siyasət deyil".

Onun vurğulamasına görə, azalan xərclər varsa, bu, artıq problemlidir: "Bir neçə bənd üzrə azalma var. Bunlar dövlət xidməti, sosial müdafiə, mədəniyyət və s.-dir. Bu sahələr elədir ki, orada xərclər var, bizdə isə hakimiyyət heç vaxt əlavə xərc çəkmir, əlavə müavinət təyin etmir, əlavə sahələr yaratmır. İlin ortasında da hesablayır ki, ilin sonuna xərclər azalacaq. Bunu qənaət kimi göstərirlər. Yəni, bizdə sosial siyasətə önəm yetirilmir. Məhz ona görə xərclər artmır, azalır".

XS
SM
MD
LG