Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:36

İlortası gəlincə Azərbaycan büdcəsi yenə dəyişdirilir


Manat
Manat

Milli Məclisə "2024-cü ilin dövlət büdcəsi haqqında" Qanuna dəyişiklik layihəsi daxil olub. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili buna diqqət çəkib. Büdcəyə yenidən baxıla biləcəyi ilə bağlı ilk siqnal bir neçə gün öncə maliyyə naziri Samir Şərifovdan gəlmişdi. Nazir açıqlamasında qeyd etmişdi ki, "bu gün müəyyən hesablamalar aparılır. Həmişə olduğu kimi, əlavə gəlir olanda və onlardan makroiqtisadi sabitliyə xələl gətirmədən layihələr üçün istifadə etmək imkanı yarananda orta müddətli, makrofiskal dayanıqlığa əngəl törətməməklə müvafiq səviyyədə qərar veriləcək".

Bu ilin büdcəsi hazırlanarkən neftin bir barelinin orta qiyməti 60 dollar hesablanmışdı. Ancaq geridə qalan dövrdə Azərbaycan neftinin orta qiyməti təxminən 90 dollar civarında dəyişib. Bu da gözləniləndən daha çox gəlir deməkdir. Maliyyə Nazirliyinin 2024-cü ilin ilk rübündə dövlət büdcəsinin operativ icrası ilə bağlı açıqladığı rəqəmlərdən görünür ki, üç ay ərzində dövlət büdcəsinin gəlirləri 9 milyard 234 milyon manat, xərcləri isə 8 milyard 412 milyon manat olub. Başqa sözlə, ilin ilk üç ayında büdcənin gəlirləri xərclərini üstələyib və 822 milyon manat profisit (büdcə artıqlığı) yaranıb.

Halbuki, 2024-cü ilin dövlət büdcəsi təxminən 2.6 milyard manat kəsirlə nəzərdə tutulmuşdu. Ancaq enerjidaşıyıcıların qiymətinin gözləniləndən yüksək olması hesabına büdcə kəsirlə deyil, profisitlə icra edilib. Bu üzdən, nəzərdə tutulandan artıq vəsaitin yenidən bölüşdürülməsi üçün büdcə rəqəmləri dəyişdirilir.

Büdcənin ilin ortasında dəyişdirilməsi Azərbaycan üçün yeni təcrübə sayılmaz. Son illər hökumət büdcə hazırlanarkən çox vaxt neftin qiymətinə öncə daha mühafizəkar yanaşır və daha sonra qiymətlər yüksək olduqda rəqəmləri dəyişir. Bunun əsas səbəbi Azərbaycan iqtisadiyyatının enerji sektorundan böyük asılılığıdır. Axı büdcə öncədən yüksək neft qiymətləri ilə hesablansa və il ərzində qiymətlər o qədər yüksək olmasa, hökumət büdcə öhdəliklərini yerinə yetirə bilməz. Bu baxımdan, büdcənin gəlirlərinin gözlənəndən yüksək olması xoş xəbər sayılsa da, neft qiymətlərinin ölkə büdcəsinə bu qədər böyük təsiri həm də yüksək risk amili deməkdir. O da var ki, Azərbaycan dövlət büdcəsinin gəlirlərini təxminən tən yarısı Dövlət Neft Fondunun transfertləri və enerji şirkətlərinin ödədiyi vergilərdir.

İlham Əliyevin təmtəraqla açılışını etdiyi binalar bərbad gündə: Köçkünlər narazıdır
Gözlə

No media source currently available

0:00 0:09:20 0:00

Əlavə vəsait hara xərclənəcək?

Dövlət büdcəsinin gözləniləndən artıq vəsaitlərinin hansı istiqamətlərə xərclənəcəyinə dair ayrıntılar hələ açıqlanmayıb. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri T.Mirkişili bildirib ki, layihə gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin iclasında müzakirəyə çıxarılacaq. Hələ detallar bilinməsə də, hökumətin büdcə dəyişikliyi ilə bağlı ötənilki təcrübəsi gözləniləndən artıq vəsaitin xərclənmə istiqamətləri barədə bəlli təsəvvürlər yaradır.

Ötən il dövlət büdcəsi dəyişdirilərkən gözləniləndən artıq vəsaitlərin əsas hissəsi Qarabağdakı yenidənqurma işlərinə ayrılmışdı. Belə ki, ilkin olaraq, bu istiqamətdə 3 milyard manat ayrılsa da, dəyişikliklərdən sonra həmin vəsait 5 milyard 260 milyon manata çatdırılmış - 2 milyard 260 milyon manat artırılmışdı.

Ötən il Qarabağdakı yenidənqurma işlərindən sonra gözləniləndən artıq vəsaitlərin yönəldiyi ikinci əsas istiqamət müdafiə və milli təhlükəsizlik xərcləri idi. Dəyişikliklərdən sonra bu istiqamətə ayrılan vəsaitin həcmi 1 milyard 105 milyon manat artırılaraq 6 milyard manata çatdırılmışdı.

Bu baxımdan, ötənilki təcrübəyə dayanaraq bu il də gözləniləndən artıq gəlirin, əsasən, Qarabağdakı layihələrin maliyyələşməsinə ayrılacağını düşünmək olar. Bundan başqa, 2023-cü ildə büdcə dəyişdirilərkən xarici borclarla bağlı ödənişlərə ayırmalar 178 milyon manat, xarici yardımlarsa 100 milyon manat məbləğində artırılmışdı.

Şuşaya qayıtmaq istəyənlər: 'Azı 800-1000 manatlıq iş olmalıdır'
Gözlə

No media source currently available

0:00 0:06:30 0:00

Əlavə vəsaitlər daha haraya xərclənə bilər?

Əhalinin büdcədə formalaşan əlavə vəsaitlərlə bağlı əsas gözləntisi sosial xərclərin artırılmasıdır. Unutmaq olmaz ki, indi Azərbaycanda rəsmi əmək müqaviləsi ilə çalışanların 51 faizi dövlət sektorunda çalışır. Bu baxımdan, dövlət sektorunda əmək haqlarının artırılması ölkədə 900 minə yaxın şəxsin gəlirinin artması deməkdir. O da var ki, Azərbaycanda uzun müddətdir minimum əməkhaqqı da artmır. Ölkədə minimum əməkhaqqı son dəfə 2023-cü ilin yanvarında artırılıb. Ötən il ölkədə yüksək inflyasiya qeydə alınsa da, bu il minimum maaş və digər əsas sosial ödənişlər artırılmadı. Bu baxımdan, hökumət yeni büdcəyə əhalinin rifahı baxımından yanaşsa, həmin xərclərin maliyyələşməsi də gözdən keçirilməlidir. Di gəl, son illərin təcrübəsi bu ehtimalın bir o qədər yüksək olmadığını göstərir, axı hökumət büdcədəki bu artıqlığın daimi olmadığının fərqindədir və gələn il neft qiymətləri bu qədər yüksək olmasa, hökumət indiki artımları geri çəkə bilməz.

Öncəki illərdə dövlət büdcəsinin icrası ilə bağlı Maliyyə Nazirliyinin potensial risklərlə bağlı açıqlamasında da deyilirdi ki, son illər Azərbaycanda sosial xərclərin artımı dayanıqlı olmayan mənbələr hesabına həyata keçirilir. Bu maliyyələşmənin dayanıqlı olmamasının əsas səbəbi büdcənin tən yarısının neft-qaz hesabına formalaşmasıdır. Əgər büdcənin əsas gəlir mənbəyi bir deyil, bir neçə sahə olsaydı, həmin durumda sosial xərclərin artırılması hökumət üçün daha risksiz ola bilərdi.

XS
SM
MD
LG