Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:44

'Elə düşünürlər ki,... icra hakimiyyəti onların malikanəsidir'


Biləsuvar rayon icra başçısının öz iş otağında DTX tərəfindən saxlanılması
Biləsuvar rayon icra başçısının öz iş otağında DTX tərəfindən saxlanılması

Dövlət Təhlükəsizlik Xidməti (DTX) son aylar 4 icra başçısını rüşvət və başqa ittihamlarla həbs edib. Qurum iki gün öncə, mayın 8-də Mədəniyyət Nazirliyində də əməliyyat keçirib. Mənimsəmə iddiası ilə bağlı yənə həbslər var.

İndi bəzi ekspertlər bu həbslərlə bağlı bir sıra suallar verirlər.

Onların xatırlatmasına görə, icra başçılarından elələri var ki, 16 ildir müxtəlif rayonlarda icra başçısı işləyirdi və “Vətənə xidmətə görə” ordeni ilə də təltif olunmuşdu. Həmin şəxslər sual edirlər ki, bəs elə adamların fəaliyyətinə indi niyə şübhələr yaranıb? Yoxsa əvvəlki illər belə ittihamların meydana çıxmasına əsas verilməyib?

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev mövzu ilə bağlı deyib ki, bu cür məsələlərə ayrı-ayrı fərdlər yox, hadisələr və əməllər baxımından yanaşır:

“Çünki dördü fəaliyyətdə, biri isə istefada olan icra başçısını oxşar əməliyyatlar nəticəsində həbs ediblər və onların korrupsiya əməllərində iştirakı haqqında video materiallar ictimailəşib ( həmin ittihamlara icra başçıları və ya onların vəkillərinin münasibəti, hələlik, ictimaiyyətə bəlli deyil-red). Oxşar xarakter xüsusiyyətlər göstərir ki, korrupsiyaya başda icra başçısı, aparatı, yerlərdə idarə rəhbərləri, icra nümayəndələrinə yoluxub”.

Əliməmməd Nuriyev, 24 sentyabr 2009
Əliməmməd Nuriyev, 24 sentyabr 2009

“Elə düşünürlər ki,… orada münasibətlər ağa-nökər sistemində olmalıdır ”

Əliməmməd Nuriyev daha sonra da bunları deyib:

“ Səbəblər müxtəlifdir, birinci növbədə onlar özlərini mütləq hakimiyyət sayırlar. Elə düşünürlər ki, bu adamlara hər hansı vəzifə tapşırılıbsa, mütləq hakimdirlər, icra hakimiyyəti onun malikanəsidir və orada münasibətlər ağa-nökər sistemində olmalıdır. Bu adamlar ictimaiyyətlə məsləhətləşmir, problemləri aşkarlamağa və araşdırmağa cəhd etmirlər. İkinci səbəb bir şəxsin uzun müddət vəzifədə qalmasıdır. Halbuki, ölkə başçısı bu adamları vəzifəyə təyin edəndə, konkret tapşırıqlar verir, xüsusən də son aylarda hər bir vəzifəli şəxsə konkret tapşırıqlar verilir. Əsasən də sahibkarlara dəstək verilməsi tapşırıqlar sırasında yer alır. Məsələ ondadır ki, xalqa xidmət etmək dövlətə inam və etimadın möhkəmlənməsi, inkişafı deməkdir. Ancaq bir çox məmurlar yerli icra hakimiyyətləri haqqında əsasnamədə müəyyənləşdirilən hüquq və vəzifələrinin öhdəsindən gələ bilmirlər, məsuliyyətlərini itiriblər. Hətta iş o yerə çatıb ki, bu insanlar nəinki rüşvət alır, humanitar yardıma da əl uzadırlar. Bu, icra baçılarının çox kasıb yaşayanların haqqına girməsi onların hansı səviyyədə deqradasiyaya uğramasının nəticəsidir...”

Əlimamməd Nuriyev hesab edir ki, belə adamların fəaliyyəti dövlətin təhlükəsizliyinə təzyiqdir, insanlarda dövlətə inam və etimadı sarsıdır. Onun fikrincə, bu paralel olaraq sahibkarlıq mühitini zədələyir. Əliməmməd Nuriyev prezidentin də onları keçmiş fəaliyyətlərinə görə mükafatlandırıldıqlarını xatırladaraq bildirib ki, artıq fəaliyyətlərini müasir çağırışlara uyğun quran insanlara ehtiyac var:

“Çox saq ol, ordeni də almısan, amma bu gün tamam başqa çağırışlar var...”

“Yəni sən keçmişdə bu işi görmüsən, çox saq ol, ordeni də almısan, amma bu gün tamam başqa çağırışlar var və ona uyğun fəaliyyət göstərməlisən. Əks təqdirdə, insanlarla davranışlarını dəyişmirsənsə, sahibkarların mülkiyyətinə göz dikirsənsə, buna görə cəzalandırılmalısan. Cəzalanma prosesi artıq genişlənir, sonuncu Mədəniyyət Nazirliyində müavin və digər şəxslərin həbsi buna sübutdur. Roma hüququnda vicdansız elan etmə bəndi var, əgər şəxs qəbahətə və ləyaqətsiz hərəkə yol verirsə, hakim onun barəsində vicdansız elan etmə qərarı çıxardır, ümumi qınaq nəticəsində həmin adamlar yaşadığı ərazini tərk etmə məcburiyyətində qalırdı. Azərbaycanda isə korrupsionerləri məclisin başında oturdurlar, qonşunun malını oğurlayana pis baxırlar, amma böyük miqyasda oğurluq edənlərə hörmət əlaməti kimi az qala xüsusi yer göstərirlər. Ona görə də icra başçılarının rotasiya prinsipinə keçmək lazımdır, 2-3 il vəzifə tutmaları yetərlidir”.

“Effektiv və səmərəli idarəetmə qurulmalıdır”

Əliməmməd Nuriyev hesab edir ki, yerli icra strukturlarında islahat aparılmalıdır:

“ Regional idarəetmə sistemi haqqında düşünməli, paralellik aradan qalxmalı, Fransa və Türkiyə modellərindən örnək götürülməli, ərazi icra nümayəndilikləri ləğv olunmalıdır. Əgər ictimai və dövlət nəzarəti güclənəcəksə, yeni nəsil idarəedicilərin daha sürətlə yetişməsi mümkün olacaq. Yeni nəsil dedikdə, yalnız gənclər nəzərdə tutulmamalıdır, söhbət müasir standartlara cavab verənlərdən gedir. Bu gün dəyişikliklər həm institusional, həm qanunvericilik, həm də kadrlar istiqamətini əhatə edib effektiv və səmərəli idarəetmə qurulmalıdır. Məsələn, “İctimai iştirakçılıq haqqında” qanun 2014-cü ilin iyunun 1-dən qüvvədədir, amma icra olunmur. Sənəddə yerli icra hakimiyyətləri yanında vətəndaş cəmiyyəti üzvlərindən ibarət ictimai şuraların yaradılmasın nəzərdə tuturdu. Bu, qərarların hazırlanmasında vətəndaşların iştirakını, təşəbbüskarlığını, hesabatlılığı, şəffaflığı gündəmə gətirir. Baxın, icra hakimiyyətlərinin saytlarına, çox bərbad vəziyyətdədir, insanlar oradan vacib suallarına cavab ala bilmirlər”.

“...Nəinki xalqı dinləmək”

Ilham Ismayıl, 1 oktyabr 2009
Ilham Ismayıl, 1 oktyabr 2009

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə Azadlıq Radiosuna deyib ki, bir sıra hallarda hakimiyyətdə irəli çəkilən adamların idarəetmə qabiliyyətindən çox verdiyi rüşvət, hakimiyyətə sədaqəti və hansı yüksək vəzifəli məmurla yaxın olması prinsipləri əsas götürülür:

“Belə adamların səlahiyyətlərinin öhdəsindən gəlməsi və icra hakimiyyətləri haqqında Əsasnaməyə uyğun fəaliyyət göstərməsi kənara qoyulur. Həm də onlardan xüsusi iş yox, rüşvət tələb olunur. Belə deyək, bu adamlar qarşısında xalqı əzmək prioriteti əsas götürülür, nəinki xalqı dinləmək. Ona görə də idarəetmə sistemini təşkil edənlər mənzərənin necə olduğunu bildiklərindən yeri gəldikdə, icra başçılarına orden və medal da verirdilər. Ümumiyyətlə, yenilər istisna olmaqla mükafatlandırılmayan icra başçısı yoxdur”.

“Təmizlənmə mərhələləri”

İlham İsmayıl son bir neçə ayda həbs dalğasının görüntü olduğunu düşünür:

“Sovet dövründə, xüsusən Stalin hakimiyyəti zamanı “təmizlənmə mərhələləri” olurdu, Maksim Qorki öləndə həkimlər həbs olundu, Jdanov öləndə isə ikinci “Həkimlər işi” başladı. Halbuki, böyük yazıçını özləri öldürmüşdülər. Ümumiyyətlə, bu cür təmizlənmə bütün avtoritar rejimlərə xas xüsusiyyətdir. Azərbaycanda bir ara bələdiyyə sədrləri tutulurdu, indi icra başçılarının və icra nümayəndələrinin həbsi başlayıb, bir azdan sonra başqaları tutulacaq. Ancaq bu həbslər problemləri kökündən həll edə bilmir. Çünki rüşvət idarəetmənin tərkib hissəsidir, məgər, digər icra başçılarından rüşvət alan yoxdurmu, onların hər ay təhsil, səhiyyə şöbələrindən, sahibkarlardan nə qədər rüşvət aldıqları yuxarılara da bəllidir. Necə ki, tutulanlar özləri də icra başçılarına niyə pul verdiklərini açıqlayırlar. Baş həkim həkimlərdən nəyə görə pul yığır, icra başçısına çatdırmaq və özü də qazanmaq üçün. Eyni zamanda, təhsil şöbələrinin müdirləri, yəni bu, zəncirvari proses yuxarılara qədər çıxır. İndi bunları niyə vəzifədə saxlayırlar sualının cavabı aydındır, idarəetmə sistemi belə tələb edir. Sadəcə, son həbslər kampaniya xaraktari daşıyır”.

“Struktur islahatlarını yuxarıdan başlamaq vacibdir”

İlham İsmayıl bildirir ki, məsələyə ilk baxışdan yanaşdıqda, həbs olunan icra başçıları ittiham hədəfinə gələcək. Onun fikrincə, ancaq onlar eyni işi eyni formada görüblər, metod və vasitələr dəyişməz qalıb:

“Həmin icra başçıları da idarəetmə sisteminin qurbanlarıdır. Ancaq məsuliyyət daşıyırlar, konkret əməldə yaxalanıb həbs edildikləri bildirilir. Məsələnin köklü həllinə gəlincə, struktur islahatlarını yuxarıdan başlamaq vacibdir. Ümumiyyətlə, icra başçılarına maaş kartlarını paylamaq səlahiyyəti niyə verilməlidir? Deməli, onların səlahiyyətləri azaldılmalıdır, struktur islahatları aparılmalıdır, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır”.

Bu fikirlərə, hələlik, nə həbs edilən nə də fəaliyyətdə olan icra başçılarından münasibət almaq cəhdləri nəticə verib.

XS
SM
MD
LG