Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:31

Ceyms O'Brayen: Rusiya qayıdıb sülh müqaviləsinə əngəl törədə bilər...


Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib
Prezident İlham Əliyev ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisini qəbul edib

Prezident İlham Əliyev iyunun 28-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayeni qəbul edib.

ABŞ dövlət katibinin köməkçisi bu görüşdən sonra yerli jurnalistlər üçün brifinq keçirib. O brifinqdə bugün Bakıda üç görüşdə olduğunu bildirib.

Onun sözlərinə görə bu görüşlərdə ABŞ-Azərbaycan münasibətləri müzakirə olunub.

O'Brayen deyib ki, Azərbaycan və ABŞ arasında müxtəlif sahələrdə güclü və səmərəli partnyorluq var və bu bugünkü görüşlərdə regionda yaranmış vəziyyət detallı şəkildə müzakirə olunub.

Dövlət katibinin köməkçisi, diqqətə çatdırıb ki, son illərdə Azərbaycanın regionda oynadığı rolun əhəmiyyəti artıb.

O qeyd edib ki, müzakirələrin əsas mövzusu Ermənistan və Azərbaycan arasında onilliklərdir davam edən münaqişəyə son qoyacaq sülh razılaşması idi.

O'Brayen bildirib ki, Azərbaycan və Ermənistan arasında partnyorluq bütün region üçün faydalı olardı. Məsələn Mərkəzi Asiyadan Azərbaycan ərazisi ilə Ermənistandan keçən marşrut Mərkəzi Asiya ölkələrinin mallarının Avropaya daşınmasına Azərbaycan-Gürcüstan marşrutuna daha etibarlı əlavə olardı.

II Dünya müharibəsindən sonra olduğu kimi

Diplomat qeyd edib ki, ABŞ Ermənistandan keçəcək marşruta həm də ona görə əhəmiyyət verir ki, bu marşrut coğrafi baxımdan “geosiyasi təsirlərdən” daha uzaqdır və həm də iqtisadi baxımdan daha ucuz başa gələrdi.

Bu layihənin maliyyələşdirilməsinə dair suala cavab verən O'Brayen deyib ki, Qazaxıstan və Azərbaycan layihəyə sərmayə yatıra bilərlər. Bu prosesdə habelə Dünya Bankı iştirakçı ola bilər.

Diplomat xatırladıb ki, II Dünya müharibəsindən sonra Avropada həyata keçirilən siyasi əhəmiyyətli iqtisadi layihələr daha bir müharibəni imkansız edib.

O'Brayen vurğulayıb ki, layihəyə hazırlıq üçün əsas iş Ermənistanda görülməlidir və ABŞ nümayəndələri Mərkəzi Asiya ölkələrində bu layihə üzrə iş aparırlar.

Amma diplomat vurğulayıb ki, ABŞ-ın bu layihədən məqsədi regiondakı təsirini artırmaq yox, region insanlarına siyasi və iqtisadi faydalar verməkdir.

Ermənistanın silahlanması

Ermənistanın xaricdən silahlar alması barədə suala cavab verən ABŞ nümayəndəsi deyib ki, hər bir ölkənin özünümüdafiə məqsədilə silah almaq haqqı var. Onun təbirincə deyilərsə, Azərbaycan bu sahədə, ötən həftə də daxil son illərdə geniş fəaliyyət göstərib:

“Biz silah alınması məsələsini qəzetlərdən öyrəndik. Düşünmürəm ki, bu, əvvəlcədən planlaşdırılmış bir addımdır. Məncə burada əsas məqsəd Ermənistanın Rusiyadan asılılığının aradan qaldırılmasıdır. Rusiyanın bu sahədə Ermənistana dəstəyi daim təmənnalı olub. Sizin sualınız onu göstərir ki, bu məsələdə Ermənistan və Azərbaycan arasında daha böyük etimad quruculuğuna ehtiyac var və bu mənada iki ölkə arasında sülh müqaviləsi bu prosesinin başlanğıcı olacaq”.

Rusiya qayıdana qədər

O'Brayen habelə Azərbaycan və Ermənistan arasında etimadın möhkəmlənməsinə misal olaraq Ermənistanın Azərbaycanın COP konfransı keçirməsinə dəstəyini, Azərbaycanın əsirləri azad etməsini, sərhədin demarkasiyasına başlanmasını, dörd kəndin Azərbaycana qaytarılmasını göstərib.

O deyib ki, istənilən sülh müqaviləsinin əldə edilməsi son dərəcə çətindir, çünki burada müharibənin buraxdığı iz var.

Onun sözlərinə görə bu mənada iki tərəf arasındakı hazırkı diqloq əhəmiyyətlidir, çünki burada söhbət təkcə bugünkü siyasətdən getmir, tərəflər əmin olmaq istəyirlər ki, əldə olunan razılaşma gələcək münaqişələrin qarşısını ala biləcək:

“Düşünürəm ki, bu istiqamətdə bu yaxınlarda sərhədin demarkasiyasına başlanması son dərəcə əhəmiyyətli addımdır. Bu onu göstərir ki, tərəflər hətta ölkə daxilindəki siyasi məqamlara baxmayaraq bu prosesi davam etdirmək istəyirlər. Tərəflər arasında etimad hər iki ölkənin vətəndaş cəmiyyətlərinin yetkinliyini nümayiş etdirəcək. Hazırda Rusiya bu prosesdən kənardadır, lakin proses uzun çəkərsə, Rusiya qayıdaraq əngəl törətməyə çalışa bilər. Belə bir şəraitdə irəliləyişə nail olmaq mühümdür”.

Bayramov və Mirzoyan NATO-nun Vaçinqton sammitinə dəvət ediliblər

Ceyms O’Brayen Bakıya səfərinin əsnasında bunu da deyib ki, Ermənistan və Azərbaycan xarici işlər nazirləri NATO xarici işlər nazirlərinin iyulun 9-11-də Vaşinqtonda keçiriləcək sammitinə dəvət olunublar.

Dövlət Departamenti rəsmisinin sözlərinə görə bu sammitə NATO-ya partnyor bütün ölkələrin nazirləri dəvət ediliblər.

O’Brayen Vaşinqtonda Ceyhun BayramovArarat Mirzoyan arasında hər hansı görüşün gözlənildiyi barədə heç nə deməyib.

Ermənistan Xarici İşlər Nazirliyi iyunun 28-də AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna deyib ki, Ararat Mirzoyan belə bir dəvət alıb və onu qəbul edib.

“Vaşinqton adına Azərbaycan-Ermənistan sülh müqaviləsi”

Azərbaycan və Ermənistan arasında danışıqlarda ABŞ-ın birbaşa vasitəçiliyi məsələsinə gəlincə O'Brayen deyib:

“Biz bir ildən də artıq müddətdir bəyan edirik ki, tərəflərin produktiv hesab etdiyi bütün formatlarda danışıqlar prosesinə ev sahibliyi etməkdən məmnunuq. Biz “Vaşqinton adına Azərbaycan-Ermənistan sülh müqaviləsi” əldə olunmasına təmənnalı deyilik. Amma bu istiqamətdə tərəflərə dəstək verməyə hazırıq. Mən ümid edirəm ki, xarici işlər nazirləri tezliklə görüşmək imkanına malik olacaqlar. Vaşinqton yenə də bu danışıqlara ev sahibliyi etməyə hazırdır. İki tərəf hazırda birbaşa dialoqdadır. Onlar bunu öz xalqları üçün edirlər və biz bu prosesin dostu olmağa həmişə hazırıq”.

Azərbaycan qazı və Avropa

Cənub Qaz Dəhlizi barədə suala cavabında O'Brayen bildirib ki, Azərbaycan Avropaya qazın əsas təchizatçılarından biridir.

Onun sözlərinə görə Bakı hazırda 8 Avropa ölkəsinə qaz verir və yaxın müddətdə bu siyahıya daha dörd ölkənin qoşulacağı gözlənilir.

Dövlət katibinin köməkçisi vurğulayıb ki, Azərbaycan Avropanın Rusiya qazından asılılığının azaldılmasında “yaxşı buferdir” və Avropanın Rusiyanın təsirlərinə qarşı müqavimətini artırır.

907-ci düzəliş

907-ci düzəliş barədə suala cavab verərkən ABŞ dövlət katibinin köməkçisi deyib ki, bu düzəliş bir xeyli vaxtdır, ABŞ qanunvericiliyindədir və Konqres bu düzəlişi ləğv etməyə həvəsli görünmür:

“Həm demokrat, həm də respublikaçı administrasiyalar bu düzəlişin fəaliyyətini dondurublar. Bizim administrasiya da hazırda bu məsələni nəzərdən keçirir. Amma deməliyəm ki, bu məqam bizim Azərbaycanla təhlükəsizlik də daxil müxtəlif sahələrdə əməkdaşlığımıza mane olmur. Təzyiqə gəlincə isə məncə siz 907-ci düzəlişin əhəmiyyətini bir qədər şişirdirsiniz. Bir sözlə bu düzəliş bizim Bakı ilə münasibətlərimizin qarşısını almır”.

Əliyev ABŞ dövlət katibinin köməkçisini qəbul edib

Prezident İlham Əliyev iyunun 28-də ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayeni qəbul edib.

AZƏRTAC-ın xəbərinə görə, O'Brayen Birləşmiş Ştatların regional sülh gündəliyinin irəliyə aparılmasına sadiqliyini və bu prosesi dəstəkləməyə hazır olduğunu vurğulayıb. Azərbaycan ilə ABŞ arasında müxtəlif sahələrdə əməkdaşlığın, o cümlədən əlaqələrin strateji səviyyədə daha da inkişafı məsələlərinin vacibliyini qeyd edib. Bu xüsusda regional əməkdaşlıq, Orta Dəhliz və digər məsələlərin müzakirə olunduğu bildirilir.

Çin-Qazaxıstan sərhədindən başlayan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçərək Avropaya qədər uzanır.

Bundan əvvəl...

Hələ ötən il noyabrın 15-də O'Brayenin ABŞ Konqresində dinləmələrdə çıxışı Azərbaycanda narazılığa səbəb olmuşdu. O həmin vaxt demişdi ki, Bakı və Yerevan arasında sülh sənədi imzalanadək Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) isə onun dediklərini birtərəfli və qərəzli sayıb.

Daha sonra Azərbaycanda hökumətə yaxın mediada Qərbə, xüsusilə Birləşmiş Ştatlara qarşı məqalələr dərc olunub. ABŞ səfirliyi noyabrın 27-də Bakıda planlaşdırılan məzun görüşünü təxirə salmışdı. Lakin sonradan münasibətlərin düzəlməsinə aid bəyanatlar səsləndi. Dekabrda isə O'Brayen özü Azərbaycana səfər etmişdi.

Ötən əsrin 80-ci illərindən qızışan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə hərbi toqquşmalara səbəb olmuşdu. Son illər iki ölkə arasında həm Vaşinqtonun dəstəklədiyi Avropa İttifaqı, həm də Rusiyanın ayrı-ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları aparılıb. Amma, hələlik, tərəflər sülh sazişi imzalamayb. Son bir ildə isə tərəflər öz aralarında sərhədin müəyyən edilməsi ilə bağlı görüşlər keçirirlər.

XS
SM
MD
LG