Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:34

Ərdoğan ABŞ-ı birtərəfli sanksiyalarını qaldırmağa çağırıb


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ı onun ölkəsinin müdafiə mallarını almasını çətinləşdirən sanksiyaları və iki ölkə arasında NATO müttəfiqləri kimi qarşılıqlı ticarəti əngəlləyən başqa məhdudiyyətləri qaldırmağa çağırıb.

Reuters agentliyi yazır ki, iki NATO müttəfiqi arasında münasibətlər son illərdə bir neçə məsələyə fərqli baxışla bağlı zəifləyib. Bunlar Aralıq dənizi hövzəsi, Suriya və Qəzza siyasətlərindəki fərqlər, Ankaranın ABŞ və müttəfiqlərinin etirazlarına baxmayaraq Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri almasıdır. Türkiyə Rusiyadan S-400 sistemlərini aldıqdan sonra, 2019-cu ildə ABŞ-ın F-35 təkmil qırıcı proqramından xaric edilib.

Bunun ardınca Ankara habelə Vaşinqtondan 40 ədəd F-16 qırıcısı və bu təyyarələr üçün təkmilləşdirmə dəstləri almağa çalışıb.

Ankara və Vaşinqton iki ölkə arasında qarşılıqlı ticarəti 2023-cü ildəki 30 milyard dollardan 100 milyard dollara çatdırmaq kimi uzunmüddətli hədəfə malikdirlər.

Ərdoğan BMT Baş Assambleyasında iştirak üçün Nyu Yorka səfəri əsnasında Türkiyə və ABŞ biznesmenlərinə deyib ki, Ankara sözü gedən hədəfi real hesab edir, lakin buna mövcud məhdudiyyətlərə görə iki ölkə arasında müdafiə ticarətinin azalması mane olur.

Berlinin həvəssizliyi

Türkiyə prezidenti deyib ki, əngəllərin aradan qalxması üçün dəmir, alüminium və polad sektorlarına əlavə rüsumların qoyulması dayandırılmalıdır:

"Mən ümid edirəm ki, biz F-16-ların modernləşdirilməsi sahəsində yeni səhifə açmışıq və bu sahədə məhdudiyyətlərin həmişəlik aradan qaldırılacağını gözləyirik”.

Ərdoğan habelə deyib ki, Türkiyə 155 mm çaplı artilleriya mərmilərinin istehsalı və təchizatında mühüm rol oynaya bilər. Bu sursat növündən Rusiya-Ukrayna müharibəsində geniş istifadə olunur.

Bundan başqa Vaşinqton Türkiyədə bir neçə fərd və şirkətlərin üzərinə Rusiya sanksiyalarını pozduqlarına görə sanksiyalar qoyub.

Reuters yazır ki, Türkiyə F-16 qırıcıları ilə yanaşı Almaniya, Britaniya və İspaniyanın istehsalı olan Eurofighter Typhoon qırıcıları ilə də maraqlanır. Amma Ankara bu məsələdə Berlinin həvəssizliyindən gileylənir.

Ərdoğan sentyabrın 23-də Nyu Yorkda Almaniya kansleri Olaf Şoltsla görüşüb.

XS
SM
MD
LG