Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:53

Moskvadan xəbərdarlıq: 'Yerevan Rusiya qoşunlarının ölkədən çıxarılmasını heç ağlına da gətirməsin'


Rusiya Federasiya Şurası sədrinin birinci müavini, Rusiya hərbi-hava qüvvələrinin keçmiş komandanı Viktor Bondarev
Rusiya Federasiya Şurası sədrinin birinci müavini, Rusiya hərbi-hava qüvvələrinin keçmiş komandanı Viktor Bondarev

Rusiyanın vəzifəli millət vəkilləri Ermənistan hökumətinin Rusiya sərhədçilərinin ölkənin əsas beynəlxalq aeroportu – Zvartnots hava limanından çıxarılması tələbini pisləyiblər.

Onlardan biri Yerevana Ermənistandakı bütün Rusiya hərbçilərinin çıxarılmaması üçün xəbərdarlıq edib. O deyib ki, bunun ölkənin təhlükəsizliyi üçün ciddi fəsadları ola bilər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Rusiya sərhədçiləri artıq onilliklərdir Ermənistanın Türkiyə və İranla sərhədlərində, habelə Zvartnots hava limanında keşik çəkirlər.

Ermənistanın vəzifəli rəsmiləri martın 7-də bildirmişdilər ki, Ermənistan artıq hava limanında sərhəd keşiyini təkbaşına qurmaq iqtidarındadır və bu qərar da bu səbəbdən qəbul edilib.

O əlavə etmişdi ki, Rusiya sərhədçiləri yalnız Zvartnots hava limanından çıxarılacaqlar.

Ötən ay Ermənistanın baş naziri Nikol Paşinyan Fransa televiziyasına müsahibəsində demişdi ki, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) üzvlüyünü dondurub.

Moskvadan səslənən tənqidlərdən sonra Paşinyan izah etmişdi ki, üzvlük de facto dayandırılıb, lakin lazım gələrsə də de jure də dayandırıla bilər.

Paşinyanın bu bəyanatlarına Rusiyadan yalnız Kremlin sözçüsü Dmitri Peskovdan reaksiya olmuşdu. O demişdi ki, KTMT-nin nizamnaməsində üzvlüyün dondurulmasını nəzərdə tutan müddəa yoxdur.

Buna baxmayaraq bu məsələyə dair Moskvadan rəsmi açıqlama verilməyib.

“Ermənistanda bizi artıq istəmirlər”

Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası sədrinin birinci müavini Viktor Bondarev bu barədə martın 7-də özünün teleqram kanalında yazıb:

“Bu, Paşinyan hökumətinin hələlik ən böyük qeyri-dost addımıdır. Bundan bu nəticəni çıxarmaq olar ki, bizi Ermənistanda artq o qədər istəmirlər. Bu, əslində Ermənistanın sakit, lakin ardıcıl şəkildə qeyri-dostluğa doğru sürüklənməsi, KTMT-nin əsaslarından ayrılmasıdır”.

Bondarev deyib ki, bu ehtimalən Yerevanın Rusiyanın bütün sərhədçilərinin və bütün hərbçilərinin Ermənistandan çıxarılmasına oxuduğu prelüddür.

Millət vəkilinin fikrincə, bu, böyük eskalasiyaya səbəb olacaq.

Rusiya hərbi hava qüvvələrinin keçmiş komandanı Bondarev deyib:

“Mən Ermənistan hakimiyyətinə Rusiya qoşunlarının Ermənistandan çıxarılmasını heç ağlına belə gətirməməsəini tövsiyə edərdim”.

Zatulin: “Yerevanın belə bir addım atacağı vaxt məsələsidir”

Rusiya parlamentinin aşağı palatası Dövlət Dumasının vəzifəli üzvü Konstantin Zatulin bildirib ki, Paşinyan administrasiyasının belə bir addım atacağı yalnız vaxt məsələsidir. O deyib ki, "Ermənistan hökuməti nümayişkəranə bir şəkildə Rusiya ilə bağlarını qırır”.

Azatutyun yazır ki, bütün bunlarla yanaşı Ermənistan hökuməti KTMT-dən ayrılacağı barədə heç bir rəsmi bəyanat verməyib.

Ermənistanın müxalifət qrupları bidlririrlər ki, ölkənin Rusiya ilə hərbi müttəfiqlikdən çıxması Qərb qüvvələrinin doldura bilməyəcəyi qorxulu təhlükəsizlik boşluğu yarada bilər.

Onların fikrincə belə bir hal Azərbaycanı və hətta Türkiyəni Ermənistana qarşı təcavüzə sövq edər.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi (danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

XS
SM
MD
LG