Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:44

Amerikalı pornoulduzun səfəri İranda qəzəblə qarşılandı


Amerikalı pornoulduz Uitni Rayt ABŞ-ın Tehrandakı keçmiş səfirliyi qarşısında
Amerikalı pornoulduz Uitni Rayt ABŞ-ın Tehrandakı keçmiş səfirliyi qarşısında

Kian Şərifinin məqaləsi

İranda qadınlar ictimai yerlərdə başlarını örtməsələr, saxlana, cərimələnə və hətta həbs edilə bilərlər.

Ancaq hökumət amerikalı pornoulduzun ölkəyə gəlişinə icazə verəndə qəzəblənən iranlı sosial media istifadəçiləri rəsmiləri ikiüzlülükdə suçladılar.

Ötən həftə Tehrana gələn Uitni Rayt (Whitney Wright) paytaxtın görməli yerlərində, o cümlədən hazırda muzey olan keçmiş ABŞ səfirliyinin binasında çəkilmiş başdan-ayağı qapalı fotolarını paylaşıb.

"Uitni Rayt... qadınların yalnız saçlarını göstərdiyi üçün öldürüldüyü İrandadır"

İranlı sosial media istifadəçiləri onu pornoqrafiyanın qəti yasaqlandığı İrandakı klerikal rejimi təbliğ etməkdə günahlandırıblar.

Rayt Fələstini müdafiə, İsraili tənqid etdiyindən bu anlamda Tehranın mövqeyini paylaşmış olur. İsraili özünün başlıca düşməni sayan islamçı rejim ABŞ və AB-də ekstremist qrup kimi tanınan HƏMAS-ı dəstəkləyir.

Sonradan Instagram-dakı postları silinən 32 yaşlı pornoaktrisa İranı tərk edərək fevralın 4-də İraqa gəlib. Di gəl, sosial şəbəkə istifadəçilərinin ona və İran hökumətinə tənqid atəşi səngiməyib.

"Amerikalı pornoulduz Uitni Rayt mənim doğulduğum, qadınların yalnız saçlarını göstərib özləri olduqları üçün öldürüldüyü İrandadır", - ABŞ-da yaşayan iranlı fəal və müxalifətçi Məsih Əlinejad X-də belə yazıb.

İranın "İsmət və hicab qanunu" qadınların və yaşı 9-u aşan qızların ictimaiyyət arasında sərt islami geyim qaydalarına tabe olmasını tələb edir. Bura hicab, yaxud baş örtüyü də daxildir. Qaydanı pozanlar çox zaman əxlaqsızlığı yaymaqda suçlanaraq cərimələnmə, həbs və hətta mülki hüquqlarından məhrum edilmə təhlükəsi ilə üz-üzə qalırlar.

2022-ci ilin sonlarında hicab qaydalarına düzgün əməl etmədiyi iddiası ilə saxlanılan Məhsa Əmini adlı gənc qızın polis nəzarətində ikən ölməsi nəticəsində başlanan və ölkənin hər yerinə yayılan etirazlar İranı lərzəyə gətirmişdi. Rejim etirazları amansızlıqla yatırarkən yüzlərlə insan öldürülmüş, minlərlə adam həbsxanalara atılmışdı.

Tənqidə tutulsa da, Rayt öz səfərini müdafiə edib. "Siz mənim… muzeyə getdiyimə görə üzr istəməyimi istəyirsiniz?",- o, Instagram-da yazıb. Pornoulduz bəzi tənqidçilərin "utanmadan" İsraili müdafiə etdiyini də vurğulayıb.

"Siz bu ölkənin adamlarını…"

İranlılar qadınları hicaba görə təqib etdikləri halda İslam respublikasında qanunsuz sayılan davranışlarla açıqca məşğul olan əcnəbilərin İrana gəlişinə imkan verdiyi üçün hökuməti tənqid ediblər.

"Siz bu ölkənin adamlarını hicabı çıxarmağa görə müxtəlif yollarla cəzalandırırsınız, ancaq pornoaktrisasının turizm üçün bura gəlməsinə icazə verirsiniz?!", - iranlı aktrisa Setare Pesyani Instagram-da belə yazıb.

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Nəsir Kənani fevralın 5-də Raytın səfəri haqda bilgisiz olduğunu söyləyib və deyib ki: "Başqa ölkələrin vətəndaşları İrana Xarici İşlər Nazirliyi vasitəsilə gəlmirlər". O bu cavabını yetərli sayıb.

ABŞ öz vətəndaşlarını "terror, mülki iğtişaş, insan oğurluğu və ABŞ vətəndaşlarının əsassız həbsi" kimi hallar barədə xəbərdar edərək İrana səfər etməməyi tövsiyə edir.

Amerika vətəndaşları İrana yalnız təşkil olunmuş tur daxilində, yaxud dövlətin təyin etdiyi bələdçi ilə səyahət edə bilərlər.

Raytın səfəri qərbli pornoulduzun İrana səfərə çıxdığı ilk hal deyil

Britaniyalı pornoaktrisa Kendi Çarms (Candy Charms) 2016-cı ildə plastik əməliyyat üçün Tehrana səfər edərək başıörtülü şəkillərini Instagram-da paylaşmışdı.

Ona viza verdiyi üçün mühafizəkarlar keçmiş mötədil prezident Həsən Ruhaninin administrasiyasını qınamışdılar.

O zaman Xarici İşlər nazirinin müavini Həsən Qaşqavi həmin səfərlə bağlı sualı cavablarkən yüksək mənəvi keyfiyyətləri olduğundan İran rəsmilərinin britaniyalı pornoulduzu tanımadığını demişdi.

XS
SM
MD
LG