Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:48

İranda etirazçılarla polis toqquşur, neftçilərin tətili genişlənir


Məhabadda etirazlar, 27 oktyabr, 2022-ci il
Məhabadda etirazlar, 27 oktyabr, 2022-ci il

İranda neftçilərin tətil hərəkatı genişlənir

İran neft sənayesinin daimi işçiləri bildiriblər ki, onlar da müqaviləli neftçilərin tətilinə qoşulacaq və hökumətin etirazçılara divan tutumasına görə oktyabrın 29-dan işi dayandıracaqlar.

Xəbər verilir ki, neft-kimya sənayesi işçilərinin tətilə qoşulması İran iqtisadiyyatının əsas gəlir sahəsində böhran yarada bilər.

İranın neft sənayesi hazırda beynəlxalq sanksiyalar altındadır.

Müqaviləli neft işçilərinin təşkilat şurası oktyabrın 27-də tətilə başlandığını elan etmişdi.

Şura bildirib ki, neftçilər etirazlarda saxlananların, o cümlədən 250 neftçinin dərhal azad olunmasını tələb edirlər.

Son günlərdə İranın bir sıra şəhərlərindəki neft müəssisələrində tətillər başlanıb.

Bəzi xəbərlərə görə oktyabrın 29-dan tətilə başqa sahələrin işçiləri və dükan sahibləri də qoşulacaqlar.

Polislə toqquşma

İranın qərbi Məhabad şəhərində etirazçılar polislə toqquşub. Onların bəziləri hökumət binasını tutmağa çalışıb. Bu arada ölkə rəsmiləri məscidə hücumu məhz ölkədəki nümayişlərlə əlaqələndirməyə çalışıb.

Sosial mediada yayılan videolarda oktyabrın 27-də kütlənin hökumət binasını mühasirəyə aldığı görünür. Onlar binanın darvazasını daş, digər qırıntılar atırlar, fonda sporadik atəş səsləri gəlir.

Bəzi nümayişçilərinin güllələnməsi xəbərləri gəlir

35 yaşlı İsmayıl Moludi bir gün öncə dəfn olunandan sonra şəhər çalxalanır.

Moludi oktyabrın 26-da etirazlarda İslam İnqilab Keşikçiləri Korpusunun əməkdaşları tərəfindən öldürülüb. Etirazlar 22 yaşlı Məhsa Əmininin 40 mərasimində keçirilib. Sentyabrın 16-da əxlaq polisi Əminini guya hicabı düzgün bağlamadığına görə saxlayıb, şahidlərin sözlərinə görə, o döyülüb. Bir neçə gün sonra vəfat edib və bundan sonra İranı etirazlar bürüyüb.

“Hengaw” insan haqları təşkilatının məlumatına görə, Məhabadda bəzi nümayişçilərinin güllələnməsi xəbərləri gəlir. Ancaq bu məlumatları müstəqil şəkildə təsdiqlətmək mümkün olmayıb.

Xürrəmabadda etirazlar

İranın qərbindəki Xürrəmabad şəhərində isə yüzlərlə insan Nika Şakaraminin basdırıldığı məzarlığa yığışıb. 16 yaşlı Şakarami sentyabrın 20-də Tehranda hökumətə qarşı etirazlardan sonra vəfat edib.

O, dostuna polisin onu təqib etdiyini deyəndən sonra Tehranda itkin düşüb.

“Amnesty International” 26 oktyabr axşamından bəri təhlükəsizlik qüvvələrinin azı səkkiz nəfəri öldürdüyünü bildirib. Qurum Əmininin yasına yığışanlara və etirazçılara atəş açıldığını bildirib, “odlu silahdan ehtiyatsız və qanunsuz istifadə”ni pisləyib.

Oktyabrın 26-də Əmininin 40 mərasimiylə eyni vaxtda Şirazda məbədə hücumda isə azı 15 nəfər öldürülüb. Hücuma görə məsuliyyəti İslam Dövləti silahlı qruplaşması üzərinə götürüb.

Anaları qız uşaqlarını abort etdirməyə məcbur edənlər
Gözlə

No media source currently available

0:00 0:04:11 0:00

Rəsmilərin iddiası

Prezident İbrahim Rəisi oktyabrın 27-də hücumu etirazlarla əlaqələndirib. Onun sözlərinə görə, “düşmənin niyyəti ölkənin proqresini pozmaqdır, bu iğtişaşlar terror hücumları üçün zəmin hazırlayır”.

Bir sıra aparıcı rəsmilər etirazları xarici müdaxilə ilə bağlayır, özəlliklə ABŞ və İsrailin adını çəkirlər. Ancaq bu iddiaları əsaslandıracaq dəlil göstərilmir.

Etirazların miqyası isə böyüməkdədir. Oktyabrın 26-də Tehranda həkimlər tibbi ekspertiza binasının qarşısında yürüş keçiriblər.

15-dək həkimin saxlandığı bildirilir. Bu isə Tehran Tibb Şurasının prezidenti və vitse prezidentinin istefasıyla sonuclanıb.

Etirazlarda indiyədək azı 215 nəfərin, o cümlədən 27 uşağın öldürüldüyü bildirilir.

XS
SM
MD
LG