Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:54

İstanbuldan Bakıya gətirilən alim: ‘Məni istintaq təcridxanasında cinsi təcavüzlə hədələdilər’


Fazil Qasımov
Fazil Qasımov

İstanbul Universitetinin doktorantı, bir il öncə Türkiyədə saxlanılıb Azərbaycana gətirilən və həbs edilən Fazil Qasımov deyir ki, istintaq təcridxanasında cinsi istismarla hədələnib. Onun bildirdiyinə görə, bu hadisə ötən ilin oktyabrında Bakı İstintaq Təcridxanasında iqtisadçı Qubad İbadoğlu ilə üzləşmədən təxminən 20 dəqiqə öncə yaşanıb.

“Burada qadınlar var, mən çox şeyi danışmaq istəmirəm. Məni dustaqların cinsi istismarına məruz qoymaqla hədələdilər. Elm adamını belə şeylərlə təhdid eləyib, başqa bir elm adamına qarşı yalan ifadəni təsdiqləməyə məcbur elədilər. Məni, ağlaya-ağlaya, üzləşməyə apardılar. O vaxt vəkilim olan Anar Qasımov da məni müdafiəsiz qoydu”, - F. Qasımov avqustun 15-də öz məhkəməsində belə deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində onun haqqındakı cinayət işi üzrə məhkəmə prosesi başlayıb. F. Qasımov Anar Əliyev adlı başqa bir şəxslə birlikdə mühakimə olunur.

62 gündür aclıq etdiyini və bu üzdən sağlamlığında ciddi problemlər yarandığını söyləyən alimin zahiri görünüşü də kəskin çəki itirdiyini, durumunun yaxşı olmadığını göstərirdi. O, çətinliklə danışır və hərəkət edirdi.

"Qubad İbadoğluya qarşı yalan ifadələrə məcbur elədilər”

Əvvəl Q. İbadoğlu da eyni cinayət işi üzrə təqsirləndirilirdi, amma iyulun 16-da İbadoğlu haqqında cinayət işi ümumi işdən ayrılıb. F. Qasımov bunu doğru saymır. Onun fikrincə, bu işlərə eyni icraatda baxılmalıdır, o səbəbdən, məhkəmə baxışına xitam verilməsi, işinin istintaqa qaytarılması və Q. İbadoğlunun işiylə birləşdirilməsi barədə vəsatət qaldırıb:

“Bizim birlikdə cinayət törətdiyimiz iddia olunur. Guya mən Türkiyədə saxta dollar əldə eləmişəm, Qubad İbadoğlu da onu hansısa yollarla Azərbaycana gətirib. Bizə eyni maddə ilə ittiham verilib. İyulun 16-da cinayət işinin ayrılması qərarı verildi. Hesab edirəm ki, bu işlər birləşdirilməlidir”.

Təqsirləndirilən alim vurğulayıb ki, istər ona, istərsə Q. İbadoğluya saxta valyuta ilə əlaqəli verilən ittiham quramadır. Onun fikrincə, hər ikisi ötən ilin iyununda Londonda yaradıb qeydiyyatdan keçirdikləri “Azərbaycan Gənclərinin Təhsil Fondu”na görə həbs edilib. F. Qasımov deyib ki, rəsmi ittiham saxta pulla bağlı olsa da, istintaqdakı suallar məhz həmin fond haqqında idi:

“Mən bütün həyatımı elmə həsr eləmişəm. Fond yaradılandan sonra Qubad İbadoğlu Azərbaycana gəldi və həbs olundu. Ondan sonra mən də İstanbulda izləndiyimi hiss edirdim. Məni Azərbaycana gətirəndən sonra ağlasığmaz işgəncələrlə, çayıma psixatrop maddələr qatmaqla, ailəmlə hədələməklə həm öz əleyhimə, həm də Qubad İbadoğluya qarşı yalan ifadələrə məcbur elədilər”.

O, Baş prokurora məktub yazaraq, məruz qaldığı işgəncələri onun nəzərinə çatdırdığını və təzyiq altında verdiyi ifadələrdən imtina etdiyini bildirib. Həmin məktubun surətinin cinayət işinə əlavə olunmasını da xahiş edib.

“Fazil Qasımovun həbsdə saxlanması ədalətsizlikdir”

Vəkil Telman Qasımov da Q. İbadoğlu haqqında cinayət işinin ümumi işdən ayrılmasıyla razılaşmır və qərarın əsaslandırılmadığını deyir.

Onun sözlərinə görə, Q. İbadoğlu bu cinayət işində əsas fiqur olsa da, onu apreldə ev dustaqlığına buraxaraq, ardınca bu qətimkan tədbirini polis nəzarətinə vermə ilə əvəzləyiblər:

“Onu buraxıblar, çöldə gəzir, bunu isə belə bir vəziyyətdə də həbsdə saxlayırlar. Fazil Qasımovun heç bir cinayət törətmədiyi halda, həbsdə saxlanması ədalətsizlikdir”.

Müdafiəçiləri onun sağlıq durumunu nəzərə alaraq, ev dustaqlığına buraxılması barədə də vəsatət qaldırıblar. Vəkil Rövşanə Rəhimli deyir ki, hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan alim divarlardan tuta-tuta gəzir.

Vəsatətlərin heç biri təmin olunmayıb. Məhkəmə yalnız baş prokurora məktubun surətini cinayət işinin materiallarına əlavə etməyə razılıq verib.

F. Qasımov və A. Əliyevin işi üzrə məhkəmə baxışı avqustun 29-na təyin edilib.

Xatırlatma

Fazil Qasımova Cinayət Məcəlləsinin 204.3.1-ci (mütəşəkkil dəstə tərəfindən saxta pul hazırlama, əldə etmə, satma) və 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddələri ilə ittiham verilsə də, o bu ittihamların heç birini qəbul etmir, cinayət işində yazılanların yalan olduğunu deyir.

F. Qasımov ötən il avqustun 8-də İstanbulda saxlanılaraq, Bakıya gətirilib. İqtisadçı Q. İbadoğlu isə ondan 15 gün öncə - iyulun 23-də saxta pul ittihamı ilə saxlanmışdı. İstintaqın gedişində ona da dini ekstremist materiallarla bağlı yeni ittiham verilmişdi.

Q. İbadoğlu aprelin 22-də ev dustaqlığına buraxılıb, daha sonra onun haqqında polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Onunla bağlı cinayət işi isə ümumi işdən ayrılıb.

Q. İbadoğlu həbsdən çıxandan bir müddət sonra rəhbərlik etdiyi Azərbaycan Demokratiya və Rifah Partiyasının (ADR-in) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib. ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.

F. Qasımov və Q. İbadoğluya ittiham verilən maddələrdə 12 ilədək həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG