Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:35

'MTN işi'ndə dəhşətli intihar: Zərərçəkmiş əvvəl damarını kəsib, ...


MTN
MTN

Əvvəl damarını doğradı, sonra ürəyinə bıçaq vurdu, yenə sağ qalanda isə xəstəxanada yuxarı mərtəbədən özünü atdı...

"MTN işi"ndə bir qrup adam var ki, zərərçəkən kimi tanınsalar da, onların konkret kimin əməlindən ziyan çəkdiyi müəyyənləşdirilməyib. Daha doğrusu, onların ziyan çəkdiklərini iddia etdikləri adamlar məsuliyyətə cəlb olunmayıb, hətta bir qismi, əvvəlki kimi, ləğv olunmuş MTN-in bazasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətində işləməkdə davam edir.

Buna da bax:​ Keçmiş nazirin işini Avropa Məhkəməsi araşdırır

Belə zərərçəkənlərdən biri də mərhum Cahangir Məmmədovun yaxınlarıdır. O Cahangir Məmmədov ki, kredit götürmək üçün banka girov qoyduğu ev əlindən alınanda intihar edib. C. Məmmədov ailəsinin yaşadığı evin müsadirə olunmasıyla bağlı məhkəmədən sonra əvvəlcə damarlarını doğrayıb, amma onu xilas ediblər. Bundan sonra ürək nahiyəsindən özünü bıçaqlayıb. Onu xəstəxanaya çatdırıblar. Ayılanda sağ qaldığını görüb, bu dəfə xəstəxananın pəncərəsindən özünü ataraq, intihar edib.

Bankdan həmin pul isə qanunsuz həbs olunan C. Məmmədovu azad eləmək üçün götürülübmüş. Bu məsələ ilə bağlı prokurorluqda araşdırma gedir.

Buna da bax: MTN-çi polkovnik Quantanamoya gedən yeganə azərbaycanlı imiş?

MTN əməkdaşları ilə gömrükçülər arasında mübahisə

MTN əməkdaşları Cahangir Məmmədov da daxil olmaqla, altı nəfəri həbs edib. Bu altı nəfərdən dördü – Sərdar İsmayılov, Orxan Abdullayev, Əfsəl Həsənəliyev və Cahangir Məmmədov (onun ölümündən sonra da qardaşı - red.) xeyli vaxtdır ki, günahkarların cəzalandırılması, pullarının geri qaytarılması üçün dövlət orqanlarının, məhkəmələrin qapılarında qalıb. Deyirlər ki, təkcə elə Prezidentə 10-dan artıq məktub, teleqram göndəriblər. Əsas narazılıqları da budur ki, onları qanunsuz, heç bir əsas olmadan həbs eləyən, aylarla həbsdə saxlayandan sonra pullarını əllərindən alan, hətta evlərini girov qoymağa məcbur edən adamlar cəzalandırılmır.

Adları çəkilən zərərçəkənlərdən Əfsəl Həsənəliyev də ailəsinin yaşadığı evi itirmək üzrədir. Çünki o, həbsdə olduğu müddətdə girov qoyub kredit götürdüyü evin müsadirəsindən ötrü “Unibank” məhkəməyə müraciət edib. Xeyli vaxtdır ki, Nərimanov rayon məhkəməsində bu işə baxılır.

Buna da bax:​ MTN-in 'dadını' görənlər içində Exchange işçiləri də var

Bu zərərçəkənlər 2013-cü ilin martında Çindən Gürcüstanda satmaq üçün pirotexnik mallara aid “fişənglər” gətiriblər. Lakin Gürcüstanda malların satışında problemlə üzləşiblər. Ona görə də pirotexnik malların satışında məhdudiyyət olmayan İrana aparmaq qərarına gəliblər. Bu məqsədlə də o malların Azərbaycandan tranzit keçirilib İrana aparılmasına dair sənədləşmə işləri qaydasına salınıb. Mallar Azərbaycan sərhədini keçəndən sonra yerli gömrük əməkdaşlarının müşayiəti altında Astara gömrük postuna yola salınıb. Yolda MTN əməkdaşları yük maşınını saxlatdırıb, gömrük əməkdaşlarının nəzarəti altında olan, möhürlənmiş yükü özləri ilə aparacaqlarını deyiblər. Səbəbini də belə izah ediblər ki, onlarda bu yük maşınında qaçaqmal olduğu haqda məlumat var. Əlavə ediblər ki, bununla bağlı MTN-də artıq cinayət işi başlanıb. Maşını müşayiət edən gömrükçülər onu aparmağa imkan verməyib. MTN əməkdaşları gömrükçülərin iştirakı ilə yük maşınına baxış keçiriblər. Amma maşında gömrüyə bəyan edilməyən, yəni qaçaqmal sayılan heç nə aşkarlanmayıb. Buna baxmayaraq, yük yerini MTN-in möhürü ilə möhürləyib, maşını aparacaqlarını deyiblər. Gömrükçülər yükün gömrük nəzarətində olduğunu əsas gətirib, gömrük təminatı ilə möhürlənməli olduğunu desələr də, əhəmiyyət verilməyib.

Buna da bax:​ "MTN-də elə vurdular ki, implant dişlərim sındı"

MTN generalı gömrük generalını saymadı

Sərdar İsmayılovun sözlərinə görə, onları qaçaqmalçılıqda və qanunsuz sahibkarlıq cəhdində suçlayıb həbs eləyiblər: “Məqsəd də sonradan bizə zor tətbiq etməklə böyük pullar almaq idi. Bizi xeyli müddət həbsdə saxlayandan sonra məndən və Orxan Abdullayevdən 50 min manat, Əfsəl Həsənəliyevdən 32 min manat, Cahangir Məmmədovdan isə 80 min manat aldılar. Pulu alandan sonra eyni gündə dördümüzün də ürək xəstəliyindən əziyyət çəkdiyimiz barədə ekspert rəyləri alıb, həbsdən buraxdılar. Yerdə qalan iki nəfərin isə pulları olmadığına görə onlar bir il qanunsuz olaraq, həbsdə yatıb çıxdılar. Dörd adam birdən-birə necə ürək xəstəsi ola bilərdi? Müstəntiq bu oyunları apararkən istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurorluq əməkdaşları niyə göz yumurdular? Bu da düşünməyə əsas verir ki, onlar da əlbir olublar”.

Bu adamlar həbsdə olduğu zaman Dövlət Gömrük Komitəsinin sədr müavini Əsgər Abdullayev MTN-in İstintaq İdarəsinin rəisinə məktub göndərib. Məktubda da yazıb ki, o mallar Beynəlxalq Tranzit Gömrük Proseduru ilə rəsmiləşdirilib. Yəni qaçaqmal sayıla bilməz. Amma MTN generalı Mövlam Şıxəliyev gömrük generalı Əsgər Abdullayevin məktubuna əhəmiyyət verməyib.

Buna da bax:​ MTN generalının kürəkəni və onun bacısı da dindirildi

“Bizi MTN-də soğan qabığı kimi soydular”

Zərərçəkənlər Prezidentə müraciətlərində yazır ki, MTN əməkdaşları qaçaqmal adıyla əllərindən aldıqları malları sonradan bazarda satışa çıxarıb. Şikayətçilər MTN əməkdaşlarının pirotexnik malları kimin vasitəsilə satdırdığını da yazıb, konkret ad da çəkiblər. Onların sözlərinə görə, həmin şəxs hazırda həbsdə olan general, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin sabiq rəisi Sübahir Qurbanovun həmyerlisidir, həm də yaxın münasibətləri olub:

“Bizim zərərçəkmiş olduğumuz işin istintaqını aparan Əli Babayevə şahid bizim müsadirə olunmuş mallarımızı haradan kimin götürdüyü, harada satıldığı barədə ətraflı məlumat verib. Amma nədənsə, bu məsələ qulaqardına vurulur. Necə ola bilər ki, məhkəmə hökmü ilə dövlət nəfinə keçmiş mallar “Sədərək” bazarında satılsın?”

Buna da bax:​ MTN-in ev dustağı olan qadın generalı: 'Rədd olun buradan!'

Heç bir cinayət törətmədikləri halda, 5 ay həbsdə saxlandığını deyən məktub müəllifləri adlarını çəkdikləri şəxslərin cəzalandırılmasını, bir də pullarının geri qaytarılmasını istəyirlər: “MTN əməkdaşları bizi soğan qabığı kimi soyublar”.

XS
SM
MD
LG