Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:48

Mirziyoyevin çağırışından ilhamlanan blogerlər necə 'sındırılır'


Umid Miraliyev
Umid Miraliyev

Özbək bloger Umid Miraliyevin may ayında məruz qaldığı zorakı hücumdan sonra ciddi axsaqlığı var. Zopa və bellərlə silahlanmış bir qrup qəzəbli kişi onların Qaşqadəryo əyalətindəki evlərinin həyətinə gələrək, ona və qardaşına hücum ediblər. Miraliyevin qardaşı imkan tapıb hücumu videoya çəkə bilib. Onun çəkdiyi dramatik görüntülərdə hücumu törədənlərdən bir neçəsinin sifəti aydın görünür.

Miraliyev və qardaşı “Chevrolet” markalı qara minivandan düşən altı kişini xatırlayır. Bugünədək basqınçılardan, azı, üçü həbs edilib. AzadlıqRadiosunun müxbiri Kris Rikltonun özbək xidmətinin əməkdaşı Barno Ənvərin hazırladığı materiallar əsasında yazdığı məqalədə Özbəkistanda söz azadlığına təzyiqlərdən söz açılır.

Qubernator yeganə qanundur”

Miraliyev olayın ədalətli araşdırılacağına şübhə edir. O bu zorakılığın Qaşqadəryonun yerli hökuməti tərəfindən sifariş edildiyini düşünür.

"Əyalətlərdə qubernator yeganə qanundur. O, prokuroru itaətsizliyə görə qovmaq istəsə, bunu edə bilər”, - Miraliyev AzadlıqRadiosuna belə deyib.

Kiçik fermerlər ailəsində doğulan 48 yaşlı Miraliev Özbəkistanın ilk avtoritar prezidenti İslam Karimovun ölümündən öncə, sadəcə, mövcud olmayan kateqoriyaya aiddir - əyalət blogeridir.

Karimovun xələfi Şavkat Mirziyoyev hakimiyyətə gələndən sonra verilən kiçicik söz azadlığından yararlanan belə əyalət fəalları, adətən, “YouTube”, “Telegram” və “Instagram”dan faydalanırlar. Onlar yaşadıqları icmaların problemlərini işıqlandırır və adətən, əyalət və rayon administrasiyalarını korrupsiya və bacarıqsızlıqda günahlandırırlar.

Şavkat Mirziyoyev
Şavkat Mirziyoyev

Prezidentin özü onlara dəstəyini təklif edib

Ötən ay Özbəkistanın media işçiləri günündə çıxış edən Mirziyoyev deyib ki, blogerlərin “qəti mövqeyi və tərəfsiz sözləri… yerli səviyyələrdə yuxuda olan bəzi rəhbərləri oyatmağa, onları yeni qaydada çalışmağa və xalqın problemləri ilə yaşamağa vadar etməyə” yardım göstərib.

Onun 2020-ci ildə verdiyi mesaj da, əsasən, bu cür idi.

O zaman Mirziyoyev jurnalist və blogerlərdən “köhnə fikirli rəhbərlərin səhvlərini… açıb ağartmalarını” xahiş edirdi.

İndi onun bu çağırışı 1950-ci illərdə Çində gerçəkləşdirilən “Yüz çiçək” kampaniyasının özbək versiyası təsiri bağışlayır. O zaman öncə fəal şəkildə xalqı Çin Kommunist Partiyasını tənqid etməyə çağırmış, rəylər çox və ağır olunca da geniş təqib kampaniyasına başlamışdılar.

Keçilməli olmayan xətlərin mövcudluğundan xəbər tutan ilk özbək blogerlərdən biri Otabek Səttoridir. Əfqanıstanla sərhəddə yerləşən Termez şəhərindən olan bu bloger 2021-ci ilin yanvarında ailəsinin evində keçirilən zorakı polis reydi nəticəsində həbs edilib.

Yaşadığı şəhərdə məmurlar arasında iddia edilən korrupsiyanı tənqid edən Səttori reket ittihamı ilə altı ildən artıq həbs cəzasına məhkum olunub və 2024-cü ilin fevralında vaxtından əvvəl azadlığa buraxılıb.

Miraliyev kimi o da bloger karyerasına Mirziyoyevin “problemləri işıqlandırmaq” çağırışlarından ilham alaraq başladığını deyir.

“İndi onların harada olduğunu bilmirəm”

Ancaq Səttori azad ediləndən sonra bloger fəaliyyətinə davam etməyib. Miraliyev onun “digər blogerlər kimi sındığını” deyir:

“[Qaşqadəryo əyalətində] hər bir rayon və şəhərin öz bloger və fəalları vardı. İndi onların harada olduğunu bilmirəm".

Özbəkistanda bloger və müxtəlif internet fəallarının həbsxanaya atıldığını eşitmək heç kimi sarsıtmır.

Orta Asiyada İnsan Haqları Assosiasiyası və Beynəlxalq İnsan Haqları Tərəfdaşlığının birgə monitorinqi son 3,5 ildə 100-dən çox bloger və internet fəalının “siyasi motivli məhkəmə qərarlarına” məruz qoyulduğunu üzə çıxarıb.

Təşkilatların bu ay dərc edilən birgə hesabatında Özbəkistanda rejimi və Mirziyoyevi tənqid edən blogerlərin psixiatriya müəssisələrində, həbsxanalarda və ev dustaqlığında saxlandığına diqqət çəkilir.

Miraliyev AzadlıqRadiosunun özbək xidmətinə tanımadığı şəxslər tərəfindən döyülməsindən öncə də müxtəlif basqılarla üzləşdiyini deyib.

O, 2022-ci ilin oktyabrında Qaşqadəryo əyalətində yerləşən Şəhrisəbz rayonunun rəhbəri Abdusəməd Xasanovu tənqid etdiyi videoda dediyi sözlərə görə fırıldaqçılıqda suçlanaraq həbs edilib.

Məmurlar “hər yeri gəzib mənim onlardan pul aldığımı deyəcək adam axtardılar, ancaq heç kimi tapmadılar”, - onun sözləridir.

180 ölkə arasında 148-ci?

Miraliyev ötən ilin yanvarında həbsdən buraxılsa da, həmin ilin mayında onun azadlığı müəyyən müddətlik məhdudlaşdırılıb. O, ötən ayadək davam edən bu müddət ərzində vaxtaşırı yerli dövlət qurumunda qeydiyyatdan keçməli idi.

İndi nəhayət azad olan Miraliyev hökumətin 26 mayda məruz qaldığı hücumu araşdıracağına ümid edir, ancaq hələlik, bu istəyini gerçəkləşdirə bilmir.

Özbəkistan bu il “Sərhədsiz Reportyorlar” təşkilatının mətbuat azadlığı siyahısında 11 sıra geriləyərək 180 ölkə arasında 148-ci olub.

XS
SM
MD
LG