Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:40

Azərbaycanda neftdənkənar ixracı ən çox gerçəkləşdirən şirkət deyil, fiziki şəxsdir


Yükdaşıma
Yükdaşıma

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi ötən il Azərbaycanın qeyri-neft sektorunda ixracla bağlı göstəriciləri əhatə edən "İxrac icmalı" hesabatını açıqlayıb. Açıqlanan rəqəmlərə görə, 2023-cü ildə ölkənin neftdənkənar sektorda toplam ixracı 3.3 milyard dollar olub. 2022-ci illə müqayisədə qeyri-neft ixracında 9.8 faizlik artım qeydə alınıb. Bu artıma baxmayaraq, hələ də ölkənin toplam ixracında qeyri-neft sektorunun payı çox cüzidir. Ötən il ölkənin ixracında qeyri-neft sektorunun payı cəmi 9.88 faizdir. Azərbaycanın qeyri-neft sektoru üzrə ixracının təxminən 30 faizi yeyinti məhsullarıdır. İlboyu Azərbaycan xarici ölkələrə 928 milyon dollarlıq ərzaq məhsulu sata bilib.

Ən çox ixrac edilən məhsullar

Ötən il Azərbaycanın ixracından ən çox gəlir götürdüyü neftdənkənar məhsul dəyişib. 2022-ci ildə ölkəyə ən çox gəlir gətirən neftdənkənar məhsul karbamid ixracından əldə edilmişdi (210 milyon dollar). 2023-cü ildə isə Azərbaycan ən çox elektrik enerjisi ixracından gəlir götürüb. İl ərzində Azərbaycan elektrik enerjisinin ixracı hesabına 403 milyon dollar qazanıb. Ölkənin elektrik enerjisi ixracından əldə etdiyi gəlir 2022-ci illə müqayisədə 3.5 dəfə artıb. Ötən il boyunca Azərbaycanın toplam qeyri-neft sektoru ixracının təxminən 12 faizi elektrik enerjisi hesabına təmin edilib. İxrac edilən elektrik enerjisinin həcmi də iki dəfədən çox artaraq 2022-ci illə müqayisədə 1.71 milyard kVt/saatdan 4.32 milyard kVt/saata çatıb. Dövlət Gömrük Komitəsinin 2023-cü ilin ilk 11 ayına dair göstəricilərindən aydın olur ki, Azərbaycanın elektrik enerjisi ixracı iki ölkəyə - Türkiyə və Gürcüstana satılan elektrik enerjisi hesabına artıb. Ötən ilin ilk 11 ayında Azərbaycan Türkiyəyə 263 milyon, Gürcüstana 111 milyon dollarlıq elektrik enerjisi satıb.

Azərbaycanın neftdənkənar sektorunda ən çox ixrac edilən məhsulun elektrik enerjisi olması ölkənin qeyri-neft ixracının da neft-qaz sektorundan asılı olmasının göstəricisidir. İş burasındadır ki, Energetika Nazirliyinin açıqladığı rəqəmlərə görə, ölkədə elektrik enerjisinin 93 faizi məhz təbii qazdan istehsal edilir. Deməli, Azərbaycanın elektrik enerjisi ixrac etməsinin səbəbi ölkənin təbii qaza sahib olmasıdır. Bu üzdən, Azərbaycanda elektrik enerjisi istehsalı digər ölkələrə nisbətən daha ucuz başa gəlir. Üstəlik, Azərbaycanın qeyri-neft ixracında sadəcə elektrik enerjisi deyil, digər bir neçə məhsulun da xammalı neft və qazdır. Beləcə aydın olur ki, əslində Azərbaycanın qeyri-neft ixracının önəmli bölümü elə neft-qaz resurslarına dayanır və qeyri-neft ixracının toplam ixracdakı real payı 10 faizdən də azdır. Bu iddianı dəstəkləyən daha bir arqument odur ki, nə qədər qəribə səslənsə də, Azərbaycanda ilboyu neftdənkənar sektorda ən çox ixrac gerçəkləşdirən ikinci şirkət Azərbaycan Respublikasının Dövlət Neft Şirkətidir (SOCAR).

Sözügedən ixracdan ən çox gəlir əldə edilən ikinci məhsul qızıldır. İl ərzində Azərbaycan qızıl ixracından 163 milyon dollar gəlir götürüb. Nəzərə almaq lazımdır ki, bu məhsulun da ixracı hansısa istehsal deyil, ölkənin təbii sərvəti hesabına baş tutub. Qeyri-neft ixracında ilk üçlüyə daxil olan digər məhsul isə pomidordur. Ötən il Azərbaycan 162 milyon dollarlıq pomidor ixrac edib. 2023-cü ildə xurma (127 milyon dollar), pambıq mahlıcı (122 milyon dollar) və polipropilen də (110 milyon dollar) Azərbaycana100 milyon dollardan çox gəlir gətirib.

Ən çox ixrac gerçəkləşdirən şirkətlər hansılardır?

Azərbaycanın qeyri-neft ixracında bir məqam da diqqət çəkir: Özəl sektorda ixracın həcminə görə ilk yeri hansısa şirkət deyil, fiziki şəxs tutur. Belə ki, ötən il fiziki şəxs - Şirinov Elvin Valeh oğlu xarici ölkələrə 128 milyon dollarlıq ixrac həyata keçirib. Bu qədər böyük məbləğdə ixraca baxmayaraq, bu şəxs haqqında ictimaiyyətə açıq qaynaqlarda o qədər də bilgi yoxdur. Mediada indiyədək çıxan xəbərlərdə həmin şəxsin keçmiş sovet respublikalarına kənd təsərrüfatı məhsulları göndərdiyi bildirilir. Sözügedən fiziki şəxsdən sonra özəl sektorda ən çox ixrac gerçəkləşdirən şirkətsə ölkədə pambığın əsas ixracatçısı sayılan "MKT İstehsalat Kommersiya" MMC-dir. Özəl sektorda qeyri-neft ixracına görə ilk üçlükdəki sonuncu şirkətsə "Baku Steel Company"dir.

Azərbaycanın qeyri-neft ixracında məhsul çeşidliliyi ilə yanaşı, coğrafi çeşidliliyin də məhdudluğu diqqət çəkir. 2023-cü ildə Azərbaycanın neftdənkənar sektorunda ən çox məhsul göndərilən ölkə Rusiyadır. Ötən il Azərbaycan Rusiyaya 1.1 milyard dollarlıq məhsul ixrac edib. İxracın həcminə görə ikinci yerdəki Türkiyəyə gerçəkləşdirən ixracın həcmi isə 784 milyon dollardır. Deməli, 2023-cü ildə Azərbaycanın toplam qeyri-neft ixracının 60 faizə yaxını sadəcə iki ölkənin – Rusiya və Türkiyənin payına düşüb. Azərbaycanın Rusiyaya qeyri-neft ixracı 2022-ci illə müqayisədə 18 faiz, Türkiyəyə ixracı isə 10 faiz artıb.

Gürcüstan (333 milyon dollar), İsveçrə (175 milyon dollar) və Qazaxıstan da (95 milyon dollar) Azərbaycanın qeyri-neft ixracında ilk beşliyə daxildir. Toplamda ilk beş ölkənin Azərbaycanın qeyri-neft ixracında payı 75 faizdir. İxracın 75 faizinin cəmi beş ölkənin payına düşməsi Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracında daha uzaq regionlarda yerləşən ölkələrin marağının aşağı olmasının göstəricisidir. 2022-ci illə müqayisədə Azərbaycanın Gürcüstana neftdənkənar məhsul ixracı 46 faiz artdığı halda, İsveçrə və Qazaxıstana gerçəkləşdirilən ixrac, uyğun olaraq, 12 və 8 faiz azalıb.

XS
SM
MD
LG