Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:32

Seçkilər ərəfəsində siyahılar: Hakimiyyətdən sızmalar, hesablamalar, yoxsa uydurmalar...


"Səmimi namizəd". Gündüz Ağayevin karikaturası
"Səmimi namizəd". Gündüz Ağayevin karikaturası

Son vaxtlar sosial şəbəkələrdə bəzi bloqer və fəallar Azərbaycanda kimlərin deputat seçiləcəyi, yaxud yeni parlamentin tərkibi ilə bağlı iddiaların əks olunduğu siyahılar yayırlar. Onların vurğulamasına görə, sentyabrın1-də keçiriləcək növbədənkənar parlament seçkilərində də, əvvəllər olduğu kimi, yenə "təyinat" prinsipi əsas olacaq. Amma onlar mənbələrini açıqlamırlar.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə ilk parlament seçkiləri 1995-ci ildə keçirilib. Həmin seçkilərdən bir neçə gün əvvəl o vaxt Prezident Aparatında çalışan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da bir siyahı təqdim etmişdi. Onun iddiasına görə, həmin siyahıda "seçiləcək" namizədlərin adları yer alırdı. O bu siyahını elə Prezident Aparatının daxilindən əldə etdiyini iddia etmişdi. Rəsmi qurumlar bunu yalanlasa da, sonradan həmin siyahıda yer alan şəxslərin əksəriyyətinin deputat mandatı qazanması bir xeyli müzakirələrə səbəb oldu.

"Nə MSK-nın texniki xətası, nə də..."

Azərbaycanda 2020-ci ildə keçirilən son parlament seçkiləri ərəfəsində isə belə iddianın yer aldığı siyahını Milli Şuranın sədri Cəmil Həsənli yaymışdı. "Bizim təqdim etdiyimiz tərkib nə Mərkəzi Seçki Komissiyasının (MSK) texniki xətası, nə də hakimiyyət dairələrindən məlumat sızması əsasında tərtib edilib. Bu siyahı bizim uzunmüddətli seçki müşahidələrimiz və MSK-nın İnformasiya Mərkəzinin məlumatları əsasında tərtib edilib", - o bəyan etmişdi.

Bəs hüquq-mühafizə orqanları belə məsələlərlə bağlı araşdırma aparmalıdırlarmı, yaxud aparmayıblarsa, bunu nə ilə izah edirlər?

"Turan" agentliyi bu sualla Baş Prokurorluğa müraciət etsə də, hər hansı cavab ala bilməyib.

Cəmil Həsənli
Cəmil Həsənli

"96 faiz"

Milli Şuranın sədri Cəmil Həsənli AzadlıqRadiosuna deyib ki, adamlar əldə etdikləri informasiyalar əsasında bu siyahıları yayırlar: "Mən son günlər yayılan siyahının hansı əsaslarla tərtib edilməsini deyə bilmərəm. Ancaq 1995-ci ildə Nemət Pənahlı administrasiyada işlədiyindən ona siyahını vermişdilər. Amma mən 2015-ci ildə seçkidən 22 gün, 2020-ci ildə isə 12 gün əvvəl mandat alacaq deputatların siyahısını dərc etdirmişdim, onu mənə heç kim verməmişdi".

C.Həsənlinin vurğulamasına görə, sadəcə əldə etdikləri məlumatlar əsasında siyahı hazırlamışdılar: "Hər ikisində 125 deputat yerinin 121-i doğru çıxdı, yəni 96 faiz".

Onun deməsinə görə, siyahılarında doğru çıxmayan dörd dairədə isə, əsasən, gözlənilməyən qalmaqallar yaşanmışdı.

C.Həsənli hesab edir ki, bu cür siyahıların ortaya çıxmasında hökumətin özünün səhvləri də rol oynayır: "2010-cu il parlament seçkilərində qəribə hadisə baş verdi, oktyabrda seçki keçiriləcək, sentyabrda Bayraq Meydanının açılışı olacaqdı. Milli Məclisə siyahı göndərmişdilər ki, bu adamları açılışa dəvət edin, amma fəaliyyətdə olan deputatları yox, mandat alacaq deputatların siyahısını göndərmişdilər. Yəni seçilməyənlərin adları siyahıda yox idi, məsələn, mənim, Gültəkin Hacıbəylinin... Bu hadisə də ciddi qalmaqal yaratdı".

Zaur İbrahimli
Zaur İbrahimli

"MSK müraciət edə bilər"

Vətəndaş Cəmiyyəti Uğrunda Seçki Müşahidə Koalisiyasının nümayəndəsi Zaur İbrahimli mövzu ilə bağlı bir qədər fərqli düşünür. O, deyir ki, məsələyə ifadə azadlığı nöqteyi-nəzərindən yanaşıldıqda bir parlament seçkiləri haqda analizlər aparmaq, rəy vermək hər bir kəsin hüququdur: "Lakin digər tərəfdən də onu da nəzərə almalıyıq ki, anonim mənbələrə əsasən bu cür məlumatların verilməsi, tirajlanması seçicilərin davranışına, fəallığına neqativ təsir amili kimi nəzərdən keçirilə bilər. O zaman bu cür məlumatların israrla tirajlanması seçki prosesinə qəsdli müdaxiləni də nəzərdə tuta bilər. Hər halda istənilən sağlam düşüncəli şəxs, - bu, jurnalist, təhlilçi olsun, - ilk növbədə ziyan vurmamaq prinsipini rəhbər tutmalıdır. Məncə, etik baxımdan götürdükdə bu mövqedən çıxış etməlidirlər".

Z.İbrahimli düşünür ki, Mərkəzi Seçki Komissiyası dərc olunan bu cür materialların hüquqi məsuliyyət yaradıb-yaratmaması barədə müvafiq orqanlara müraciət edə bilər: "Məsələ ondadır ki, seçici fəallığını azaldacaq, yaxud seçkiyə inamı sarsıdacaq hər hansı bir rəydən çəkinmək lazımdır".

Bu məsələ ilə bağlı MSK ilə geniş danışmaq mümkün olmayıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Şahin Əsədli bildirib ki, MSK üçün əsas Azərbaycan seçicilərinin fikridir, son sözü də seçicilər deyəcək. Ümumilikdə isə rəsmi qurumlar buna qədər belə siyahılara etimad göstərilməməsini vurğulayıblar. Onların fikrincə, bu, seçkilərdə heç bir uğura bel bağlamayan, xalqın iradəsinə söykənməyən qüvvələrin uydurmasıdır.

Bəşir Süleymanlı
Bəşir Süleymanlı

"Ciddi rəqabət olsa, fərqli situasiya yaranar"

Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı isə ehtimal edir ki, bu cür siyahılar təxmini hesablamalarla hazırlanır: "Demokratik ölkələrdə keçirilən sorğular əsasında favorit namizədlər müəyyən olunur, bu, normaldır. Amma Azərbaycan kimi seçkiləri saxtalaşdırılan ölkələrdə hansı dairədən kimin deputat olacağı əvvəlcədən bilindiyindən favorit namizəd haqda heç düşünülmür də. Əgər ciddi rəqabət olsa, fərqli situasiya yaranar. Lakin dairələrə baxdıqda hakimiyyətin təyin etdiklərinin şansının böyük olduğunu görürük. Ona görə də bu məsələni birbaşa mübahisələndirmək olmaz. O vaxt hüquq pozuntusu olar ki, dövlət qurumu tərəfindən ciddi sənədlər əsasında yayılsın".

Xatırlatma

Azərbaycanda sentyabrın 1-nə növbədənkənar parlament seçkiləri təyin olunub. Halbuki seçkilərin bu ilin noyabrında keçiriləcəyi gözlənirdi. Hakim Yeni Azərbaycan Partiyası (YAP) həmin ay ölkədə BMT-nin iqlim konfransını (COP29) səbəb göstərərək parlamentin vaxtından əvvəl buraxılması təşəbbüsü ilə çıxış edib. Təşəbbüs parlamentdə qəbul edilib.

Bundan beş il əvvəl də YAP parlamentin özünü buraxması və erkən parlament seçkilərinin keçirilməsi təşəbbüsünü irəli sürmüşdü. Onda partiya bunu prezidentin apardığı islahatlarla ayaqlaşmaq istəyi ilə izah etmişdi. Nəticədə parlament seçkiləri vaxtından altı ay əvvəl baş tutmuşdu. Sonradan əvvəlki tərkibin əksəriyyətinin yenidən parlamentə düşməsi bir çoxlarının tənqidinə səbəb olmuşdu.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) bu vaxta qədər Azərbaycanda müşahidəsini apardığı seçkilərin, əsasən, rəqabət mühitində keçmədiyini, çoxsaylı pozuntuların qeydə alındığını açıqlayıb. Qurum habelə seçkilərin beynəlxalq standartlara uyğun, rəqabət mühitində keçirilməsi ilə bağlı bir sıra tövsiyələr də verib. Bu tövsiyələrdə seçki komissiyalarının yenidən formalaşması kimi məsələlər də yer alıb. Amma tənqidləri qəbul etməyən Azərbaycan hökumətinin təmsilçiləri tövsiyələrə də, hələlik, hər hansı müsbət münasibət bildirməyiblər.

XS
SM
MD
LG