Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:40

'Hikmət Həsənov dedi ki, nazirin və Nəcməddin Sadıqovun göstərişidir, 100 nəfər ölsə belə, dayanmayacaq...'


Tərtər işi - arxiv
Tərtər işi - arxiv

Müdafiə Nazirliyinin keçmiş idarə rəisi, general-mayor Rasim Əliyev 2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı işgəncələrin nazir və Baş Qərargah rəisinin razılığıyla həyata keçirildiyini iddia edir. Bu barədə o, iyulun 25-də məhkəmədə ifadə verərkən danışıb.

Nazirliyin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinə rəhbərlik etmiş, 2 il yarımdır ehtiyatda olan Rasim Əliyev hərbçilərə qarşı işgəncələrdə ittiham olunanlardan 4 nəfərin məhkəməsində şahid kimi dindirilib. Söhbət o dövrdə hərbi hissə komandiri olmuş polkovnik Vüsal Ələsgərov, hərbi hissənin qərargah rəisi Rəşid Niftəliyev, o dövrdə müddətdən artıq xidmət edən hərbi qulluqçular Ramil QarayevRüstəm Ələsgərovdan gedir.

“Rauf Kişiyev dedi ki, bunları başa sala bilmirəm ki, belə olmaz...”

Tərtərdəki olaylarla bağlı məhkəmə araşdırmalarından məlum olur ki, orada hərbçilərin ermənilərə casusluq şübhəsiylə sorğu-suala çəkilməsi və işgəncəyə məruz qalması prosesi 2017-ci il mayın 1-dən başlayıb. Rasim Əliyev deyir ki, o, Tərtərə mayın 9-da ezam olunub. Ondan əvvəl isə hazırkı Baş Qərargah rəisi, o dövrdə nazirin şəxsi heyət üzrə müavini olan Kərim Vəliyev Tərtərdə olub.

Əliyev danışır ki, gedəndə orada yüzlərlə işgəncəyə məruz qalmış, əlləri, gözləri bağlı hərbçi görüb. Həmin vaxt Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev də orada olub:

“Rauf Kişiyev dedi ki, bunları başa sala bilmirəm ki, belə olmaz...”

Onun sözlərinə görə, Tərtərdə proseslərə rəhbərlik edən şəxs o zaman korpus komandiri olan general Hikmət Həsənov, korpusun hüquqşünası Fuad Ağayev idi. General ifadəsində “Dəniz piyadaları”nın komandiri Cəfər Seyidov (Ali Məhkəmənin hakimi Əziz Seyidovun oğlu-red.) və tabeliyindəki heyətin Tərtərə gəlib, orada hərbçilərə qarşı işgəncələrdə iştirak etməsindən də danışıb.

“Mən Fuad Ağayevə baş verənlərə görə irad bildirmişdim, o da Hikmət Həsənova çatdırmışdı. Hikmət Həsənov zəng eləyib dedi ki, proseslər nazir və Baş Qərargah rəisinin göstərişiylə həyata keçirilir. Lap 100 nəfər ölsə belə, araşdırma davam etdirilməlidir. Mənim işimə qarışma...”, - Rasim Əliyev ifadəsində belə deyib.

“Cinayət zəncirinizdə 1000 halqadan 998-ciyəm...”

Məhkəmədə zərərçəkənlər də, təqsirləndirilən polkovnik Vüsal Ələsgərov da general Əliyevin özünü günahlandırıb. İşgəncələrin şahidi olduğu halda, qarşısını almaqdan ötrü öz səlahiyyətlərindən istifadə etmədiyinə görə onu qınayıb.

“General-mayor deyir ki, “gücüm çatdığı qədər müdaxilə elədim”. Onda niyə o vəzifəni tutmuşdunuz? Burada oturası adam sizsiniz. Mən sizlərin cinayət zəncirinizdə 1000 halqadan 998-ciyəm...”, – təqsirləndirilən Ələsgərovun sözləridir.

General Əliyev ona belə cavab verib: “Düz deyirsən, gərək səni yerində güllələyərdim...”

O, əlavə edib ki, rəhbərlik baş verənlərdən xəbərdar idi, ona görə kiməsə nəsə deməyə ehtiyac duymayıb:

“Bütün rəhbərlik xəbərdar idi işgəncələrdən. Bu sanki ona bənzəyir, hamı ərik ağacının altında dayanıb, ağacda olanları görür. Onlara deməyə nə ehtiyac var ki, ağacdakı ərikdir?”

Tərtər hadisələrində işgəncəyə məruz qalmış zərərçəkənlər tələb edib ki, Müdafiə naziri Zakir Həsənov, o dövrdə Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıqov məhkəməyə gəlsin.

“Sizin kimi generalların ucbatından mənim həyatım məhv olub. Ailəm dağılıb. Çünki məni vətən xaini hesab edib yoldaşım. İllərim həbsxanada keçib. Psixoloji vəziyyətim bu gün də gərgindir. Bunları heç nə ilə geri qaytara bilməzsiniz”, – Tərtər hadisələri zamanı dövlətə xəyanət ittihamıyla həbs olunub, 2022-ci ilin dekabrında bəraət alaraq, azadlığa çıxan Müşfiq Əhmədli bildirib.

“Hikmət Həsənov mənim oğlumu tanımırdı”

Tərtər hadisələrindəki zərərçəkənlərin ittiham etdiyi şəxslərdən biri də hazırda Laçında hərbi hissə komandiri Teymur Məmmədovdur. O, həmin dövrdə Tərtərdə briqada komandiri vəzifəsində çalışıb. Zərərçəkmişlər deyir ki, şəxsən Məmmədov özü də birbaşa işgəncələrdə iştirak edirdi. Bu üzdən iyulun 25-də Məmmədovun şahid kimi dindirildiyi məhkəmə iclası gərgin keçib.

“Hikmət Həsənov mənim oğlumu tanımırdı. Oğlum sənin tabeliyindəki hərbçi idi. Mənə cavab ver. Oğlumu niyə ora göndərib, işgəncə verdin və öldürdün? Bu adam mənim oğlumun qatilidir”, – Tərtər hadisələrində həyatını itirmiş hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədovanın sözləridir.

“Böhtandır...”, – deyən Teymur Məmmədov vurğulayıb ki, o, sadəcə, iki nəfərin göstərişlərini icra edib: korpus komandiri Hikmət Həsənov və korpusun hüquqşünası Fuad Ağayevin.

130 hərbçidən 6 nəfər həyatını itirib

Məmmədovun sözlərinə görə, onun rəhbərlik etdiyi briqadadan sorğu-suala 130 hərbçi göndərilib və onlar işgəncəyə məruz qalıb. Onlardan 6 nəfər işgəncə nəticəsində həyatını itirib. Niyə həmin işgəncələr barədə harasa şikayət etməməsi haqda suala isə o, belə cavablandırıb:

“Korpus komandiri mənə deyib ki, o adamları sorğuya göndərmək lazımdır, mən də göndərmişəm. Prokurorluğun da nümayəndələri orada olub. Ümumiyyətlə, müraciət edə biləcəyim instansiyaların hamısının nümayəndələri orada idi. Kimə müraciət edəydim? Hərbi prokurora deyəydim ki, bunu belə eləmə, elə elə?”

Həm zərərçəkənlər, həm də təqsirləndirilənlər deyir ki, istintaqın əlində polkovnik Məmmədovun işgəncələrdə iştirakını sübut edən videogörüntülər var. Həmin video və fotolarda aydın görünür ki, adamlar Məmmədovun yanında butulka ilə zorlanır, başqa vasitələrlə işgəncəyə məruz qalır.

“Sənin briqadanda 5-6 ölüm olub, mənim briqadamda isə ölüm olmayıb. Mənimlə sənin fərqin nədir? Gözünün qabağında o boyda qan-qada, hamını günahkar çıxartdın, özün süddən çıxmış ağ qaşıq oldun? Yetimin birini (təqsirləndirilən Rüstəm Ələsgərovu nəzərdə tutur-red.) vermisən güdaza. Allahın siqaretini də göndərmirsən. Onun xəstə balasının, zərərçəkənlərin ahı tutacaq səni...”, – təqsirləndirilən polkovnik Vüsal Ələsgərovla şahid Teymur Məmmədov arasında gərginlik yaşanıb.

“Autizm xəstəsi uşağım qalıb”

Hərbçilərin sorğu-sual üçün çağrıldığı və sonradan işgəncəyə məruz qaldığı məkan Teymur Məmmədovun rəhbərlik etdiyi hərbi hissənin köhnə binası olub. Məmmədov etiraf edib ki, rəhbərlik etdiyi briqadanın kəşfiyyat bölüyündən həmin hadisələr vaxtı 5-6 nəfər binanın mühafizəsi üçün göndərib. Biri də hazırda təqsirləndirilənlər arasındakı Rüstəm Ələsgərov olub.

“Mən yetim adamam, heç kimim yoxdur, ona görə buradayam. Məni həbs eləyəndə günü 20 manata kanalizasiya quyusu qazırdım. Autizm xəstəsi uşağım qalıb, siqaret, geyim tapmıram. Oradakı ölümləri mənim üstümə yazanların Allah balasını öldürsün. Mənim xəbərim olub onlardan? İndi burada üstünüzdən atmaqla deyil, bir “KamAz” adam gətirdilər, gözümün qabağında əmr verdiniz ki, qaldırın bu qoduqları yuxarı...”, – Rüstəm Ələsgərov keçmiş komandiri Teymur Məmmədova deyib.

Məmmədov da təsdiqləyir ki, Ələsgərov ora binanın mühafizəsindən ötrü göndərilib. Onu binanın içində, hərbçilərə işgəncə verən yerdə və s. görməyib, özü də onun kiməsə işgəncə verdiyinə inanmır.

Xatırlatma

2017-ci ilin may-iyun aylarında Tərtərdə hərbçilərə qarşı kütləvi işgəncələrlə bağlı məhkəmə araşdırmaları davam edir. Hazırda bu olaylarla əlaqədar hər biri 4 nəfərdən ibarət iki qrupun məhkəməsi gedir. 5 nəfərlik daha bir qrupun isə məhkəməsi yaxın günlərdə başlayacaq. Məhkəmə qarşısına çıxarılacaq şəxslər arasında Fuad Ağayev də var.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə icraat yenilənəndən sonra ümumilikdə 452 nəfər zərərçəkmiş qismində tanınıb.

Tərtər hadisələrilə eyni dövrdə Beyləqanda da bənzər olaylar yaşanıb. 5 nəfərlik daha bir qrup isə Beyləqandakı işgəncə iddialarıyla əlaqədar mühakimə olunur.

2017-ci ildə “Tərtər işi” çərçivəsində Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluqda günahlandırılan bir qrup hərbi qulluqçu və mülki şəxs həbs olunub, dövlətə xəyanətdə ittiham edilib. Sonradan bir sıra media orqanları və sosial şəbəkələrdə bu iş üzrə saxlanan bəzi şəxslərin dindirilmədə işgəncə nəticəsində ölməsi ilə bağlı məlumatlar yayıldı.

Hüquq müdafiəçiləri işgəncədən ölənlərin sayının 10-dan artıq olduğunu desələr də, bu, rəsmən təsdiqlənməyib. Həmin şəxslərdən beşinə sonradan bəraət verilib.

Yazıda adları çəkilən Müdafiə Nazirliyinin yüksək rütbəliləri indiyədək ittihamlara şərh verməyiblər.

XS
SM
MD
LG