Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:23

Ukraynanın əks-hücumu nə yerdədir? - Qərb ekspertləri


Ukrayna döyüşçüləri azad edilmiş Neskuçne kəndində
Ukrayna döyüşçüləri azad edilmiş Neskuçne kəndində

Ukraynada bir həftədir davam edən ağır döyüşlərdən sonra Kiyevin əks-hücumu üçün əsas sınaq hələ irəlidədir.

Reuters yazır ki, Ukraynanın bəzi birləşmələri Rusiyanın əsas müdafiə xəttindən müəyyən məsafədədir və Kiyevin əsas qüvvələri hələ də döyüş hazırlığı vəziyyətində gözləyir.

Ukrayna qüvvələri cənub cəbhəsinin iki nöqtəsində müqavimətə dirənib. Ukrayna ordusu son bir həftə ərzində 7 kəndi geri alsa da, canlı qüvvə və hərbi texnika sarıdan itkilər verir.

Söhbət ilk növbədə Qərbin Ukraynaya verdiyi müasir tank və PDM-lərdən (piyadaların döyüş maşını) gedir.

Xarici Siyasət Araşdırmaları İnstitutundan Rob Li bildirir ki, hər iki tərəfdən hərəkətlər “üzücü müharibə” istiqamətinə aparır.

Li Ukrayna müharibəsindəki vəziyyət barədə peyk görüntüləri və foto dəlilləri əsasında məlumat verən azsaylı təhlilçilərdəndir.

O bildirir ki, ukraynalılar rusların əsas müdafiə xəttinə çatanadək o qədər itki verə bilərlər ki, bu xətti yarmaq son dərəcə çətinləşə bilər.

Minalar, “əjdaha dişləri”, aviasiya

Bir çox hərbi ekspertlər Ukrayna ordusu üçün ən böyük çətinliyin minalar və Rusiya aviasiyasının zərbələri olduğunu deyirlər.

Burası da var ki, Qərbin Ukraynaya verdiyi PDM-lər Rusiya analoqlarından fərqli olaraq minaya düşəndə ekipajı və heyəti sağ saxlayır.

Rusiya özünün qərb sərhədindən tutmuş ilhaq etdiyi Krımadək minlərlə müdafiə mövqeləri qurub. Bunlar saysız minalar, antitank quyuları, “əjdaha dişi” deyilən beton barrikadalar və səngərlərdir.

Reuters agentliyinin hələ apreldə tanış olduğu peyk fotolarından görünür ki, rusiyalılar ən ağır fortifikasiyaları cənubda qurublar.

Ukrayna ordusu məhz bu ərazidə cəbhəni yarmaqla Rusiya və Krım arasındakı quru əlaqəni kəsə bilər.

Öz ək-hücum qüvvələrini əsasən cinahlarda qurmuş Ukrayna qoşunları Rusiya qüvvələrinin cəbhə xətti boyunca hərəkətlərini diqqətlə izləyir.

12 briqadadan yalnız üçü döyüşdədir

Beynəlxalq Strateji Tədqiqatlar İnstitutundan Ben Barri deyir ki, “Ukraynanın seçimləri var”:

“Ukrayna strateji sürprizə nail ola bilməz, amma o var gücü ilə əməliyyat və taktiki sürprizlər yaratmağa çalışacaq. Bunun üçün gizli mövqelər, kamuflyaj, aldadıcı manevrlər və dezinformasiya lazım olacaq. Ukrayna ötən payız bütün bu fəndlərdən uğurla istifadə edib”.

Linin dediyinə görə Moskvanın strategiyası, böyük bir ehtimalla Ukrayna ordusu 10-15 kilometrlik məsafədə yerləşən əsas müdafiə xəttinə çatanadək ona maksimum itki verdirməkdir:

“Orada ölənədək və ya mühasirəyə düşənədək döyüşməyin mənası yoxdur”.

Reuters yazır ki, Ukrayna böyük hücum əməliyyatına son 6 ay ərzində hazırlaşır.

Kiyev bu məqsədlə 12 mexanikləşdirilmiş briqada yaradıb. Bunlardan 9-u Qərb tərəfindən təlimləndirilib və silahlandırılıb.

Bir briqadada adətən 3500-4000 əsgər olur. Ukrayna bildirir ki, onun Daxili İşlər Nazirliyi 40 min əsgərdən ibarət 8 hücum briqadası yaradıb.

Polşada mənzillənmiş hərbi təhlilçi Konrad Muzıka isə bildirir ki, Ukrayna hələ ki, cənub cəbhəsində 12 briqadadan yalnız 3-dən istifadə edir.

Məqam əldən gedibmi?

Ukrayna ordusunun əsas hücumları Zaporojye vilayətinin Orixiv şəhəri və Donetskdəki Velika Novosilka istiqamətinə yönəlib.

Təhlilçilərin fikrincə bu, Ukrayna generallarının cəbhə xəttindən 25 kilometr arxada olan Tokmak şəhərini gözaltı etdiklərini göstərir. İşğal altında olan Melitopol cəbhə xəttindən 50 kilometr aralıdadır. Rusiyalılar hər iki şəhərdə ağır müdafiə mövqeləri yaradıblar.

Ukrayna son günlər Velika Novosilka yaxınlığında 4 kəndi azad edib. Reuters müxbirləri bu kəndlərdən ikisində olublar.

Ukrayna müdafiə nazirinin müavini Hanna Malyar bildirir ki, qoşunlar 6.5 kilometrədək irəliləyib və 100 kvadrat kilometrədək ərazini işğaldan azad edib.

Muzıka Ukrayna ordusunun hələki uğurlu olduğunu deyir:

"Mənim narahatlığım bundandır ki, bu əsas fazanın 5-6 günündən sonra irəliləyiş deyəsən dayanıb. Ukraynalıların son iki gündə qurduqları məqam əldən çıxıb və biz bunun səbəbini bilmirik”.

Malyar bildirib ki, Baxmut şəhərinin cinahlarında Ukrayna qoşunları irəliləyir. Amma təhlilçilərin fikrincə bu şəhər əsas Ukrayna hücumunun istiqaməti olmayacaq.

Ukraynanın hava qüvvəsi çatmır

Reuters yazır ki, əks-hücumu mürəkkəbləşdirən Ukraynanın hava qüvvəsinin olmamasıdır. Kiyev son altı ayda Qərbdən ona F-16 qırıcılarının verilməsini israrla rica edir.

Ukrayna əməliyyat təhlükəsizliyi üçün bütün cəbhə xəbərlərinə qadağan qoyub. Bu isə irəliləyiş və itkilərin həqiqi miqyası barədə təsəvvürün yaranmasına mane olur.

Putin iddia edib ki, Ukrayna qoşunları daha ağır itkilər verir.

Muzıkanın təxminlərinə görə Ukrayna ona verilmiş Bradley PDM-lərinin 15 faizini itirib, bir neçə Leopard tankı da sıradan çıxıb. Bunların bir hissəsinin təmirə qoyulduğu deyilir.

RUSI analitik mərkəzindən hərbi təhlilçi Cek Uotlinq deyib ki, əks-hücumun uğurlu və ya uğursuz olmasını demək hələ çox tezdir.

XS
SM
MD
LG