Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:50

'Xaos. Qışqırıq. Partlayış': Ukrayna qüvvələrinin ağır əks-hücum əməliyyatında, kiçik də olsa, önəmli irəliləyişi var


Ukrayna hərbçisi Donetsk vilayətinin Andreyevka kəndi üzərində öz ölkəsinin bayrağını qaldırır.
Ukrayna hərbçisi Donetsk vilayətinin Andreyevka kəndi üzərində öz ölkəsinin bayrağını qaldırır.

Ukraynanın şərqində, Baxmutun şimalında və cənubunda olan Rusiya birliklərini bir-birindən ayırmaq üçün aylarla sürən döyüşlərdən sonra Ukrayna qoşunları yaxınlıqdakı taktik önəmli Kleşeyevka kəndini ələ keçirə bilib. Kiyev rəsmiləri bu hadisənin hərbi uğurları daha çox artıracağını düşünürlər.

Ukrayna Milli Qvardiyasının tərkibindəki "Tsunami" alayının bir üzvü CurrentTime-a döyüşlərin çox ağır keçdiyini, ərazinin yerlə-yeksan edildiyini və ərazidə hələ də çox sayda sıradan çıxmış hərbi texnika və insan cəsədləri olduğunu deyib.

"Savaşla ilk dəfə üzləşəndən sonra onun nə demək olduğunu tezcə qavrayırsan", - yarım il öncə təzəcə formalaşan Milli Qvardiyaya yazılan və ona yalnız adıyla üz tutmağı istəyən keçmiş keşiş belə dedi və sözünü belə bitirdi: "Siz bir cür təsəvvür edirsiniz, gerçəkdəsə hər şey başqa cürdür. Döyüşlərdə gözəl heç nə yoxdur. Döyüşlər xaos, qışqırıq və partlayışlar deməkdir".

Ukrayna ordusunun komandirləri Baxmutun 9 kilometr cənubunda yerləşən Kleşeyevka və yaxınlıqdakı Andreyevka kəndlərinin azad edilməsini Baxmutun geri alınması sarıdan önəmli addım sayırlar. Şərq, cənub və cənub-şərq cəbhələrindəki bu kiçik uğurlar Ukrayna qoşunlarının Rusiya mövqelərinə daha çox yaxınlaşmasına və, deməli, daha dəqiq artilleriya zərbələri endirməsinə, Rusiya ordusunun təchizat baxımından asılı olduğu quru və dəmir yollarını kəsməsinə şərait yaradacaq.

"Asan deyildi"

"Asan deyildi. Bəzən atıb getmək istəyirdik. Ən pis şey əsgərlərimin yaralanmasını görmək idi. Biz davamlı geri çəkilməli, yenidən qruplaşmalı, yaralıları toplamalı, sonra yenidən hücuma hazırlaşmalı olurduq", - "Tsunami" alayının əsgəri Valeri Kleşeyevkanın azad edilməsindən danışarkən belə deyib.

"Prins" ayamalı əsgər "Current Time"a danışır
"Prins" ayamalı əsgər "Current Time"a danışır

Artıq Rusiya ordusu Kleşeyevkadan çəkilib və Ukrayna ordusu kənddə Ukrayna bayrağını qaldırıb.

"Bizim birliyimiz Sankt-Peterburqun çevik polis alayı ilə üzləşdi. Onlar 28 nəfərdirlər və səngərdəydilər. Onlara artilleriya zərbələri endirdik, ancaq onlar axıradək qalıb cavab atəşi açdılar. Axıra altı nəfər qalmışdı, onlar da geri çəkildi", - "Tsunami" alayının "Prins" ayamalı daha bir döyüşçüsü deyir.

Zaporojye bölgəsinin Rabotino və Verbovoye kəndləri civarlarında da irəliləyiş sürür.

Sentyabrın 21-də Ağ Evdə ABŞ Prezidenti Co Baydenlə görüşən Ukrayna Prezidenti Volodimir Zelenskiyə deyilib ki, Vaşinqton Ukraynaya ATACMS ballistik raketlərinin daha uzunmənzilli versiyasını verəcək. Ancaq onların sayı və nə zaman göndəriləcəyi barədə heç bir ayrıntılı bilgi açıqlanmayıb.

"Müharibə daha uzun çəkəcək"

ABŞ Birləşmiş Qərargah Rəislərinin rəhbəri general Mark Milli bu yaxınlarda Kiyevin həm uzunmüddətli, həm də qısamüddətli hərbi məqsədlərinə çatması ilə bağlı narahatlığını dilə gətirib.

"200 min nəfərlik, yaxud bundan da çox Rusiya qoşununun işğal edilən Ukrayna torpaqlarından çıxarılması xeyli zaman alacaq. Bu, uzun çəkəcək", - Millinin sözləridir.

NATO-nun Baş katibi Yens Stoltenberq də buna bənzər fikir söyləyib. O deyib ki, müharibənin daha uzun çəkəcəyi ehtimalı var:

"Əksər müharibələr başlayan zaman gözlənildiyindən daha uzun çəkir". Stoltenberq Almaniyanın "Funke" media qrupuna müsahibəsində belə deyib.

XS
SM
MD
LG