Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:35

Yeni Azərbaycan Partiyası ötən ili 10 milyon manatdan çox qazancla başa vurub


Prezident İlham Əliyevin tərəfdarları prezident seçkisində qələbəsini qeyd edirlər
Prezident İlham Əliyevin tərəfdarları prezident seçkisində qələbəsini qeyd edirlər

Uyğun qanunvericiliyə görə, hər il aprelin 1-dək Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına (MSK) maliyyə hesabatını təqdim etməlidir. İndiyədək maliyyə hesabatını açıqlayan siyasi partiyalardan biri də iqtidardakı Yeni Azərbaycan Partiyasıdır (YAP). Hakim partiyanın ötənilki gəliri 33 milyon manata yaxındır. 2022-ci ildə YAP 26.8 milyon manat gəlir əldə etmişdi. Deməli, ötən il hakim partiyanın gəlirləri təxminən 6 milyon manat və ya 23 faiz artıb. Bu ilin əvvəlinə YAP-ın aktivi sayılan torpaq, tikili və avadanlıqların dəyəri 25.5 milyon manatdır.

Yeni Azərbaycan Partiyasının gəlirlərindəki artım partiyanın üzvlük haqlarından əldə etdiyi gəlirin artmasından qaynaqlanır. Ötən il YAP 29.7 milyon manat üzvlük haqqı toplayıb. Bu, 2022-ci illə müqayisədə 7 milyon manata yaxın artım deməkdir. YAP-ın ən böyük ikinci gəlir mənbəyi dövlət dəstəyidir. Dövlət büdcəsindən siyasi partiyalara ayrılan vəsaitin təxminən yarısı – 2.4 milyon manatı parlamentdə ən çox deputatı olan iqtidar partiyasına ayrılıb.

YAP-ın rəsmi qəzetinin fəaliyyəti partiyaya ilboyu daha 519 min manat gəlir götürmək imkanı verib. Partiyanın rəsmi qəzetinin fəaliyyətindən qazandığı gəlir 2022-ci illə müqayisədə 50 faizdən çox artıb. YAP-ın gəlirləri yüksək olsa da, partiyaya ianələrin həcmi o qədər də yüksək deyil. Rəsmi saytda yerləşdirilən məlumatda partiyanın 730 min üzvü olduğu bildirilir. YAP-ın ilboyu əldə etdiyi ianə məbləği isə cəmi 650 manat olub.

Partiyanın gəlirləri 2021-ci illə müqayisədə iki dəfədən çox artıb. Bunun başlıca səbəbi 2022-ci ildə YAP-da üzvlük haqlarının artırılmasıdır. Maliyyə hesabatlarındakı rəqəmlərdən görünür ki, 2021-ci ildə YAP-ın illik gəlirləri 13 milyon manat olub. Son iki ildə partiyanın üzvlük haqları hesabına əldə etdiyi gəlir 18 milyon manat artıb. Hazırda partiyanın üzv sayının 730 min nəfər olduğu nəzərə alınsa, bu o deməkdir ki, 18 yaşından yuxarı təxminən hər 10 Azərbaycan vətəndaşından biri bu partiyaya üzvdür.

YAP üzvlük haqlarını necə toplayır?

YAP gəlirlərinin əsas hissəsi üzvlük haqlarıdır. Partiyanın hazırladığı qaydalara əsasən, YAP-a üzv olan muzdlu işçilərin, sahibkarlıq fəaliyyəti göstərənlərin, mülki-hüquqi xarakterli müqavilə ilə çalışanların və özünüməşğulluğun digər formaları ilə məşğul olanların üzvlük haqları fərqli qaydada hesablanır. Həmin qaydalara görə, YAP-a üzv olan maaşlı işçilər hər ay maaşlarının 1 faizini üzvlük haqqı formasında partiyaya köçürməlidirlər. Başqa sözlə, tutalım, 500 manat maaş alan YAP üzvü hər ay partiyaya 5 manat ödəniş edir.

Sahibkarlıq fəaliyyəti göstərən şəxslər üçün YAP-da üzvlük haqqı minimum əməkhaqqının (hazırda 345 manatdır) iki mislinin 1 faizinə bərabərdir. Başqa deyimlə, bu şəxslər hər ay partiyaya eyni miqdarda – 6 manat 90 qəpik ödəniş edirlər. Mülki-hüquqi xarakterli müqavilə ilə işləyənlərin və özünüməşğulluğun digər formaları ilə məşğul olanların üzvlük haqları isə minimum əməkhaqqının 1 faizi qədərdir - 3 manat 45 qəpikdir.

Qanunla yasaqlansa da, iqtidar partiyası üzv toplanmasında inzibati resurslardan ciddi şəkildə yararlanır. Məsələn, "Siyasi partiyalar haqqında" Qanunun 4.5-ci bəndində deyilir ki, "Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, dövlət orqanlarında (qurumlarında), yerli özünüidarəetmə orqanlarında, təhsil müəssisələrində siyasi partiyaların təsis edilməsi və fəaliyyəti qadağandır. Siyasi partiyalar haqqında qanunla yanaşı, "Təhsil haqqında" Qanunda da ayrıca qeyd edilib ki, "Təhsil müəssisəsində, təhsili idarəetmə və digər təhsil orqanlarında siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir". Di gəl, ali təhsil ocaqlarında, nazirliklərdə, "ASAN xidmət" mərkəzlərində və digər dövlət qurumlarında iqtidar partiyasının yerli təşkilatları fəaliyyət göstərir və bu qurumların inzibati binalarında partiyanın tədbirləri, görüşləri keçirilir.

İqtidar partiyası pulu hara xərcləyir?

Ötən il YAP-ın toplam xərcləri 22.7 milyon manat olub. 2022-ci illə müqayisədə YAP-ın xərcləri təxminən 7 milyon manat çoxalıb. YAP-ın maliyyə hesabatındakı rəqəmlərdən görünür ki, partiyanın əsas xərc maddəsi onun saxlanması ilə bağlıdır. Ötən il Yeni Azərbaycan Partiyasının saxlanmasına 18.4 milyon manat – partiyanın toplam xərclərinin 81 faizi sərf edilib. O da var ki, iqtidar partiyası hazırda bütün işçilərinə əməkhaqqı verən yeganə partiyadır. Hətta partiyanın vəzifəli şəxsləri xidməti avtomobil və sürücü ilə təmin edilir. 2022-ci illə müqayisədə YAP-ın saxlanmasına çəkilən xərclər təxminən 5 milyon manat artıb.

Yeni Azərbaycan Partiyasının ən böyük ikinci xərc maddəsi "sair xərclər"dir – 2 milyon 827 min manat. Maliyyə hesabatında "sair xərclər"in tərkibi ilə bağlı ətraflı məlumat təqdim edilməyib. Maliyyə hesabatında "Cari işlərə sərf olunan vəsait" başlığı ilə 1 milyon 128 min manatın xərcləndiyi göstərilib. Yekunda ötən il partiyanın gəlirləri xərclərini 10 milyon 169 min manat qabaqlayıb. YAP daha öncəki illərdə də maliyyə ilini mənfəətlə başa vurub. Partiyanın hesabatında göstərilir ki, YAP-ın bölüşdürülməmiş mənfəətinin həcmi 54 milyon manatdan çoxdur.

XS
SM
MD
LG