Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:37

MTN "Sepah" və “Hizbullah” yaraqlılarını tutduğunu bildirir


Arxiv foto
Arxiv foto
Milli Təhlükəsizlik Nazirliyi İranın xüsusi xidmət orqanı olan "Sepah"ın və “Hizbullah”ın Azərbaycanda yaratdığı terror dəstəsinin zərərsizləşdirdiyini bildirir.

Azərbaycan dövlət televiziyasının məlumatına görə, aralarında Livan vətəndaşı da olan dəstə üzvləri 2008-ci ildə İsrail dövlətinin 60 illiyi münasibətilə keçirilən tədbirlər zamanı terror törətməyə cəhd ediblər. MTN əməkdaşları tərəfindən yaxalaanan terrorçular məhkəmə hökmü ilə artıq 12 ildən 15 ilə qədər azadlıqdan məhrum olunublar. Hadisələr 4 il əvvəl baş versə də, MTN bu haqda məlumatı bu gün açıqlayır.

Qeyd edək ki, son bir neçə gün ərzində Azərbaycanda bir qrup şəxs saxlanılıb. Nardaran Ağsaqqallar Şurasının üzvü Kərbəlayi Natiq Kərimov APA-ya bildirib ki, Milli Təhlükəsizlik Nazirliyi və daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində tutulanların əksəriyyəti Nardaran sakinləridirlər Onlar ölkədə silahlı birləşmə yaratmaqda, qanunsuz silah saxlamqada, dövlətə xəyanət və narkotiklərin qanunsuz dövriyyəsində ittiham olunurlar.

N.Kərimov deyib ki, indiyədək belə saxlanılan 20 nəfərin adı onlara məlumdur: “Bu şəxslərin çoxu bizim qohumumuz və yaxın adamımızdır”.

N. Kərimovun bildirdiyinə görə, saxlanılanlar arasında qardaşı Niyazi Kərimov, “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədov, dini məqalələrlə çıxış edən Əbülfəz Bünyadov, “Fars” xəbər agentliyinin və İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri kimi təqdim olunan Anar Bayramlı, “Səhər” telekanalının sürücüsü Ramil Dadaşov, Azərbaycanda terror hazırlamaqda ittiham edilən və axtarışda olan Balaqardaş Dadaşovun bacısı oğlu Əli Məmmədov da var.

İran rəsmi Bakıya nota verərək, "Səhər" televiziyasının əməkdaşları kimi təqdim olunan şəxslərin dərhal azad olunmasını tələb edib. Bakının cavabı isə belədir ki, İran telekanalının ölkədə qeydə alınmış müxbirləri arasında həbs olunmuş şəxslərin adı yoxdur.

Son vaxtlar İranla Azərbaycan arasında gərginlik artıb. Tehran da Bakını İsrailin xüsusi xidmət orqanlarına İranın nüvə alimlərini öldümrəyə şərait yaratmaqda ittiham edib.

Yanvar ayında da Azərbaycanın hüquq mühafizə orqanları İranın xüsusi xidmət orqanlarına bağlı bir qrupu saxladığını bildirib. İttihama görə onlar İsrailin Bakıdakı təşkilatlarının rəhbərlərini öldürməyə cəhd edirlərmiş.
XS
SM
MD
LG