Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:29

Çovdarov: 'Prokurorluq oğlumdan rüşvət istəyib...'


Akif Çovdarov
Akif Çovdarov

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş Akif Çovdarovun vəkilləri onun ürəyinin “holter” aparatı vasitəsilə, üstəlik, özlərinin də güvəndikləri həkimlərin iştirakıyla müayinə olunmasını istəyirlər.

Onlar MTN generalı və onun tabeliyində işləmiş daha üç nəfərin – Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun fevralın 6-da keçirilən məhkəməsində bu haqda vəsatət qaldırıblar. Vəkillər deyiblər ki, bu aparat olmasa, Çovdarovun real durumunu müəyyənləşdirmək, onun məhkəmədə iştirakı haqda obyektiv rəy vermək mümkün olmayacaq.

Bakı Hərbi Məhkəməsinin hakimlərindən ibarət kollegiya vəsatəti təmin etməyib.

Buna da bax:​ General ekspertizadan narazıdır

Akif Çovdarov ötən məhkəmə iclasında qaldırdığı, Kürdəmirdə torpaq sahəsinin alınıb, orada balıqçılıq təsərrüfatı yaradılması ilə bağlı məsələnin bu işə qatılmaması üçün oğlu Ruslan Çovdarovdan müstəntiqin 100 min manat istəməsi məsələsinə yenidən qayıdıb. O deyib ki, əslində, sıravi əməkdaşlarla işi yoxdur, bu məsələdə də hədəfi həmin müstəntiq deyil, çünki müstəntiq Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi rəhbərliyindən, idarə rəisi Eldar Əhmədovdan xəbərsiz belə bir təklifdə buluna bilməzdi:

“O adamlar gəlib burada ifadə verəndə çox şeyi açıb danışacağam, onda bilinəcək ki, əsl rüşvətxor kimdir”.

Buna da bax: Akif Çovdarov: 'Döymədim, başa saldım ki, pulu qaytarsın'

Çovdarovun dostu da prokurorluqda pul verdiyini deyir

Ardınca Kürdəmirdə torpaq sahələrinin zorla alınması və “RAF-2006” MMC-nin qurulması, orada balıqçılıq təsərrüfatı yaradılması epizodu üzrə araşdırmalar davam edib. Adıçəkilən şirkətin sahibi generalın oğlu Ruslan Çovdarov olub.

Məhkəmədə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının torpaq məsələləri üzrə müavini işləmiş Əşrəf Şükürov dindirilib. O bildirib ki, 2006-cı ildə Ərşəli kəndində 100 hektar ərazi müvafiq bildirişdən sonra “RAF-2006” MMC-yə 99 illik icarəyə verilib.

Buna da bax:​ 'Çovdarovun Kürdəmir icra başçısına verdiyi sual'

Zərərçəkmiş - Ərşəli kəndində coğrafiya müəllimi çalışan Mətləb Rzayev həmin dövrdə kənd bələdiyyəsinin sədri olduğunu söyləyib. Onun sözlərinə görə, 2003-cü ildə 15 illik icarəyə götürdüyü, əkib-biçdiyi torpağı 2006-cı ildə əlindən alıb “RAF-2006” MMC-yə veriblər. Zərərçəkmişin sözlərinə görə, icra hakimiyyətinə çağıraraq ondan tələb ediblər ki, həmin ərazidən imtina eləsin. Dediyinə görə, imtina ərizəsi yazmayıb, amma əlində sənədi olan torpağı alıb, Çovdarovun oğlunun şirkətinə veriblər.

Bu məsələ ilə əlaqədar Akif Çovdarovun dostu Fəttah Seyidov da məhkəmədə dindirilib. O bildirib ki, Kürdəmirdə balıqçılıq təsərrüfatı yaradarkən, nə kiminsə torpağını zorla əlindən alıblar, nə də kiminsə yolunu kəsiblər.

Dostu da, Çovdarovun təkidi ilə, məhkəməyə bildirib ki, MTN işi üzrə istintaqda dindirilərkən, prokurorluqda ondan da pul alıblar. Amma Seyidov bu haqda geniş danışmaq istəməyib.

Buna da bax: 'Prokuror yanımda çıxarıb 10 min verdi...'

“Çovdarova 525 min dollar vermişəm”

“BakTel” MMC-nin rəhbəri Zaur İbrahimov da MTN generalının məhkəməsində zərərçəkmiş qismində dindirilib. O, Çovdarova 525 min dollar verdiyini söyləyib.

Zərərçəkmişin sözlərinə görə, MTN əməkdaşları şirkətə basqın edib, əməkdaşlardan birini aparıb və axşam buraxıblar. Həmin əməkdaş gəlib şirkət rəhbərinə MTN-ə getməli olduğunu bildirib. Zaur İbrahimov MTN-də onu Çovdarovun qəbul etdiyini, generalın ona işçilərindən birinin “AyTel” şirkətinə 550 min dollar borclu olduğunu dediyini bildirib. General həmin şirkətin əsl sahibinin nazir Eldar Mahmudov olduğunu və veriləsi pulun ona çatacağını da söyləyibmiş.

Buna da bax:​ General: 'Kişi kimi 3 maddə verin... razı olacağam'

Zaur İbrahimovun sözlərinə görə, həmin əməkdaş məhkəmə hökmüylə cəzalandırılsa da, Çovdarov deyib ki, pulu, şirkət rəhbəri kimi, Zaur İbrahimovun özü ödəməlidir. O da bir neçə gün ərzində tanışlarından 525 min dollar toplayıb, işçisi Rəsul Rəsulov vasitəsilə Akif Çovdarova göndərib.

Akif Çovdarov zərərçəkmişin yalan danışdığını, onunla görüşsə də, pul almadığını bildirib. Deyib ki, İbrahimovun müəyyən adamlarla problemləri vardı. Ona həmin problemləri qanuni yollarla həll etməyi tövsiyə edib.

Buna da bax:​ MTN-in daha üç generalı məhkəməyə çıxarıldı

Vaxtilə Çovdarovun tabeliyində işləmiş, hazırda isə təqaüddə olan Rəsul Rəsulov da məhkəmədə dindirilib. O, Zaur İbrahimovu qarşılayıb Çovdarovun kabinetinə qədər müşayiət etdiyini təsdiqləsə də, qalan məsələlərdən, o cümlədən həmin adamın niyə gəldiyindən xəbərsiz olduğunu bildirib.

Məhkəmə fevralın 8-də davam edəcək.

XS
SM
MD
LG