Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:48

İranda yeniyetmə ‘canamazı əlində’ öldürülüb


Zahedanda etirazlar
Zahedanda etirazlar

Mohəmməd Nayeb-Zehi sentyabrın 30-da İranın cənub-şərqində yerləşən Zahedan şəhərindəki Böyük Mosalla adlı dini məkanda toplaşan yüzlərlə dindardan biri idi. Dindarlar buraya cümə namazına yığışmışdılar.

Bundan cəmi bir saat sonra 16 yaşlı gəncin ailəsi onun ölüb xəbərini alıb.

Nayeb-Zehi Zahedanda polisin hökumət əleyhinə etirazçılara açdığı atəşdən ölənlərdən biridir. Zahedan Sistan-Bəluçistan əyalətinin paytaxtıdır. Bu əyalətin əhalisinin əsas hissəsini etnik bəluçlar təşkil edir.

"O, adi fəhlə idi, siyasətçi deyildi. Acımız böyükdür, bunu qəbul edə bilmirik”, – Nayeb-Zehinin qardaşı Əhməd AzadlıqRadiosunun “Radio Fərda” fars xidmətinə telefonla müsahibəsində deyib. O, qardaşının ürəyindən vurulduğunu söyləyib.

Zorlama xəbəri

Sistan-Bəluçistan əyalətində polis məmurunun 15 yaşlı bəluç qızı zorlaması xəbəri xalqın hökumətə qarşı qəzəbini daha da artırıb. Hadisə əyalətin cənubundakı Çabahar liman şəhərində baş verib.

İnsanlar Zahedanın mərkəzi məscidinin yaxınlığındakı polis məntəqəsinin qarşısına toplaşıblar. Etirazçılar arasında hökumət əleyhinə şüarlar səsləndirənlər və daş atanlar olub. Təhlükəsizlik qüvvələri buna vətəndaşlara atəş açmaqla cavab veriblər.

Təhlükəsizlik qüvvələri mərkəzi məscid və Böyük Mosalla ərazisində reyd keçirib, dindarlara atəş açıblar. Çoxları başından, ürəyindən, boynundan və gövdəsindən vurulub. Hüquq müdafiəçiləri bunu insanları öldürmək, yaxud ciddi xəsarət yetirmək üçün qəsdən edildiyini deyirlər.

“Qanlı cümə”

Hücum zamanı azı 94 nəfər öldürülüb, 350 nəfərsə yaralanıb. ABŞ-da yerləşən İran İnsan Haqlarını Sənədləşdirmə Mərkəzi həmin günün “Qanlı cümə” kimi tanındığını deyir. Ölənlər arasında 13 uşaq da olub. Nayeb-Zehi onlardan biridir.

Hökumətin hücumunun qurbanlarının çoxu bəluçlardır. Bəluçların əksəriyyəti sünnidir. Bu etnik qrup uzun zamandan bəri İran dövləti tərəfindən ayrıseçkiliyə məruz qalıb.

"O, Mosallanın içində canamazını əlində tutarkən şəhid edilib”, – Əhməd Nayeb-Zehi deyir.

16 yaşlı gəncin ailəsi onun cənazəsini autopsiya üçün morqa verməkdən imtina edib və onu 24 saat evdə saxlayıb.

Hökumətin ittihamı

Hökumət polis məntəqəsinə hücuma görə “Ceyş əl-Ədl” adlı sünni silahlı qrupu günahlandırıb. Ancaq yerli və xarici müstəqil mənbələr hökumətin bu iddiasını qəbul etməyiblər.

Bu qrup həm İran, həm də ABŞ tərəfindən terrorçu təşkilat kimi tanınır. “Ceyş əl-Ədl” daha öncə Sistan-Bəluçistanda İran təhlükəsizlik qüvvələrini hədəfə alan bir neçə qətlə görə məsuliyyəti öz üzərinə götürüb.

Hökumət “Qanlı cümədə” ölənlərin sayını xeyli azaldaraq təhlükəsizlik əməkdaşları ilə birlikdə cəmi 19 nəfərin öldüyünü bildirib.

“Helikopter insanlara atəş açırdı”

Əhməd Nayeb-Zehinin fikrincə, hökumət bunun “terrorçuların” işi olduğunu deməklə “insanların yarasına duz səpir”.

O, Böyük Mosallada hərbi helikopterin mülki şəxslərə atəş açdığının şahidi olduğunu deyir:

"Belə bir şeyi heç Hollivud filmlərində görməmişəm. Helikopter insanlara atəş açırdı. Bir qadın gözümün qabağında vuruldu”.

AzadlıqRadiosu onun verdiyi bu xəbəri dəqiqləşdirə bilməyib. Ancaq fəallar təhlükəsizlik qüvvələrinin helikopterlərdən etirazçılara atəş açdığını deyirlər.

Sünni ilahiyyatçının dedikləri

Qətllər İranın ən yoxsul əyalətlərindən biri olan Sistan-Bəluçistanda böyük qəzəb dalğasına səbəb olub. Bu hadisədən sonra Zahedabda hökumət əleyhinə etirazlar qeydə alınıb. Oktyabrın 14-ü və 21-də cümə namazından sonra küçəyə çıxan etirazçılar “Diktatora ölüm” şüarı səsləndiriblər.

Nüfuzlu sünni ilahiyyatçı Moləvi Abdolhamid İsmailzahi oktyabrın 21-də oxuduğu moizədə yüksək vəzifəli rəsmilərin, o cümlədən Ali dini lider Ayətullah Əli Xameneyinin 30 sentyabr qətllərinə görə “məsuliyyət daşıdığını” deyib.

"Biz yüksək vəzifəli rəsmilərin sükutuna təəccübləndik. Burada o qədər insan hər hansı səbəb olmadan öldürülüb”, – İsmailzahi öz saytına da yerləşdirilmiş moizədə deyir.

XS
SM
MD
LG