Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:48

Lavrov: Bu nə sülhməramlıların, nə də Azərbaycanın təqsirindən baş verib...


Sergey Lavrov
Sergey Lavrov

Moskvada Yerevanın xarici işlər nazirlərinin üçtərəfli görüşündən imtina etməsi barədə məlumatın diplomatik kanallarla çatdırılmamasından təəccübləniblər.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov dekabrın 23-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla danışıqlardan sonra keçirilən birgə mətbuat konfransında deyib.

Sözü gedən danışıqlarda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak etməliydi.

Lakin Ermənistan XİN-in sözçüsü dekabrın 22-də Yerevanın bu görüşdən imtina etdiyini bildirib.

Sergey Lavrov bundan təəccübləndiyini deyib:

"Elə biz də sizin kimi bu imtina barədə mətbuat xidmətinin məlumatından xəbər tutmuşuq. Belə hallarda istifadə olunan hər hansı diplomatik kanallardan isitfadə olunmayıb. Ermənistan tərəfinin bugünkü tədbirdə iştirakı barədə məlumatı bu şəkildə verməsi suallar doğurur”.

“Heç bir müqavilə dərhal icra olunmur”

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, dekabrın 23-də Lavrov Bayramov və Mirzoyanla həm də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı məsələləri müzakirə etməliydi:

"Heç bir müqavilə, heç bir razılaşma, xüsusən də neçə onilliklər davam etmiş münaqişənin, müharibənin nəticəsini əks etdirən razılaşma yüz faiz və dərhal icra olunmur. Həmişə atəşin dayandırılmasına, vəziyyətin stabilləşdirilməsi üçün praktik tədbirlərin yoluna qoyulmasına dair razılaşmanın hər bir tərəfi bu və ya digər şəkildə onun pozulmasına yol verir”.

Lavrov bildirib ki, belə pozuntularla sülhməramlılar məşğul olmalıdırlar. Rusiya naziri əlavə edib ki, istənilən münaqişədə insidentlər baş verir və hər belə insidentdən sonra tərəflərdən birinin razılaşdırılmış danışıqlar raundundan imtinası düzgün deyil.

"Mirzoyan görüşə gəlməməklə çox şey itirib"

Lavrov əmin olduğunu bildirib ki, Ararat Mirzoyan öz mövqeyini dünya ictimaiyyətinə çatdırmaq imkanı baxımından görüşə gəlməməklə çox şey itirib:

"Əgər bizim erməni həmkarımız, xarici işlər naziri Mirzoyan bu görüşdə iştirakını təsdiq etsəydi, razılaşmanı yerinə yetirsəydi onun belə bir imkanı olardı. Onda dünya birliyi də nəticələrini çıxarardı”.

Ermənistan XİN dekabrın 22-də bildirmişdi ki, Ermənistan 23 dekabr görüşündə iştirak etməməklə üçtərəfli bəyanatdan və ya Azərbaycanla münasibətlərin normallaşdırılması prosesindən imtina etmir.

Ermənistan XİN-in sözçüsü Vaan Unanyan bu barədə deyib ki, Ermənistan tərəfi Lavrov-Bayramov-Mirzoyan görüşünə iki həftə bundan əvvəl razılıq vermişdi və onda hələ Laçın dəhlizində böhran yaranmamışdı.

Unanyanın sözlərinə görə hazırda Ararat Mirzoyan üçün prioritet Laçın dəhlizinin deblokadasıdır.

Əgər sülhməramlılar lazım deyilsə...

Sergey Lavrov bildirib ki, Rusiya Azərbaycan və Ermənistan arasında möhkəm və ədalətli sülhdə ən maraqlı olan ölkədir.

Bayramovla birgə keçirdiyi mətbuat konfransında Lavrov vurğulayıb ki, əgər Bakı və Yerevan Rusiya sülhməramlılarından imtina etmək istəyirlərsə bunu da müzakirə etmək olar:

"Əgər Bakı və Yerevan Rusiya sülhməramlılarının xidmətindən imtina etmək istəyirlərsə, danışıqlar masasına oturub başqa variantlar barədə düşünmək olar. Biz əlbəttə, hazırda ən çox maraq doğuran məsələyə - Laçın dəhlizindəki vəziyyət məsələsinə də baxmışıq. Biz razılaşmışıq ki, Rusiya sülhməramlıları vəziyyətin tənzimlənməsi üçün müvafiq tərəflərlə az qala saatbasaat işləyirlər”.

Ermənistanda daha bir ordu generalı həbs edildi
Gözlə

No media source currently available

0:00 0:03:14 0:00

Bu məsələni sülh müqaviləsi ilə birdəfəlik həll etmək

Rusiyanın TASS dövlət xəbər agentliyi yazır ki, Sergey Lavrov Qarabağdakı faydalı qazıntı yataqları və bununla bağlı yaranmış qarşıdurmadan da danışıb.

O deyib ki, yataqlara baxış barədə razılaşmanı nə sülhməramlılar, nə də Azərbaycan tərəfi pozub:

“Ceyhun Əzizoviçin dediyi kimi, bir-iki həftə, on gün bundan əvvəl Rusiya sülhməramlılarının vasitəçilik səyləri nəticəsində bir qrup ekoloqun Qarabağ ərazisindəki yataqlardan birinə səfəri barədə razılaşma əldə olunmuşdu...Çox təəssüf ki, bu razılaşma nə Azərbaycan tərəfinin, nə də rusiyalı sülhməramlıların təqsiri olmadan pozulub. Bizə deyilib ki, “Qarabağ rəhbərliyi hazırkı vaxtda belə bir nümayəndə heyətinin region ərazisinə səfərinə razılıq vermək istəmir”. Mən bilmirəm bunu kim edib? Ceyhun Əzizoviç cənab Vardanyanın adını çəkir”.

Lavrov qeyd edib ki, Qarabağ problemi Sovet İttifaqının dağılmasından miras qalıb:

“Hazırda söhbəti gedən o yataqlar da sovet vaxtlarından işlənir. Başqa sözlərlə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibində olanda, burada, görünür indi biznesmenlərə çevrilmiş müəssisələr işləyib. Belə başa düşürəm ki, həmin biznesmenlər hələ də ordadırlar. Yəni bu miras qalmış problemin bir hissəsidir. Bu problemi, əlbəttə, sülh müqaviləsi imzalamaqla birdəfəlik həll etmək və bu hüquqi məsələyə böyük bir nöqtə qoymaq olar”.

Sergey Lavrov ümid etdiyini bildirib ki, çox tezliklə Azərbaycan, Ermənistan və Rusiya baş nazirləri müavinlərinin başçılığı altında üçtərəfli işçi qruplar konkret razılaşmalara əməl olunması işinə başlayacaqlar.

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər sülh sazişi imzalamayıb, sərhədlər demarkasiya olunmayıb.

XS
SM
MD
LG