Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:34

'Kapitalbank'ın sabiq filial müdiri: 'Zəng elədi ki, 'Mövlam müəllim general rütbəsi alıb, hədiyyə gətir''


Hüseyn Səfərov
Hüseyn Səfərov

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyev həbsdə olsa da, vaxtilə onun tabeliyində çalışmış, hazırda isə birlikdə mühakimə olunan üç nəfər azadlıqdadır. Bunlar İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisi vəzifəsində çalışmış Vüsal ƏləkbərovSahib Ələkbərovdur.

Sabiq MTN-çilərin işi üzrə zərərçəkən qismində tanınan şəxslər tələb edir ki, adıçəkilən üç nəfər də həbs olunsun. Noyabrın 16-da zərərçəkmişlərdən Hüseyn Səfərov məhkəmədə bu barədə vəsatət qaldırıb.

Keçmiş MTN vəzifəlilərinin məhkəməsinə yenə jurnalistləri buraxmayıblar. Ona görə media nümayəndələri Bakı Hərbi Məhkəməsinin qarşısında etiraz aksiyası keçiriblər. "MTN-çilərin açıq məhkəməsini qapalı bazara çevirməyin!", "Mövlam Şıxəliyev və komandasının məhkəməsini ictimaiyyətdən gizlətməyin!" kimi şüarlar yazılmış plakatlar qaldırıblar. Vaxtilə MTN əməkdaşları tərəfindən qanunsuz həbs olunduqlarını, hədə-qorxu ilə pullarının, əmlaklarının əllərindən alındığını deyən zərərçəkmişlər də jurnalistlərin məhkəməyə buraxılmamasına etiraz ediblər.

Zərərçəkənlərə təzyiq göstərir

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, zərərçəkmiş Səfərov məhkəmədə təqsirləndirilən şəxslərin hamısının həbs olunması haqda vəsatətini əsaslandırarkən deyib ki, onlar zərərçəkənlərə təzyiq göstərir: "Vüsal Ələkbərov məhkəmənin qarşısında mənə hədə-qorxu gəlir ki, şikayətimi geri götürməsəm, mənim üçün pis olacaq. Xahiş edirəm, onlar həbs olunsun, bizə qarşı zorakılığın, təzyiqlərin qarşısı alınsın".

Səfərov dindirmə zamanı deyib ki, 67 gün MTN-də uydurma cinayət işi üzrə təqsirləndirilərək girov saxlanıb. Onun sözlərinə görə, 3 milyon dollar pul tələb olunub: "Mən günlərlə müstəntiqlərin kabinetində oturub, qohum-qardaşımın cinayətkar dəstənin məndən tələb etdiyi 3 milyon dolları toplamasını gözləmişəm. O günlərdə Mövlam Şıxəliyev dəfələrlə məni kabinetinə çağırtdırıb pul tələb edirdi. Deyirdi ki, nazirin göstərişidir, pulu düzəldin, buraxaq. Ona görə bu gün qəfəsdə Şıxəliyevin yanında Eldar Mahmudov da əyləşməlidir".

Zərərçəkmişin sözlərinə görə, son nəticədə MTN-də 2 milyon dollara razılaşıblar. Amma qohum-əqrəba cəmi 1 milyon 650 min dollar düzəldə bilib. O pulu da oğlu Rüstəm Səfərov gətirib MTN-in binası yaxınlığında Vüsal Ələkbərova verib. Bundan bir neçə gün sonra onu həbsdən azad ediblər.

Sübutlar, telefon danışıqları

Səfərov o dövrdə "Kapitalbank"ın "Tərəqqi" filialının müdiri idi. O deyir ki, oğlunun Ələkbərova pul verməsini təsdiqləyən sübutlar, o cümlədən telefon danışıqları da var.

"Pul alınandan sonra məni azad etmək üçün MTN-ə həkim briqadası gətirdilər. Həkimlərdən rəy alındı ki, ağır xəstəyəm. Bu əsasla da barəmdə həbs-qətimkan tədbiri dəyişdirildi. Həbsdən buraxılandan dörd ay sonra qalan 350 min dolları da düzəldib verdim. Bir gün də Vüsal Ələkbərov zəng elədi ki, "Mövlam müəllim general rütbəsi alıb, ona hədiyyə gətir". Mənə hərəsi 6 min 500 manat olan iki "Vertu" telefonu aldırdı", – Səfərovun sözləridir.

Lakin təqsirləndirilən sabiq MTN-çilər zərərçəkmişdən pul alınması barədə iddiaları rədd edib, onun ifadəsində söylədiklərinin həqiqətəuyğun olmadığını bildiriblər.

General Şıxəliyevin vəkili Ceyhun Yusifov AzadlıqRadiosunun məhkəmənin rəsmən açıq, faktiki isə qapalı keçirilməsiylə bağlı sualına belə cavab verib: "Vəkilin məhkəmənin işinə müdaxilə etmək səlahiyyəti yoxdur. Ona görə bu barədə heç nə deyə bilmərəm".

Sabiq MTN-çilərin məhkəməsi noyabrın 23-də davam edəcək. Həmin gün təqsirləndirilən şəxslərin həbs olunması haqda vəsatətlə bağlı qərar da elan olunacaq.

Xatırlatma

General Mövlam Şıxəliyev 2021-ci ilin aprelində həbs olunub. Sabiq MTN-çilər haqqında cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən və hədə-qorxu ilə başqalarının 5 milyon 77 min manatlıq pulunu, əmlakını ələ keçirməkdən bəhs olunur.

Hələ 2015-ci ilin oktyabrında MTN-də nazir Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılması, 20-dən artıq vəzifəli şəxsin, o cümlədən generalların həbsi ilə nəticələnən əməliyyatdan sonra aparılan istintaqda Şıxəliyev və digərlərinin adları hallanırdı. Onlardan Şıxəliyev və Məmmədov şahid qismində də dindirilmişdilər. Vüsal Ələkbərov isə hədə-qorxu ilə tələb etmə, rüşvət alma və başqa əməllərdə suçlanaraq Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum edilmişdi. Sonradan apellyasiya məhkəməsi onun cəzasını 5 ilə endirdi. O, bir müddət həbsdə saxlandıqdan sonra şərti azadlığa buraxıldı.

Sabiq MTN-çilərə CM-in 182 (hədə-qorxu ilə tələb etmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvət alma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham verilib. Bu maddələrdə 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Təqsirləndirilən Yasin Məmmədov uzun illər MSK-nın katibi, daha sonra sədr müavini işləmiş Natiq Məmmədovun qardaşıdır.

Zərərçəkmişlər arasında "Texnikabank"ın keçmiş sahibi, "Muğanbank"ın filial müdiri, bir sıra sahibkarlar da var.

2015-ci ilin oktyabrında MTN-də baş verənlərdən sonra bu qurum ləğv edilib və onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) yaradılıb.

XS
SM
MD
LG